Tibb elmimizin korifeyi AMEA-da anıldı

post-img

Mustafa Topçubaşov – 130

AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və cərrah, ictimai-siyasi xadim, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Mustafa Topçubaşovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

AMEA Rəyasət Heyətinin binasında keçirilən yubiley mərasimindən əvvəl akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə tədbirlər həyata keçirdiyini söyləyib. Natiq AMEA tərəfindən akademik Mustafa Topçubaşovun biblioqrafiyasının yenidən nəşr edildiyini diqqətə çatdırıb.

Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyəti haqqında danışan İsa Həbibbəyli, onun ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Sonra Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Səhiyyə naziri Teymur Musayev şöhrətli təbibin tibb elminə gətirdiyi yeniliklər və ölkə səhiyyəsinə göstərdiyi çoxillik xidmətlər barədə ətraflı məlumat verib, onun zəngin irsinin və əziz xatirəsinin ölkəmizin ictimaiyyəti tərəfindən daim hörmət və minnətdarlıqla yad edildiyini bildirib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və ATU-nun akademik M.Topçubaşov adına III cərrahi xəstəliklər kafedrasının doktorantı Hilalə Abbasova akademik Mustafa Topçubaşovun Azərbaycan tibb elminə, səhiyyəsinə, yüksəkixtisaslı kadr hazırlığı işinə verdiyi töhfələrdən danışıblar.

Sonda Topçubaşovlar ailəsi adından oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Qabil ƏLİYEV
XQ

Mədəniyyət