Nəsrimizin “güney yeri”...

post-img

Fazil Güney – 80

Yazıçı-publisist, Əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Güney Azərbaycanın tanınmış qələm sahiblərindəndir. Ömrünün 80-ci onilliyində də maraqlı bədii və araşdırma yazıları ilə gündəmdən düşməyib. Onun Qarabağ münaqişəsindən bəhs edən “Qara qan” tarixi roman-trilogiyasının yenilənmiş 5-ci nəşri ədəbi aləmdə hadisəyə çevrilib.

Fazil Abbasov (Güney) Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi olduğu illərdə milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb.

...Ötən əsrin sonlarında baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq yönümünü daha çox ictimai-siyasi mövzulara, təhlili jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılan “Assa-İradə” adlı ilk Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb. İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Jurnalistlər Assosiasiyasının sədri kimi də imkanlarından istifadə edərək, Azərbaycanın haqq işinin dəstəkçilərinin sayı və sanbalının artmasına çalışıb. Beynəlxalq toplantılar, konfranslar keçirib, haqq işimizin müdafiəsi üçün bəyanatlar imzalanmasına, xarici həmkarlarının Qarabağ haqqında dəyərli kitablar yazıb yaymasına vəsilə olub. O, eyni zamanda, ədəbi fəaliyyətini davam etdirib və milli-mənəvi dəyərlər baxımından çox qiymətli bir əsər olan “Qara qan” trilogiyasını 30 ilə ərsəyə gətirib. Bu roman ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli bədii yaradıcılıq nümunəsi kimi xarakterizə edilir.

Məhsuldar çalışan şərqşünas-diplomat Fazil Güneyin özünəməxsus yaradıcılıq yolu, fərdi üslubu var. “Ulduz sövdəsi” pamfletlər toplusunun, “Qara qan” romanının, müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələrin toplandığı “Yalanın gerçəkliyi” kitabının müəllifi kimi şöhrət qazanıb. “Yalanın gerçəkliyi” ABŞ-da ingilis dilində nəşr edilib. Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış “Yalanın gerçəyi” povestində, “Amazon”, “Cənnəti də pulla almaq istədi”, “Nostalji” hekayələrində yazıçı qəhrəmanlarının iç dünyasını açmaq üçün düşündürücü satiradan, “Qloballaşma dərsi”, “Artıq kişi necə hayıf aldı” və digər hekayələrində islahedici yumordan məharətlə istifadə edib. Əbəs yerə mərhum professor Nizaməddin Şəmsizadə Fazil Güneyi Azərbaycan gülüş mədəniyyətini qoruyub saxlayan və onu silah kimi işlətməyi bacaran yazıçı kimi dəyərləndirməyib.

Mətbuat Şurasının sədri, şair-publisist Rəşad Məcidin təbirincə desək, “ərəbun məğribini də, məşriqini də bilən” Fazil Güneyin bir alim kimi də maraqlı araşdırmaları var. Onun “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası mütəxəssislər tərəfindən bəyənilib və bu mövzuda yazan müəlliflər üçün istinad mənbəyinə çevrilib.

Yazıçının Qarabağ münaqişəsinin ilk günlərindən qələmə aldığı, uzunmüddətli yaradıcılıq axtarışlarının yekunu olan, ana torpağa məhəbbət və yurd təəssübkeşliyi ruhunda yazılan 1076 səhifəlik, bədii-fəlsəfi siqlətli epopeyanı – “Qara qan” əsərini ədəbiyyatşünaslar yetərincə təhlil edib, layiqincə dəyərləndiriblər. Fəlsəfə elməri doktoru, professor Rafiq Əliyev yazıb ki, “qara” sözünün əsərdə göstərildiyi kimi, türkcə “böyük, torpaq və rəng” mənaları var. “Vətən müharibəsində tarixi qələbədən sonra bu sözün 1-ci mənası öz yerini alır – qüdrətli xalqa böyük Qələbə, güclü siyasi lider çox yaraşır!”.

Hələ 3 il əvvəl Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimatda tanınmış türkoloq, Əməkdar elm xadimi, professor Tofiq Məlikli “Qara qan”ı fundamental bir nəşr nümunəsi kimi dəyərləndirib və bu nəşrin Qarabağ həqiqətlərinin əhatəli, doğru-düzgün mənzərəsini yaradan, tarixi faciəni bu gün və gələcək üçün salnamələşdirən misilsiz bir mənbə, “Qara qan”la yazılmış çağdaş Qarabağnamə olduğunu söyləyib. Sənədli epopeyanın düşmən qüvvələrlə mübarizədə mənəvi bir silah gücündə olduğu vurğulanıb. Əsərin qəhrəmanlarından biri olan Əməkdar həkim Nadir İsmayılov bədii yaradıcılığın bəsitləşdiyi, kitablara marağın azaldığı bir dövrdə “Qara qan” romanının ədəbi aləmdə ciddi və maraqlı bir nəşr kimi qarşılandığını diqqətə çatdırıb.

Qarabağ münaqişəsinin əhatəli bədii-sənədli xronikası olan roman-epopeyada döyüş səhnələri canlı və inandırıcı boyalarla qələmə alınıb. Burada insan taleləri ön plana çəkilib və ayrı-ayrı millətlərin nümayəndələrinin mənəvi aləmi də peşəkarlıqla əks olunub. Əsər sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş və dərin mənzərəsini əks etdirir. Bakıdan ata yurduna gəlib əsir düşmüş gənc jurnalist qız Aysunun sonra, 2016-cı ilin məlum Aprel döyüşlərinin təsiri ilə yazdığı sözlər, sanki əsərin qayəsini və qəhrəmanın inamını dəqiq ifadə edir: “20 ildən artıqdı Azərbaycan xalqı, bütün türk dünyası gözləyirdi bu xəbəri. Amma hər an qulaqları səksəkədə olan, etnik təmizlənməyə uğramış Qarabağ qaçqın-köçkünləri hamıdan çox intizarındaydı bu günün… Qocalar min-min illərdir əcdadlarının uyuduqları torpaqlarda basdırılmaq, ruhlarını tapşırmaq üçün Allaha dua edirdilər. Orta yaşlılar gənclik çağlarında ata yurdunda qoyub çıxdıqları yarımçıq həyatlarını davam etmək istəyirdilər…

2016-cı il aprelin 4 günü qızıl hərflərlə yazıldı bu xalqın müharibələr salnaməsinə. Həmin 4 gün qurtardı bu milləti töhmətdən”. Və bu sözləri yazarkən Aysu göz yaşlarını saxlaya bilmədi...

Toğrulun Hadruta Aysunu xilas etməyə getməsi ilə bağlı təfsilat da son dərəcə təsirlidir. Epopeyanın 3-cü kitabında əsirlik əzablarından əsəbləri korlanmış Aysunun əkiz övladları ilə Bakıya dönməsindən, Azərbaycanın öz torpaqlarına və tarixinə sahib çıxmasından, ölkəmizin böyük iqtisadi, siyasi və diplomatik nüfuz qazanmasından, nəhayət, tarixi qələbəmizdən inadla və inamla, cəlbedici lirik-romantik üslubda söhbət açılır.

Roman insanların haqsız olaraq zülm və işgəncələrə məruz qalması, doğma yurdunu, ev-eşiyini itirməsi fonunda müharibənin doğurduğu mühiti, əsirlik əzabı çəkən insanların düşüncə tərzini, zülmə mərdliklə sinə gərdiklərini, habelə erməni faşizminin insanlığa təhlükə olduğunu açıq-aydın göstərir. Əsərdə hayların Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi və siyasi gerçəkliklər inandırıcı boyalarla təqdim olunur. Yazıçının mənsub olduğu ulu soyun övladlarını başımıza gətirilənlərdən xəbərdar etməkdən ötrü hərbi-siyasi, tarixi və məhəbbət süjeti üstündə qurulmuş romanı çox maraqlı, oxunaqlı və bitkin təəssürat yaradır.

Fazil Güney milli ruhumuzu diri saxlayan “Qara qan”a yazdığı “Müəllifdən” adlı müxtəsər ön sözdə 30 illik arzularının gerçəkləşdiyini gördüyünü qeyd edir: “Romanın belə uzun sürədə yazılması məndən asılı deyildi, buna səbəb Qarabağ müharibəsinin uzadılması oldu. Düşmən və arxasında duranlar zaman keçdikcə Azərbaycanın bu itki ilə barışmaq zorunda qalacağını düşünürdülər. Amma çox yanılırdılar. Tarixdən öncəki tarixi, ilk mədəniyyəti, ilk yazını yaratmış, çox “ilk”lərə imza atmış əcdadları olan bir xalq üçün Qarabağın ölüm və ya olum məsələsi olduğunu anlamırdılar... Şanlı Azərbaycan Ordusu yenilməz sərkərdə İlham Əliyevin başçılığı ilə Qarabağı mənfur, insanlıqdan uzaq yağılardan təmizlədi. Bununla da xalqımızın qəhrəmanlıq salnaməsi “Qara qan”ın son cümləsinin nöqtəsi qoyuldu”.

Biz isə düşünürük ki, dünyaya səs salmış 44 günlük qəhrəmanlıq, mərdanəlik, Zəfər yürüşümüzü və nəticələrini bədii ədəbiyyatda pafosa, eyforiyaya uymadan, gerçək lövhələrlə əks etdirəcək yeni, sanballı əsərlər yazılmalıdır. Bildiyimiz qədərincə, Fazil Güney artıq növbəti əsərini – “Qızıl qan” adlı romanını yazmağa başlayıb. İnanırıq ki, bu da Qələbəmizin epik panoramına dair layiqli əsər olacaq. Çünki müəllifin 60 illik yetkin bədii təcrübəsi və güclü müşahidə qabiliyyətinin olması şəksizdir.

Artıq yazıçının bu yöndə yeni ədəbi çalışmalarının müəyyən işartıları da görünür. Məsələn, Vətən müharibəsində möhtəşəm Zəfərdən sonra Fazil Güney “Mif dağılır” adlı bir hekayəsini yazıb. Aşağıda sitat gətirdiyimiz sonluq parçasından da görünür ki, beynəlxalq miqyasda Azərbaycanın haqq işinin qalibiyyətini müəllif konkret müşahidələri əsasında necə ustalıqla qələmə alıb: “44 gün davam edən müharibə ermənilərin təslim olması ilə durdurulduqdan sonra Mişel Beyrutun küçələrində, dükan-bazarında erməni məhlələrində başqa mənzərə gördü. Adətən dik gəzən, adamlara yuxarıdan baxan hay-ərmənlərin boynu bükülmüş, belləri əyilmişdi, üzlərindəki yekəxanalıq ifadəsini hamıya irişən əsl erməni sifəti – qorxaqlıq, yaltaqlıq əvəz eləmişdi. Qardaşı Qarabağda öldürülmüş Aşotu küçədə görən Mişel onu güclə tanıdı. Çəliklə axsaya-axsaya yeriyirdi, arıqlamış, gözləri çuxura düşmüşdü. Sifətində əvvəlki təkəbbürdən əsər-əlamət qalmamışdı... Qos-qoca Livan görürdü: ermənilərin özlərini aldadaraq uydurub yaratdıqları mif necə dağılır...”.

...Ömrünün 80-ci “zirvə”sinə çatmış Fazil Güneyin roman, povest və hekayələrini Azərbaycan nəsrinin “güney yeri” adlandırmaq olar. Dağın güneyinin işığı, hərarəti hər kəsi cəlb etdiyi kimi, Fazil Güneyin əsərləri də oxucunu özünə çəkərək, ayrı bir zövq vəd eləyir. Oxuyub qurtardıqdan sonra uzun müddət həmin yazıların təsir dairəsindən çıxmaq olmur.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət