AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib

post-img

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan “İdeyadan nəticəyə: Gender bərabərliyi ilə STEM-in yeni üfüqləri” mövzusunda konfrans keçirilib.

AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə baş tutan tədbir videoçarxın nümayişi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən bütün dünyada, o cümlədən Azərbaycanda geniş şəkildə qeyd olunduğunu və bu çərçivədə elmdə gender bərabərliyi mövzusunun mühüm prioritet kimi gündəmdə saxlanıldığını vurğulayıb.

Akademik İradə Hüseynova bildirib ki, UNESCO tərəfindən 2026-cı il üçün müəyyən edilən “Vizyondan real təsirə: Gender bərabərliyi ilə STEM-in yeni üfüqləri” mövzusu qadınların elm və texnologiya sahələrində ideyalardan real nəticələrə keçidini təşviq edir. Bu yanaşma qızların erkən yaşlardan STEM təhsilinə çıxışının genişləndirilməsini, stereotiplərin aradan qaldırılmasını, qadın alimlərin liderlik mövqelərində təmsilçiliyinin artırılmasını əsas məqsəd kimi qarşıya qoyur.

AMEA-nın vitse-prezidenti çıxışında Azərbaycanın zəngin elmi və mədəni ənənələrə malik olduğunu, tarixən qadınların elmin inkişafında fəal rol oynadıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, hələ 1919-cu ildə Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlətlərdən biri olub və bu addım qadınların ictimai, siyasi və elmi həyatda iştirakının əsasını qoyub.

Onun sözlərinə görə, bu siyasət Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə daha da möhkəmləndirilib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ulu Öndər qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıb, onların hərtərəfli fəaliyyəti üçün geniş imkanlar yaradıb. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

Ölkəmizdə həyata keçirilən dövlət proqramları və qəbul edilən hüquqi sənədlərin gender bərabərliyinin təmin olunmasına mühüm töhfə verdiyini söyləyən akademik İradə Hüseynova 2006-cı ildə qəbul edilmiş “Gender bərabərliyinin təminatları haqqında” Qanun və 2026-2028-ci illər üçün təsdiqlənmiş Milli Fəaliyyət Planının qadınların elm və texnologiya sahəsində iştirakının artırılması üçün mühüm institusional baza yaratdığını diqqətə çatdırıb.

“Hazırda Azərbaycan elmində baş verən sistemli transformasiya proseslərində gender balansı mühüm göstəricilərdən biri kimi çıxış edir”, – deyə bildirən alim bu istiqamətdə statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, ölkədə elmi tədqiqatçıların təxminən 58 faizini qadınlar təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir. Vitse-prezident əlavə edib ki, STEM sahələri üzrə təhsil alan qadınların payının artması, eləcə də qadın alimlərin rəhbər vəzifələrdə təmsil olunması gələcək innovasiya və texnoloji inkişafın daha inklüziv xarakter alacağını göstərir.

Akademik İradə Hüseynova bildirib ki, ölkəmizdə süni intellekt, böyük verilənlər, kibertəhlükəsizlik və biotexnologiya kimi sahələrdə qadın alimlərin iştirakını artırmaq üçün mentorluq proqramları və qrant mexanizmləri genişləndirilir. Avropa İttifaqının “Horizon” proqramı və digər beynəlxalq təşəbbüslər çərçivəsində müştərək tədqiqatların aparılması və kadr hazırlığının həyata keçirilməsi də əsas prioritetlərdəndir.

Vitse-prezident çıxışının sonunda gender bərabərliyinə əsaslanan innovativ və inklüziv elmi mühitin formalaşdırılmasının ölkəmizin, regionun və bütövlükdə dünyanın daha dayanıqlı və ədalətli gələcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olduğunu söyləyib. 

O, Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini bildirib, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili hər zaman Ümummilli Lider Heydər Əliyev tərəfindən diqqət mərkəzində saxlanılıb. Dahi rəhbərin hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmizdə qadın problemlərinə böyük diqqət yetirilib, qadınlar bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkilib, yüksək vəzifələrə təyin edilib, xüsusən elm və təhsil sistemində onların layiqli iştirakına dəstək göstərilib. O, həmçinin Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını diqqətə çatdırıb.

“Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir”, - deyən akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. 

Akademik Gövhər Baxşəliyeva çıxışında elm və təhsil sahəsində mühüm uğurlar qazanan qadınların cəmiyyətin ictimai həyatında artan rolundan, ölkənin inkişafına verdikləri töhfələrdən bəhs edib. O, tarixə ekskurs edərək elm sahəsində bir sıra yeniliklərin müəllifi olmuş, öz məktəbini yaratmış görkəmli qadın alimlərimiz haqqında məlumat verib.

“Zəkası, gərgin əməyi, fitri istedadı və müdrikliyi ilə seçilən Aida İmanquliyeva, Zərifə Əliyeva, Rəfiqə Əliyeva, İzzət Orucova kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıblar”, - deyən akademik Gövhər Baxşəliyeva Azərbaycan qadınlarının cəmiyyətdə böyük nüfuza malik olduqlarını əməllərilə təsdiqlədiyini bildirib.

Daha sonra AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün qeyd olunmasının əhəmiyyətinə diqqət çəkib.

Professor Rəna Mirzəzadə vurğulayıb ki, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra qadınların ictimai-siyasi həyata qovuşması, onların dövlət idarəçiliyində geniş təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət-qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirərək ölkəmizdə qadınların fəaliyyətinə göstərilən dəstək və qayğıdan danışıb.

Azərbaycan qadınlarının tarixdə mühüm yer tutduqlarını, səmərəli rol oynadıqlarını söyləyən professor Rəna Mirzəzadə ölkə tarixində ilk qadın dövlət başçısının Yelena Stasova olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 1920-ci ilin 9-15 sentyabr tarixləri arasında, cəmi 6 gün müddətində Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri kimi fəaliyyət göstərən Yelena Stasova Azərbaycan SSR-in dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk qadındır.

Şura sədri ölkəmizdə rəhbər vəzifələr tutan qadınların sayının az olmadığını bildirərək, AMEA-da da qadınların elmi idarəçilik sahəsində kifayət qədər fəal olduqlarını vurğulayıb. Elm sahəsində təmsil olunan qadınların statistik göstəricilərini təqdim edən professor Rəna Mirzəzadə hazırda AMEA-da 1977 qadın əməkdaşın fəaliyyət göstərdiyini söyləyib, onlardan 385-nin elmlər doktoru, 269-nun isə fəlsəfə doktoru olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin AMEA-nın Qadınlar Şurası sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Texnoloji innovasiyaların gender bərabərliyinə təsiri”, AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud “AMEA-da çalışan kişi və qadın alimlərin statistik göstəriciləri”, ETN Riyaziyyat İnstitutunun laboratoriya müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Gülçin Abdullayeva “Süni intellektin surətlərin tanınmasında tətbiqi” və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova “Rəqəmsal platformaların biologiya elmində tətbiqi” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxış edənlər elm və texnologiyanın sürətli inkişafı fonunda gender bərabərliyinin təmin olunmasının vacibliyini vurğulayıb, süni intellekt və rəqəmsal platformalar kimi innovativ yanaşmaların həm elmi tədqiqatların səmərəliliyinin artırılmasında, həm də qadınların STEM sahələrində imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.

Elm