Mahirə Hüseynova – 65
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dilçi alim və tanınmış şairə, bu ali məktəbin prorektoru, professor Mahirə Hüseynovanın anadan olmasının 65 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirildi.
Milli Məclis deputatlarının, Elm və Təhsil Nazirliyinin, AMEA-nın, Qərbi Azərbaycan İcmasının təmsilçilərinin, ali məktəbin professor-müəllim heyətinin və digər qonaqların iştirak etdiyi ədəbi-bədii məclisdə yubilyarın mənalı ömür yoluna və zəngin elmi-ədəbi yaradıcılığına, geniş ictimai fəaliyyətinə əhatəli nəzər salındı.
Mərasimi giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Mahirə Hüseynovanın pedaqoji, elmi və ictimai fəaliyyətindən danışdı, onun həyat və yaradıcılıq yolunun Pedaqoji Universitetlə sıx bağlı olduğunu söylədi. O, qeyd edib ki, yubilyar xanımın bioqrafiyası təhsil aldığı ali məktəbdə müəllimlikdən, kafedra müdirliyindən dekanlığa və elmi işlər üzrə prorektorluğa qədər davamlı yüksəlişlə, çoxsaylı elmi-bədii əsər müəllifliyi ilə zənginləşib. ADPU-nun zəkalı, istedadlı və təşəbbüskar yetirməsi doğma ali məktəbin sonrakı yüksəlişinə layiqli töhfələr verib.
Professor Mahirə Heseynovanın Azərbaycan ali təhsilinin inkişafına, milli elmin və mədəniyyətin təbliğinə, beynəlxalq elmi-pedaqoji əməkdaşlığa səmərəli xidmətini bu gün də yorulmadan davam etdirdiyini söyləyən rektor yubilyarı kollektiv adından səmimi təbrik edərək ona ADPU-nun fəxri fərmanını təqdim etdi.
Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, ADPU ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu professor Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyətindən, bədii yaradıcılığından, tələbə və gənc tədqiqatçılara göstərdiyi qayğı və diqqətdən söz açdılar, təbrik və xoş arzularını çatdırdılar.
Sonda professor Mahirə Hüseynova göstərilən diqqətə, səmimi münasibətə görə iştirakçılara dərin razılığını bildirdi, bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəyini söylədi.
Mərasim ədəbi-bədii hissə ilə davam etdirildi. Məclisdə yubilyarın yurd sevgili, həyat eşqli şeirləri səsləndi.
Namiq QƏDİMOĞLU
XQ


