Azərbaycan İlahiyyat İnstitutunda Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan “dəyirmi masa”

post-img

Bu il müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ədəbiyyatşünas-alimin yubileyinə həsr edilmiş “dəyirmi masa” keçirilib.

Mərasimi Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova açaraq institutda milli-mənəvi dəyərlərin qorunması, Vətənə sədaqətin aşılanması, milli təfəkkürün formalaşdırılması və tələbələrin dünyagörüşünün zənginləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, həmçinin Aİİ-da keçirilən Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan şeir müsabiqəsində gənclərin fəal iştirakını xüsusi vurğulayıb.

Daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru  Sevinc Heydərova “Türk dünyası sözün işığında” mövzusunda məruzə ilə çıxış edib. Sevinc Heydərova Bəxtiyar Vahabzadə poeziyasında milli ruhun, ana dilinin və böyük türk dünyası ideyasının təcəssümündən danışıb. Şairin yaradıcılığında azadlıq ideallarının, bölünmüş Vətən həsrətinin və türk xalqlarını birləşdirən mənəvi tellərin poetik ifadəsi haqqında məlumat verib. Məhəmməd Füzuli və Əlişir Nəvai kimi klassiklərin təsirindən qaynaqlanan dərin köklərindən, “Gülüstan” poemasından başlayaraq meydan hərəkatına qədər uzanan milli oyanışdan bəhs edib. O,  həmçinin Nizami Muzeyinin ekspozisiyasında Bəxtiyar Vahabzadə irsini əks etdirən nümunələrdən, Şəkidəki ev muzeyindən və İstanbulda heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanmış qorelyefdən söz açıb.

Mərasimdə Bakı İlahiyyat Kollecinin tədris hissə müdiri Hilalə İbadova Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məruzə edib. Sumqayıt Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru  Günel Zeynalova isə “Bəxtiyar Vahabzadə və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxışını təqdim edib.

Sonda Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin  tələbələri Xalq şairinin yaradıcılığından nümunələr səsləndiriblər.

Qabil YUSİFOĞLU
XQ







Mədəniyyət