Yüksək Texnologiyalar Parkı ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

post-img

Yüksək Texnologiyalar Parkı (YTP) ilə İsrailin “DeserTech & Climate Innovation Center” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə XQ-ə YTP-dən məlumat verilib.

Su ehtiyatlarının səmərəli idarə olunması, dayanıqlı kənd təsərrüfatı, bərpaolunan enerji və davamlı infrastruktur sahələrində innovativ həllər üzərində çalışan “DeserTech” bu istiqamətdə fəaliyyət göstərən startap və texnologiyalar üçün akselerasiya proqramları təşkil edir, həmçinin sahibkarları, korporasiyaları, akademik və dövlət strukturlarını bir araya gətirərək real innovasiyaların birgə inkişafını və pilotlaşdırılmasını dəstəkləyir. Şirkəti səfərdə “DeserTech & Climate Innovation Center” şirkətinin baş icraçı direktoru Sivan Cohen Şaçari və Harry Leff, “AYA Strategic” şirkətinin icraçı direktoru Harry Leff təmsil edir.

Yüksək Texnologiyalar Parkının “SABAH.city” layihəsinin “NEXUS” proqramı çərçivəsində noyabrın 17-19-da təşkil olunan səfərin məqsədi “DeserTech” şirkətini yerli dövlət və özəl qurumları ilə tanış etmək, proqram çərçivəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

“NEXUS” proqramı Azərbaycan innovasiya ekosisteminin qlobal bazarlara inteqrasiya olunmasını təmin etməyi hədəfləyir. Bu çərçivədə “SABAH.city” beynəlxalq startapların və texnologiya yönümlü şirkətlərin Azərbaycan bazarına daxil olmasına, yerli startap və texnoloji şirkətlərin isə beynəlxalq bazarlara çıxışına dəstək göstərməyi planlaşdırır.

Səfərin ilk günü “SABAH.HUB” innovasiya mərkəzi və “SABAH.city” layihələri ilə tanış olan nümayəndə heyəti növbəti günlərdə “Pasha Holding”, “AgroDairy”, “SOCAR Green”, “Azersun” və digər qurumlarla görüşlər keçirəcək.

İqtisadiyyat