Ədəbiyyat Muzeyində “Töhfətül-İraqeyn” əsəri mövzusunda elmi seminar keçirilib

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələ keçirilib. Muzeyin “Mədəni irs və mənbəşünaslıq” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Əliyev XII əsr ədəbiyyatının qüdrətli filosof şairlərindən olmuş Əfzələddin Xaqani Şirvani haqqında məruzə edib.

Şairin həyat yolu, ailəsi, özünəxas dünyagörüşü haqqında məlumatları diqqətə çatdıran alim, bu haqda indiyədək yazılmış təhrif və yanlışlıqları da vurğulayıb. Xaqaninin əsasən “Töhfətül-İraqeyn” əsərinin forma və məzmun xüsusiyyətlərindən bəhs edərkən Faiq Əliyev buradadkı başlıqların şairin özü tərəfindən deyil, sonradan əlavə edildiyini diqqətə çatdırıb.

Alim onu da qeyd edib ki, 1152-1153-cü illərdə İraqa ilk səfərindən Şirvana qayıtdıqdan sonra Xaqani əsərinə əlavələr də etmiş və məsnəvinin adını dəyişərək “Xatirələr töhfəsi və gördüklərimdən seçmələr” kimi adlandırmışdır.

Elmi seminar məşğələsi suallar və müzakirələrlə davam etmiş, muzeyin “Mədəni irs və mənbəşünaslıq” şöbəsinin müdiri, professor Xatirə Bəşirli, “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, “Doktorantura və elmi inkişaf” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova, “Məktəblərlə və ictimaiyyətlə iş” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbəsinin kiçik elmi işçisi Şəfəq Nağıyeva və digərlərinin sual və çıxışları ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ

 









Mədəniyyət