Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycan sənət və ədəbiyyat günləri” proqramı çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Canıma yaxın Azərbaycanım” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib
AMM-nin təşəbbüsü ilə çap olunan kitabın təqdimat mərasimini Fərqanə Dövlət Universitetinin (FDU) birinci prorektoru, filologiya elmləri doktoru, dosent Zakir Rəhimov açaraq Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əməkdaşlığın son illərdə daha da fəallaşdığını, Bəxtiyar Vahabzadə kimi ədəbiyyat korifeylərinin irsinin iki xalqın mənəvi yaddaşını yaxınlaşdıran mühüm mənbələrdən olduğunu bildirib. Prorektor kitabın təqdimatını həm ədəbi mühit, həm də tələbə auditoriyası üçün yeni imkanlar açan əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirib.
AMM-nin direktoru Akif Marifli çıxışında qeyd edib ki, ölkələrimiz arasında münasibətlər bu gün Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin uzaqgörən siyasi liderliyi nəticəsində yüksək etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edir. Onun sözlərinə görə, mədəni sahədə həyata keçirilən təşəbbüslər yalnız dövlətlərarası münasibətlərin ideya-mənəvi dayaqlarını möhkəmləndirmir, eyni zamanda xalqlar arasında dərin tarixi bağlara əsaslanan dostluq və mənəvi həmrəyliyin davamlı şəkildə güclənməsinə xidmət edir.
O, kitabın özbək dilində nəşr olunmasını Bəxtiyar Vahabzadə irsinin yeni elmi və ədəbi auditoriyaya çatdırılması baxımından əlamətdar hadisə kimi qiymətləndirib. A.Marifli qeyd edib ki, B. Vahabzadənin poeziyası yalnız müəyyən dövrün ədəbi-estetik düşüncəsini deyil, bütöv bir xalqın mənəvi axtarışlarını və duyğu dünyasını ifadə edir. O həmçinin vurğulayıb ki, şairin ana dilinin saflığının qorunmasına, türk kimliyinin möhkəmləndirilməsinə və türk dünyasının mənəvi birliyinə çağıran ideyaları bu gün də aktuallığını saxlayır və Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar-mədəni təməllərinin dərinləşməsinə mühüm töhfə verir.
FDU-nun professoru, filologiya elmləri doktoru Xabibullo Cürayev, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Gözəl Muxamejanova və Özbəkistanın Xalq artisti, professor Sultanəli Mannopov Bəxtiyar Vahabzadənin yaradıcılığının özbək oxucusu üçün əhəmiyyətindən danışıblar.
Natiqlər çıxışlarında Azərbaycan şeirinin klassik ənənələr ilə müasir bədii düşüncə arasında mühüm körpü rolunu oynadığını, B.Vahabzadə poeziyasının isə bu xəttin ən parlaq nümunələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, şairin əsərlərində qaldırılan ideyalar – milli oyanış, azadlıq arzusu, mənəvi bütövlük, qardaşlıq və həmrəylik mövzuları Özbəkistanda da böyük rəğbətlə qarşılanır, iki xalqın oxucuları arasında mənəvi yaxınlıq yaradır.
Çıxış edənlər, həmçinin, Azərbaycan və Özbəkistan ədəbiyyatları arasındakı qarşılıqlı təsirlərdən, klassik və müasir yazarların hər iki ölkədə tanıdılmasının vacibliyindən bəhs edərək, bu kimi layihələrin ədəbi-mədəni dialoqun inkişafına mühüm təkan verdiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində AMM-nin “Xarı Bülbül” teatr truppası tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin “Canıma yaxın Azərbaycanım” kitabından seçilmiş şeirlər səsləndirilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)