Yazıçı-publisist, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin “Sev” romanının təqdimatı və imza günü keçirilib.
Xalq qəzeti xəbər verir ki, təqdimat mərasimində tanınmış ictimai-siyasi, media nümayəndələri iştirak ediblər.
Təqdimatda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, Natiq Məmmədli “Sev” romanında iki gəncin sevgisini əsas xətt kimi götürərək onları dünyanın müxtəlif ölkələrinə səyahətə çıxarır:
“Bu romanda müəllif qəhrəmanların müxtəlif ölkələrdəki səyahətlərini təsvir edir və həmin məkanlar barədə maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı Aşığın yaradıcılığını romanda ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi, Yaxşıya olan məhəbbəti və hamımızın dilinin əzbəri olan gəraylıları insanın sevgi, hiss və duyğularının ifadəsində mühüm yer tutur. Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm. Arzulayıram ki, yazsın, yaratsın və həm jurnalistikamızda, həm də ədəbiyyatımızda öz sanballı fəaliyyətini davam etdirsin”. Sonra “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı çıxış edərək Natiq Məmmədlinin yaradıcılığından söhbət açıb. O qeyd edib ki, Natiq Məmmədli hekayələrindən tanışdır. Onun “Professor və samuraylar”, “Tiflis yolçuları”, “Qəzet köşkünün yerində qalan boşluq”, “Molyerin öldüyü gün”, “Yiyəsiz baş” hekayələri ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin ədəbi düşüncəsini, müasir yanaşmasını bariz sübutudur.
Milli Məclisin deputatı, şair Elçin Mirzəbəyli isə “Sev” romanını böyük həvəslə oxuduğunu bildirib: “Romanın adı məni dərhal cəlb etdi. Ümumiyyətlə, bu gün mənəvi olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin əvvəlki əsərləri də səmimiyyəti ilə seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən deyə bilərəm ki, onun yaradıcılığında heç bir süni effekt yoxdur. Sözündə insana, cəmiyyətə, dostluğa yönəlmiş xüsusi bir diqqət var. Məhz onu dəyərli edən də budur”.
Professor Qulu Məhərrəmli deyib ki, insanlar hazırda çox qəzəblidirlər, buna görə də bu əsər gənclər üçün çox önəmlidir: “Onun hekayələrində mövzular bir-birindən fərqlənir”.
Sonda müəllifin özü kitabın ərsəyə gəlməsindən söhbət açıb: “Bu kitabın arxasında böyük bir psixoloji travma dayanır. Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim. Kitabın adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir. Allah kitabı göndərəndə insanlara “sev” deyə müraciət edir. Bu, bir müjdədir. Kitabı pandemiya dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda böyük bir boşluq yaranmışdı və mən bu roman üzərində işləməyə başladım. Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir. Ona görə də bu romanı məhz gənclər üçün yazmaq istədim. Elə yazmalıydım ki, 21-ci əsr insanının psixoloji qatları əsərdə görünə bilsin. Vətən müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olmalıdır. Qarabağı sevmək üçün əvvəl insan sevməyi bacarmalıdır. Sevmək lazımdır ki, noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu il iki kitabım çapdan çıxıb. İndi isə düşünürəm ki, hələ nə qədər yazılacaq sözümüz var. İnşallah, Qarabağla bağlı romanın təqdimatında görüşərik”.


