“Qış nağılı” rəsm sərgisi

post-img

Dekabrın 21-də  Müasir İncəsənət Mərkəzi qalereyasında “Qış nağılı” rəsm sərgisi keçirilmiçdir. 5 yaşdan 18 yaşa qədər uşaq və  yeniyetmə, gənc rəssamlar “Qış nağılı” adlı rəsm sərgisində iştirak ediblər. Sərgi iştirakçılarının çəkdikləri rəsm əsərləri mövzu baxımından rəngarəngliyi  ilə diqqəti cəlb etmiş, qonaqlara, tamaşaçılara  xoş təsirli anlar bəxş etmişdir. Rəsm sərgisinin təşkilatçıları ilə söhbətləşdik,ürək sözlərini  dinlədik:

- Şəms Səttarzadə, rəssam, “Sattar  Art” studiyasının və “Sattar  Art” qalereyasının rəhbəri. Bu gün 18 yaşa qədər gənc rəssamların əsərlərinin “Qış nağılı” mövzusunda  sərgisini keçirdik. Fəsillərin hər birinin öz gözəlliyi, füsunkarlığı var. Qış fəslinin  özünəməxsus  ecazkarlığı, əsrarəngiz təbiəti 18 yaşa qədər  yeniyetmə rəssamların əsərlərində nümayiş olundu. Uşaqların üzündəki təbəssüm sanki qış fəslinin füsunkarlığı ilə vəhdət təşkil edirdi.  Şaxta Babanın gəlişi  uşaqları  xüsusi olaraq sevindirirdi. Hələ onun gətirdiyi hədiyyələri demirik.  Hamının çöhrəsində yeni ilin sevinci yaşanırdı. 

Rəssamlıq incəsənətin elə bir sahəsidir ki, insanın bütün düşüncələri, yaradıcılığı onun yaratdığı rənglər dünyasında öz əksini tapır. Bu mənada hər sərgidə istedadlı uşaqları kəşf edirik. İnanırıq ki, gələcəkdə incəsənətimiz, mədəniyyətimiz yeni-yeni  gənc nəsillərin əsərləri ilə dünya miqyasına çıxacaq. Mən də xoşbəxtəm ki, istedadlı uşaqların bacarığının  üzə çıxarılmasında əməyimi, qabiliyyətimi  əsirgəmirəm.  Bu sərginin gözəlliyi onda idi ki, 5 yaşdan 18 yaşına kimi uşaqlar,yeniyetmələr qış fəsli haqqında düşüncələrini rənglərin dili ilə ifadə edə biliblər. 

Qəş fəslinin rənglər dünyasına səyahət etdik, 100-ə yaxın  yeniyetmə gənc yeni il sərgimizdə iştirak etdi və onlar işlərinə uyğun  olaraq qiymətləndirildilər.

- Siz zəhmət olmasa özünüzü təqdim edin.

- Təhminə Qəhrəmanova. Karvan Art” studiyanın rəhbəri. 

- Təhminə xanım, bu günki sərginin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Yeni il ərəfəsində bütün yaş qruplarında olan uşaqları sevindirməkdən gözəl nə ola bilər? Hər bir əsər yeni bir fikir, sənətə, rəsm dünyasına  fərqli baxışdır. Yeniyetmələri  yeni ilin astanasında sevindirmək  üçün belə bir sərginin keçirilməsi təqdirəlayiqdir. “Qış nağılı”  sərgisinin əhəmiyyəti ondadır ki, uşaqlar öz yaradıcılıqları ilə tək özlərini deyil, valideynlərini, biz müəllimlərini də sevindirdilər.  Bunun üçün Şəms xanımla birgə günlərlə işləmişik ki, hər bir uşağın,  yeniyetmənin bacarığını, istedadını, qabiliyyətini üzə çıxara bilək. Elə yeniyetmə gənclərin öz əl işlərinə baxıb sevinməsi, gələcək həyat yollarını müəyyənləşdirməsi  özü bir xüsusi önəm daşıyır. Uşaqların üzündəki təbəssüm bizim üçün ən böyük mükafatdır.  5 yaşdqan 18 yaşa kimi uşaqların  rəsmlər aləminə səyahət etməsi, qış fəslinə aid  düşüncələrini sevgi ilə  boyalarla ifadə etməsi  bizdə belə bir təəssürat yaratdı ki, bu uşaqların gələcəyi parlaqdır. 

Zaman gələcək ki, bu yeniyetmələrin içindən  Azərbaycanın  məşhur rəssamları yetişəcək. Və biz o zaman yetirmələrimizlə  fəxr  edəcəyik. 

Qarşıdan yeni il və Dünya Azərbaycanlılarının  Həmrəylik  Günü gəlir. Bu münasibətlə valideynləri və “Qış nağılı” sərgisinin iştirakçılarını  təbrik edirik. Qoy bizim balaca rəssamlar yer üzündə  sülh rəmzi olan əsərlər yaratsınlar, dünyanı əmin- amanlığa  səsləsinlər.

Kəmalə Abdinova
XQ

























Mədəniyyət