“Torpağın sevinci, dərdi yad olur öz ana dilini bilməyənlərə”
El-obanın ağrı-acısını, sevincini, tarixi yaddaşını özündə daşıyan, əcdadlarımızın mənəvi mirası, varlığımızın əzəli-əbədi sığınacağı ana dilimizdir. İnsan bu dünyaya göz açanda ana dilinin sədasını ilə özünü ifadə etməyi öyrənir, sanki, qaranlıq aləmi nurlanır, mənəviyyatı işıqlanır.
Ulu söz sərrafları da bu həqiqəti tarixə həkk ediblər. Rus şairi İvan Turgenyev ana dilini ən ağır sınaqlarda yeganə təskinlik və dayaq bilirdi. Uilyam Şekspir deyirdi ki, dil yaşadıqca, insan ruhu da ölməzdir. Amerika poeziyasının görkəmli nümayəndəsi Volt Vitmen isə dili xalqın azadlıq mənbəyi adlandırırdı. Bizim Xalq şairimiz Xəlil Rza Ulutürk isə yazırdı:
İllər ötdü, yaşa doldum.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.
Sərhəd tanımayan bu fikirləri təsdiqləyir ki, hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü bir millətin keçmişini gələcəyinə bağlayan o müqəddəs körpünü qorumaq məqsədi daşıyır. Çünki dili susan xalqın tarixi də silinər. Biz ana dilimizi uca tutduqca öz mənəvi ucalığımızı qoruyur, səsimizi bəşər mədəniyyətinin o böyük ümmanına çatdırırıq. Bu avazı hər yanda duyuran, onu qəlblərə həkk edən isə məktəb illərindən ana dilinin saflığına bələd olan gənc nəsil və onlara bu yolda dəstək olan müəllimlərdir.
Xəzər rayonu, 121 nömrəli orta məktəbin müəllimi Məshəti Vəliyeva Beynəlxalq Ana Dili Günü ilə bağlı söhbətimizdə vurğuladı ki, dilin saflığının qorunması həm də mədəni müstəqilliyimizin keşiyində dayanmaqdır:
– Türk dilləri ailəsinin Oğuz alt qrupuna daxil olan bu dil morfoloji çevikliyi və fonetik ahəngdarlığı ilə dünyanın ən rəvan dillərindən hesab olunur. Türkmən, qaqauz və digər qohum dillərlə eyni kökdən gəlsə də, Azərbaycan dili əsrlər boyu özünəməxsus intonasiya və zənginlik qazanaraq müstəqil mədəniyyət hadisəsinə çevrilmişdir. Lakin müasir dövrdə qloballaşma və kütləvi mədəniyyətlərin təsiri altında gənclərin xarici dillərə olan hədsiz meyli dilin özünəməxsusluğunu, bir növ, aşınma təhlükəsi ilə üz-üzə qoyur. Başqa dildə danışmağın müasirlik və ya intellektual üstünlük kimi qavranılması özgələşmə problemidir. Çünki insan öz dünyasını ana dilinin ona təqdim etdiyi anlayışlar çərçivəsində inşa edir. Rus və ya ingilis dilini bilmək fərdin intellektual bazasını genişləndirsə də, ana dili insanın milli varlıq düsturudur və onu heç bir süni əvəzləyici ilə dəyişmək mümkün deyil.
Bugünkü dövrdə xarici dillərə meyil artdıqca, ana dilimizə münasibət müəyyən dərəcədə dəyişir. İnsanlar telefonlarda, internetdə daha çox türk və ingilis dilində məzmun izləyir, seriallar, videolar, oyunlar bu dillərdədir. Bəzən dilimiz ikinci plana keçir, onlar xarici dillərdə danışanda fikirlərini daha rahat və dolğun ifadə etdiklərini düşünürlər.
Maraqlıdır ki, dahi mütəffəkirlər illər öncə də bu problemə toxunub, müasir gəncliyin yolunu işıqlandırmaq istəyiblər. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində bir ailə timsalında milli kimlik, dil və mənəvi dəyərlər problemi göstərilir. Evdəki üç qardaş hər biri fərqli ideoloji və mədəni təsir altındadır. Biri rus dili və mədəniyyətinə, digəri fars dilinə meyillidir. Kiçik qardaş isə Osmanlı türkcəsinə yönəlmiş, bacıları isə doğma dilində danışır.
Cəlil Məmmədquluzadə göstərirdi ki, xarici təsirlərə aludə olub öz dilini, kimliyini unutmaq insanı köksüz edir. Qardaşlar eyni evdə yaşayırlar, amma eyni dili danışmadıqları üçün bir-birini anlamırlar. Bu, sadəcə, ailə dramı deyil, millətin daxili parçalanmasının simvoludur. Çünki xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir. Ana dili yoxdursa, birlik də yoxdur. Əgər biz ana dilimizi qorumasaq, sabah eyni evdə yaşayan, amma bir-birini anlamayan insanlara çevrilə bilərik.
Təəssüf ki, hazırda dilimizin saflığı hər zaman qorunmur. Reklamlarda, televiziya və radio proqramlarında qrammatik qaydalar bəzən pozulur. Aparıcıların böyük əksəriyyəti sözləri tam düzgün tələffüz etmir, danışıqda səhvlər olur. Ona görə də, həm məktəblərdə, həm media vasitəsilə dilimizin düzgün və zəngin istifadəsinə xüsusi diqqət yetirilməlidir.
Ana dilimizə hörmət və məhəbbət uşaqlıqdan formalaşdırılmalıdır ki, gələcək nəsillər də onu yaşatsın və qorusun. Mən şagirdlərimə deyirəm ki, dil xalqın varlığının aynasıdır. Bu ayna çatlayarsa, xalqın keçmişi ilə gələcəyi arasındakı bağ qırılar.
Müsahibimiz bildirdi ki, Azərbaycan dilinin dərs yükü orta məktəblərdə kifayət qədərdir və şagirdlərin ana dilini sistemli şəkildə mənimsəməsi üçün lazımi imkan mövcuddur:
– Bu gün məktəblərdə Azərbaycan dili dərsləri ənənəvi olaraq həftənin beş günü davamlı və ardıcıl şəkildə həyata keçirilir. Elmi nöqteyi-nəzərdən yanaşsaq, ana dilinin fundamenti nə qədər sağlam olarsa, fərdin digər xarici dilləri və elmləri mənimsəmə qabiliyyəti də bir o qədər sistemli olar. Bu baxımdan Azərbaycan dili dərsləri sadəcə qrammatik qaydaların öyrədildiyi fənn kimi deyil, milli-mənəvi kimliyin formalaşdırıldığı mühit kimi dəyərləndirilməlidir.
Ana dilində düşünən şagirdlə başqa dildə düşünməyə məcbur olan şagird arasında ideyanın formalaşma sürəti və dərinliyi baxımından da fərq hiss olunur. Çünki ana dili onun şüuraltına, emosional yaddaşına, uşaqlıq xatirələrinə, ilkin dünyagörüşünə bağlıdır.
İnsan ana dilində fikir qurarkən söz axtarmır, tərcümə etmir, daxili maneə yaşamır. İdeya daha sürətli formalaşır, aydın ifadə olunur və dolğun şəkildə çatdırılır. Amma başqa dildə düşünərkən insan əvvəlcə fikri qurur, sonra onu uyğun sözlərlə ifadə etməyə çalışır.
Sözsüz ki, başqa dilləri bilmək böyük üstünlükdür, amma ana dilini ikinci plana keçirmək heç vaxt üstünlük sayıla bilməz. Odur ki, gənc nəslə dilimizi sevdirmək, onlara Nizaminin hikmətini, Füzulinin fəlsəfəsini, Şəhriyarın səmimiyyətini duyurmaq həm pedaqoji missiya, həm də varislik borcudur.
Şair Tofiq Bayram bu yerdə gözəl deyib:
Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur,
Öz ana dilini bilməyənlərə!
XIX–XX əsr ədəbiyyatında yazıçı və şairlər üçün əsas məqsədlərdən biri xalqın maariflənməsi, milli şüurun oyanışı və ana dilinin qorunması idi. Ədəbiyyat həm də milli dirçəliş missiyası daşıyırdı. O dövrün ədəbiyyatında milli kimlik həm mövzu seçimində, həm dil üslubunda, həm də obrazların xarakterində daha güclü sezilirdi. Yazıçılar xalqın ağrısını, sosial problemləri və milli taleyini birbaşa ifadə edirdilər. Oxucu əsəri oxuyarkən özünü, cəmiyyətini, tarixini görürdü.
Müasir ədəbiyyatda isə mövzu dairəsi daha qlobal və fərdi xarakter alıb. Bu, təbii prosesdir, çünki dünya ilə inteqrasiya artdıqca, ədəbiyyat da universallaşır, milli motivlər əvvəlki qədər mərkəzdə dayanmır. Fərdi psixologiya, şəxsi təcrübə və qlobal problemlər ön plana keçir. Bu, o demək deyil ki, milli kimlik tam itib. Sadəcə olaraq, keçmiş dövrdə ədəbiyyat birbaşa milli oyanış funksiyası daşıdığı üçün bu hiss daha güclü və açıq şəkildə hiss olunurdu. Bu gün isə milli kimliyi qorumaq üçün onu daha şüurlu şəkildə ədəbiyyatda yaşatmaq və təbliğ etmək vacibdir.
Düşünürəm ki, bu məsələdə dövlət dəstəyi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu müqəddəs dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə təmiz, saf və zəngin şəkildə ötürülməsinə yönəlib. Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir. Dövlət başçısının vurğuladığı kimi, əcdadlarımız müstəmləkəçilik dövrlərində belə ana dilini qoruyub gələcək nəsillərə əmanət etmişlərsə, bu gün müstəqil dövlətimizdə dilimizi qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
Fidan ƏLİYEVA
XQ

