Süni intellektin müasir oftalmologiyada tətbiq imkanları müzakirə edilib

post-img

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqlarının XVII konfransı və III Forumu keçirilib.  AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verib.
Forum akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun dəstəyi ilə təşkil edilib.
Elmar Qasımov çıxışında söyləyib ki, gənc oftalmoloqların beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mütəxəssislər kimi formalaşması, onların elmi və klinik təcrübəsinin zənginləşdirilməsi, yeni nəsil həkimlərin inkişafına şərait yaradılması bu istiqamətdə aparılan fəaliyyətin əsas prioritetlərindəndir. Həmçinin bildirib ki, ölkə oftalmologiyasının gələcəyini təmsil edən gənc mütəxəssislər daim Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva, Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri professor Paşa Musayev, həmçinin kafedranın dosenti Səriyə Quliyeva professor Zəhra Quliyevanın həyatı, zəngin elmi irsindən bəhs ediblər.
Qeyd edək ki, toplantının acılış nitqini AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri Mirana Mirişova edib.
Çıxış edənlər professor Zəhra Quliyevanın uzun illər ərzində həm elmi, həm də klinik fəaliyyəti ilə oftalmologiyanın müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verdiyini, yüzlərlə həkimin formalaşmasında böyük rol oynadığını, yüksək peşəkarlığı və müəllimlik məktəbi ilə yadda qalmış görkəmli alim, eyni zamanda, pedaqoq kimi xatırlandığını vurgulayıblar.
Daha sonra Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Ceyhun Nəzərliyə “Gənc Oftalmoloqların Dostu” fəxri adın kuboku və diplomu təqdim edilib.
Tədbirdə oftalmologiyanın müasir problemləri, innovativ cərrahi və diaqnostik metodlar, süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqi, müxtəlif klinik hallar və digər aktual mövzular məruzə edilib.
Bu il konfrans çərçivəsində ilk dəfə olaraq “Gənc Retina Mütəxəssislərinin Klubu” təşkil olunub.
Builki forumun əsas məqsədi süni intellektin müasir oftalmologiyada tətbiq imkanlarını gənc mütəxəssislərin diqqətinə çatdırmaq, klinik praktikada və elmi tədqiqatlarda bu texnologiyaların rolunu müzakirə etmək, eləcə də gənc oftalmoloqların peşəkar inkişafında innovativ yanaşmaların əhəmiyyətini vurğulamaqdır.
Forum çərçivəsində süni intellekt əsaslı diaqnostik alətlər, klinik qərarvermə dəstəyi sistemləri, teleoftalmologiya, eləcə də etik və hüquqi məsələlər ətrafında panel müzakirələr və interaktiv sessiyalar keçirilib.

 

Zərifə HÜSEYNOVA
XQ







Səhiyyə