Qiymətləri kimlər və nələr artırır?
Son vaxtlar bazarlarda tərəvəz məhsullarının qiymətində artım nəzərə çarpır. Mövsümi məhsulların əvvəlki illərlə müqayisədə baha təklif olunması isə narahatlıq doğurur. Mütəxəssislərin fikrincə, bu, bir sıra obyektiv amillərlə, o cümlədən tərəvəz istehsalında məhsuldarlığın bir çox ölkələrlə müqayisədə aşağı səviyyədə qərarlaşması ilə bağlıdır.
Yaranmış vəziyyətin səbəbləri və qiymətlərin sabitləşdirilməsi imkanları haqqında mediaya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli rəsmi statistik məlumatlara əsaslanaraq Azərbaycanda tərəvəz məhsullarının ixracı ilə idxalının paralel şəkildə artdığını vurğulayır. Belə bir hal isə respublikanın özünü tərəvəzlə tam təmin edə bilməməsindən, hətta region ölkələri ilə müqayisədə adambaşına düşən tərəvəz istehlakının nisbətən aşağı olmasından xəbər verir.
Ekspert qiymətlərin sabit saxlanılması üçün, ilk növbədə, istehsal xərclərinə diqqət yetirilməsinin zəruriliyini xatırladır. Qeyd edir ki, 2021-ci, 2023-cü və 2025-ci illərdə dizel yanacağı və benzinin qiymətində bahalaşmanın qeydə alınması ilə kənd təsərrüfatı istehsalında məhsulun maya dəyəri yüksəlib. Maya dəyərinin artmasının isə, şübhəsiz ki, satış qiymətlərinə böyük təsiri olub.
Bahalaşmaya təsir göstərən digər amil isə logistika xərcləridir. Belə ki, məhsulun təsərrüfatdan anbara, oradan bazarlara və pərakəndə satış şəbəkələrinə daşınması əlavə xərclər yaradır. Daşınma xərclərinin artması ümumi maya dəyərini yüksəldir və nəticədə, qiymətlər bahalaşır. Buna görə də istehsal və logistika zəncirindəki xərclər kompleks şəkildə nəzərə alınmalıdır.
Vahid Məhərrəmli açıqlamasında beynəlxalq təcrübəyə də diqqət çəkərək vurğulayıb ki, bir sıra ölkələrdə fermerlər üçün güzəşt mexanizmləri tətbiq olunur. Məsələn, qonşu İranda kənd təsərrüfatında istifadə olunan yanacaq üçün xüsusi dəstək mexanizmləri mövcuddur ki, bu da istehsal xərclərini nisbətən aşağı səviyyədə saxlayır. Burada məqsəd heç də hansısa bir modeli üstün göstərmək deyil, müxtəlif təcrübələrin mövcudluğunu diqqətə çatdırmaqdır.
Azərbaycan neft hasil və ixrac edən ölkə kimi aqrar sektorda yanacaq xərclərinin optimallaşdırılması baxımından müəyyən imkanlara malikdir. Məlumata görə, kənd təsərrüfatı istehsalı prosesində, təxminən, 300 min ton, məhsulların daşınması mərhələsində isə əlavə 200 min ton dizel yanacağına ehtiyac yaranır. Bu səbəbdən kənd təsərrüfatında istifadə olunan yanacaq üçün daha sabit və proqnozlaşdırıla bilən qiymət mexanizminin tətbiqi mümkün variantlardan biri kimi qiymətləndirilə bilər. Ekspert bununla bağlı vurğulayır ki, məhsuldarlığın artırılması qiymət sabitliyinin əsas şərtlərindən biridir. Çünki məhsuldarlıq yüksəldikcə məhsulun maya dəyəri azalır və bazarda qiymət sabitliyinə müsbət təsir göstərir. Əks halda, qiymət artımı tendensiyası davam edə bilər.
Ekspert açıqlamasının sonunda bildirir ki, hər hansı bir fermerin xərcləri artdıqca, o, bunu kompensasiya etmək üçün satış qiymətlərini yüksəltməyə məcbur olur. Əks halda, istehsal iqtisadi cəhətdən cəlbediciliyini itirir, bu isə idxalın artmasına gətirib çıxarır. İdxal məhsulları isə əlavə logistika xərcləri səbəbindən baha başa gəlir. Bu baxımdan tərəvəz məhsullarının qiymətində kəskin artımın qarşısının alınması üçün aqrar sektorda kompleks yanaşmaya ehtiyac var. Bu yanaşma çərçivəsində isə məhsuldarlığın artırılması, istehsal və logistika xərclərinin azaldılması, eləcə də fermerlər üçün sabit və proqnozlaşdırıla bilən iqtisadi mühitin formalaşdırılması vacibdir. Məhz bu istiqamətdə atılacaq addımlar uzunmüddətli dövrdə bazarda qiymətlərin sabitliyinə və daxili istehsalın dayanıqlı inkişafına töhfə verə bilər.
Hazırda ölkədə tərəvəz məhsullarının bahalaşmasının əsas səbəblərindən birinin mövsümlə əlaqədar olduğunu bildirərək yeni məhsulların hələ tam şəkildə bazara çıxmadığını, eyni zamanda, bu dövrdə Azərbaycandan, xüsusilə də kartof və soğan kimi məhsulların ixracının artdığını, bunun isə qiymət artımına təsir göstərdiyini vurğulayıb. Ekspert fikrinin davamında bu bahalaşmanın müvəqqəti və mövsümi xarakter daşıdığını və bir müddət sonra qiymətlərin sabitləşəcəyini və mayın sonunadək məhsul bolluğu yaranacağını xatırladıb.
Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi kifayət qədər deyil. Ötən ilin məhsullarını soyuducu anbarlar vasitəsilə yeni mövsümə qədər saxlamaqda müəyyən çətinliklər yaşanır. Çünki ölkədə soyuducu anbarların sayı azdır. İnfrastrukturla bağlı belə problemlər aradan qaldırılandan və yeni məhsullar satışa çıxarılandan sonra bahalaşmanın azalacağı gözlənilir.
İqtisadçı-ekspert Razi Abbasbəylinin sözlərinə görə, məhsulun yüksək maya dəyəri bahalaşmanın əsas səbəblərindəndir. Toxum, gübrə, pestisidlər, suvarma və daşınma xərcləri, eləcə də istixanalarda istifadə olunan təbii qazın qiyməti istehsalı bahalaşdırır. Qonşu ölkələrdə istixanalar üçün müəyyən güzəştlər tətbiq olunur ki, əsas məqsəd əhalinin qida təminatını qorumaqdır. Azərbaycanda isə subsidiyalar kifayət qədər yüksək olmadığından fermer əlavə vəsait qoymaq məcburiyyəti ilə üzləşir ki, nəticədə məhsulun maya dəyəri artır.
Ekspert, strateji ərzaq məhsulları üzrə əkin sahələrinin azalmasını da bahalaşmaya təsir edən amil kimi qiymətləndirir və bunun səbəbini dövlət dəstəyinin və təşviq mexanizmlərinin yetərli olmaması ilə əlaqələndirir. Bildirir ki, fermerlər buna görə də daha gəlirli hesab etdikləri sahələrə üstünlük verirlər ki, bu da uzunmüddətli perspektivdə qıtlıq və bahalaşma riskini artırır. Paytaxtda qiymətlərin regionlarla müqayisədə daha yüksək olmasının digər səbəbi isə bazar strukturudur. Razi Abbasbəylinin fikrincə, məhsulların böyük hissəsi iri tədarükçülər və topdansatış mərkəzləri vasitəsilə satışa çıxarılır. Bu isə qiymət zəncirində əlavə mərhələlər və əlavə xərc yaradır.
Ekspert bildirir ki, paytaxtda satılan kənd təsərrüfatı məhsullarının qiymətinin bölgələrə nisbətən baha olmasının digər bir səbəbi isə monopoliyadır. Bakıda “kolxoz bazarları” anlayışı çoxdan sıradan çıxıb. Kəndli becərdiyi məhsulu rahatlıqla gətirib paytaxtda sata bilmir. Hətta becərdiyi məhsulu Bakıya gətirməkdə çətinlik çəkir. Logistik xərclər çox bahadır. Bu gün kənd təsərrüfatı məhsulları iri market şəbəkələrində daha çox satılır. Bu ticarət müəssisələrindəki, kənd təsərrüfatı məhsullarına diqqət yetirdikdə görürük ki, daha çox xaricdən gətirilən meyvə-tərəvəz məhsullarına üstünlük verilir. Yaxud bir neçə məlum ünvanlardan götürülən məhsullar satılır.
Razi Abbasbəylinin dediyinə görə, logistik xərclərin baha olması səbəbindən fermer məcbur qalıb istehsal etdiyi məhsulu müəyyənləşdirilmiş qiymətlərlə topdansatış tədarük məntəqələrinə satmaq qərarı verir. Lakin bu məntəqələrdə məhsula istənilən qiymət qoyulur. Daha sonra isə məhsul supermarketlərə, bazarlara göndərilir. Bütün bu proseslər kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarır. Beləliklə, kəndli becərdiyi məhsuldan qazanc əldə edə bilmir. Min bir əziyyətlə əkib-becərdiyi məhsul əlində qaldığı üçün onu maya dəyərinə, bəzən isə ondan da aşağı qiymətə satır.
Kənd təsərrüfatı məhsullarından qazanc əldə edə bilmədiyi üçün növbəti dəfə kəndli yonca, buğda əkməyə üstünlük verir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalının ildən-ilə azalmasına gətirib çıxarır. Bu proses ildən-ilə sürətlə gedir. Çox təəssüf ki, Azərbaycan zəngin potensialının olmasına baxmayaraq, adi meyvə və tərəvəzlərdən belə asılı vəziyyətə düşür.
Rayon bazarlarında məhsul birbaşa istehsalçı tərəfindən təklif olunur. Amma məhsul paytaxta çatdırıldıqdan sonra logistika və pərakəndə satış əlavələri qiyməti xeyli artırır. Fermerlərin şəhər bazarlarına birbaşa çıxış imkanları genişləndirilərsə, qiymətlərdə müəyyən azalma müşahidə oluna bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kənd təsərrüfatı məhsulları satışının böyük hissəsi iri tədarükçülərin nəzarətində saxlanılır və bu da bazarda balansı pozur. O, fikrini bir qədər də konkretləşdirərək kooperasiya mexanizmlərinin səmərəli işləmədiyini vurğulayaraq, fərdi təsərrüfatların bazara çıxış imkanlarının məhdud olduğunu qeyd edir. Eyni zamanda, yerlərdəki hər bir böyük təsərrüfatın aqronom və baytar nəzarəti baxımından daha üstün mövqe tutduğunu və bazar tələblərinə uyğunlaşmaqda daha çevik olduğunu vurğulayır.
Eyyub Hüseynovun fikrincə, kənd təsərrüfatında sistemli dəyişikliklərə ehtiyac var. Məhsuldarlığın artırılması, subsidiya və yanacaq siyasətinin təkmilləşdirilməsi, logistika xərclərinin azaldılması, kooperasiya mexanizmlərinin real işləməsi və fermerlərin bazara birbaşa çıxış imkanlarının genişləndirilməsi qiymət sabitliyinin təmin olunmasında əsas istiqamətlər sırasında yer alır. Nəticə etibarilə, tərəvəz məhsullarının qiymət artımı təkcə mövsümi amillərlə bağlı deyil, həm də istehsal, logistika, bazar strukturu və dövlət dəstəyi mexanizmləri ilə əlaqədar kompleks səbəblərlə şərtlənir. Problemin həlli də məhz kompleks yanaşma tələb edir.
Akif NƏSİRLİ,
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert
Son illər tərəvəz məhsullarının qiymətində davamlı artım nəzərə çarpıb. Qiymətlərin yüksəlməsi nəticəsində əhalinin ərzaq xərclərinin strukturunda da tərəvəzlərin payı xeyli artıb. Hazırda ailə büdcəsində ən böyük xərc məhz bu məhsulların alınmasına yönəlib. İnsanların sağlam qidalanmaya, meyvə-tərəvəz kimi məhsullardan istifadəyə önəm verməsi çox yaxşı haldır. Lakin bu sahədə qiymətlərin artması haqlı narahatlığa səbəb olur.
Quraqlıq, güclü yağıntılar, sel və şaxtalar məhsuldarlığı azaldır, bu da bazarda təklifin azalmasına və qiymətlərin artmasına gətirib çıxarır. Xüsusilə açıq sahədə yetişdirilən məhsullar hava risklərinə daha həssas olur. Digər mühüm amil istehsal xərclərinin artmasıdır. Gübrə, pestisid, yanacaq, suvarma, elektrik enerjisi və əməkhaqqı xərclərində son illərdə yüksəlmə nəzərə çarpır. İdxal olunan gübrənin və aqrokimyəvi vasitələrin bahalaşması istehsal olunan məhsulların maya dəyərini yüksəldir. Nəticədə, artan xərclərin kompensasiya edilməsi məqsədilə satış qiymətləri artır.
Şübhəsiz ki, logistika və nəqliyyat xərclərinin artması da qiymətlərə təsir göstərir. Belə ki, yanacağın bahalaşması və daşınma xərclərinin yüksəlməsi məhsulun tarladan bazara çatdırılmasını daha da bahalaşdırır. Eyni zamanda, saxlama infrastrukturunun kifayət qədər inkişaf etməməsi də mövsümi dalğalanmaları gücləndirir və qıtlıq dövrlərində qiymətlər daha kəskin artır.
Tərəvəz məhsullarının qiymət artımına bəzi hallarda idxaldan asılılıq da təsir göstərir. Əgər daxili istehsal tələbatı tam ödəmirsə, idxal olunan tərəvəz məhsullarının qiyməti isə dünya bazarındakı dəyişikliklər və valyuta məzənnəsi ilə formalaşır. Milli valyutanın zəifləməsi idxal məhsullarını daha da bahalaşdırır və bu da ümumi bazar qiymətlərinə təsir göstərir. Nəhayət, bazarda rəqabətin zəifliyi və vasitəçilərin çoxluğu da qiymət artımını sürətləndirir. İstehsalçı ilə son istehlakçı arasında bir neçə vasitəçi olduqda məhsula hər mərhələdə əlavə qiymət qoyulur və nəticədə kəskin bahalaşma nəzərə çarpır.
Vaqif BAYRAMOV
XQ

