bp şirkəti özünün Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies adından “Vəkillik fəaliyyəti” adlı yeni hüquq kitabını ictimaiyyətə təqdim edib.
528 səhifəlik nəşrin məqsədi ictimai-hüquqi maarifləndirməni gücləndirmək, hüquq tələbələri və mütəxəssislər üçün keyfiyyətli akademik resurs yaratmaqdır. Kitabda vəkillik institutunun tarixi, nəzəri və praktiki əsasları, beynəlxalq təcrübə, müqayisəli təhlillər, eləcə də Azərbaycanda vəkilliyin formalaşma və inkişaf mərhələləri əhatə olunub.
Təqdimat mərasimində bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli nəşrin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək hüquqşünasların hazırlanmasına töhfə verəcəyini bildirib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri və kitabın həmmüəllifi Anar Bağırov isə qeyd edib ki, dərslik vəkillik institutunun normativ-hüquqi bazasını və müasir çağırışlarını sistemli şəkildə təqdim edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış “Vəkillik fəaliyyəti” adlı dərslik 25 dekabr 2025-ci il tarixində nəşr olunub. Müəllifləri Anar Bağırov, Əmir Əliyev, Turqay Hüseynov, Gülnaz Rzayeva və Paşa Səfərov olan nəşr BP şirkətinin və onun müvafiq layihələr üzrə tərəfdaşlarının maliyyə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının elmi dəstəyi və “İnsan Hüquqları Təşviqi Mərkəzi” İctimai Birliyinin təşəbbüsü əsasında hazırlanaraq çap edilib.
Mərasimdə Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Eldar Qocayev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev çıxış edərək “Vəkillik fəaliyyəti” dərsliyini hüquqi maarifləndirmə və hüquq təhsilinin inkişafı baxımından əhəmiyyətli elmi nəşr kimi yüksək qiymətləndiriblər.
Səbuhi MƏMMƏDOV
Cavid QAÇAYEV (foto)
XQ

