Milli rəngkarlığımızın sənət əkizləri

post-img

Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə – 105

Zamanın sərt küləkləri onların istedadını soldura bilməmişdi

Onda hələ 1939-cu il idi. Eyni ildə və gündə - 1921-ci il fevralın 21-də dünyaya göz açan, eyni gündə Bakıda, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirən 2 gənc deyə-gülə küçəyə çıxmışdı. Biri Böyükağa Mirzəzadə, digəri Oqtay Sadıqzadə idi.

Ad-soyadları hələlik heç nə deməsə də, arzu qanadlarında pərvaz edirdilər. Moskvada təhsillərini davam etdirmək, gözəl əsərlər yaradıb dünya muzeylərində sərgiləməklə bağlı planlarından danışırdılar. Hər ikisinin gözləri gülürdü. Qarşılarında geniş üfüqlərin açılacağına şübhələri yox idi. Yanlarından ötən hər kəs küləyin gur tellərini daradığı bəxtəvər oğlanlara baxıb həsəd aparırdı.

Amma gənc rəssamların fərəhli anları uzun çəkmədi, necə deyərlər, fələk onların saydığını saymadı. Həyat hər ikisini çətin sınaqlara çəkdi. Doğrudur, Böyükağa Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil oldu, Mikayıl Abdullayevlə bir kursda oxudu. Lakin İkinci Dünya müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyib Bakıya qayıtdı (sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil aldı). Oqtay isə daha böyük bəlaya düşdü. O, yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün (Məhəmmədəmin Rəsulzadənin əmisi qızı) övladı olduğuna görə 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi, “xalq düşməni”nin oğlu kimi Altay vilayətinə sürgün olundu, 5 il olmazın zülm çəkdi.

Yaxşı ki, çətinliklərə baxmayaraq, gənc fırça ustalarının yaradıcılıq şövqü azalmadı və hər ikisi Azərbaycanın tanınmış rəssamı kimi tanındı. Bir qədər gec də olsa, Oqtay Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirdi. Sonralar o da, Böyükağa da yaratdıqları möhtəşəm sənət əsərlərinə görə Əməkdar incəsənət xadimi və Xalq rəssamı fəxri adlarına layiq görüldülər. Orden və medallarla təltif edildilər. Prezidentin fərdi təqaüdçüsü oldular.

Azərbaycan Dövlət mükafatı laureatı, professor Böyükağa Mirzəzadə Bakının Fatmayı kəndində doğulub. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını dərindən mənimsəyib. Əmək fəaliyyətinə Rəssamlıq Texnikumunun müəllimi kimi başlayıb. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olub. İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb və milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr verib. Rəssamın yetirmələri sırasından xeyli tanınmış sənətkar çıxıb.

Böyükağa Mirzəzadənin rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizi zənginləşdirib. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyinin, eləcə də digər sənət məbədgahlarının daimi ekspozisiyalarını bəzəyir. Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, soydaşlarımızın əmək hünərləri sənətkara ilham verib. Onun natürmort, tablo və lövhələri yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər təkrarolunmaz milli koloriti ilə səciyyələnərək, nəsillərin estetik tərbiyəsində böyük rol oynayır.

Rəssamın tarixi abidələrimizi əks etdirən tabloları seyrçilərə milli qürur hissi aşılayır. O, portret janrında da ustalıqla boyakarlıq əsərləri yaradıb. Tarixi şəxsiyyətlərin və müasirlərinin iç dünyasını və xidmətlərini dolğun əks etdirə bilib. Azərbaycan incəsənət ustalarının silsilə portretləri isə onun yaradıcılığında ayrı bir mərhələdir. Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərib, 20-yə yaxın tamaşa üçün yaratdığı dekorasiyaları mütəxəssislər yüksək qiymətləndiriblər.

Milli incəsənətimizin dünyada tanınmasında onun mühüm xidmətləri olub. Əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında uğurla nümayiş etdirilib, sənətsevərləri heyrətə gətirib. Sevimli peşəsinin “böyük ağa”sı – Böyükağa Mirzəzadə 2007-ci ildə, 87 yaşında işıqlı dünyaya əlvida deyib.

Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadə isə təbiətin dilbər guşəsi Xızıda anadan olub. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin ailəsində, yaradıcı mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. Bir müddət şeir də yazıb, amma rənglər dünyası onu ağuşuna daha bərk sıxıb. İlk rəsm əsərləri ilə sənətşünasların diqqətini çəkib.

Sürgündən Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayan Oqtay bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. “Azərnəşr”in bədii redaktoru kimi Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla gözəl kitab qrafikası nümunələri yaradıb. Ünlü söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik obrazlarını layiqincə canlandırıb.

Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq çox keçmədən çağdaş Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Sənətkarın çeşidli janrlarda yaratdığı boyakarlıq və qrafika əsərləri zaman çərçivəsinə sığmayıb, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə fərqlənərək incəsənət tariximizdə özünəməxsus yer tutub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında Oqtay Sadıqzadənin əsərlərinə xüsusi yer verilib. Boyakarın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası koloriti və səlisliyi ilə səciyyələnir, milli mədəniyyətimizə dərin hörmət aşılayır. Onun təkrarolunmaz obrazları, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi bu qəbildəndir.

Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Moskvadakı Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. O, pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.

Oqtay Sadıqzadənin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Ona və ömür-gün dostu - Xalq rəssamı Elmira Şahtaxtinskayaya həsr olunmuş “İncəsənətin qüvvəti” adlı sənədli film keşməkeşli zirvə yolunun təsirli hekayətidir.

Böyükağa Mirzəzadə ilə vida mərasimində Oqtay Sadıqzadə ona “Hələlik, qardaşım!” demişdi. Dostundan sonra cəmi 7 il yaşadı və 2014-cü ildə onların ruhları əbədi olaraq qovuşdu.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət