“Qırmızı tabor”un əfsanəvi komandiri

post-img

Çat haraya, bəyim, nicat günüdür,
Vedinin davası, qeyrət günüdür!

Bu misralar isə erməni daşnaklarına layiqli dərs vermiş el qəhrəmanından xəbər verir. Tarixdə rəsmi sənədlərdən çox xalq yaddaşında yaşayan şəxsiyyətlərdən xalq qəhrəmanı, “Qırmızı tabor”un əfsanəvi komandiri Abbasqulu bəy Şadlinski 24 fevral 1886-cı ildə İrəvan qəzasının Vedibasar mahalında dünyaya göz açıb.

XX əsrin əvvəllərindən başlayaraq Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur bölgələrində erməni-daşnak silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımlarının geniş vüsət aldığı ağır şəraitdə xalq arasında böyük nüfuza malik olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı vuruşub. Könüllü xalq birləşməsi olan “Qırmızı tabor” un komandiri kimi daşnak qüvvələrilə mübarizə aparıb. Məhz bu şücaətin nəticəsi olaraq “Qırmızı tabor”un 19 döyüşçüsü “Qırmızı bayraq” ordeni ilə təltif olunub.

1920-ci il iyulun 28-də Naxçıvanda sovet hakimiyyəti elan edildikdən sonra Abbasqulu bəy Şadlinski Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək sentyabrın 17-də 200 nəfərlik “Qırmızı tabor” dəstəsi ilə Naxçıvana gəlib, buradakı qırmızı qvardiya döyüşçüləri ilə qüvvələrini birləşdirib.

O, əvvəlcə Naxçıvan sərhədlərinin qorunmasına, daha sonra isə Zəngəzur istiqamətində daşnak hissələrinə qarşı fəal döyüş əməliyyatlarına başçılıq edib. “Cəllad Dro”nun rəhbərlik etdiyi daşnak qüvvələrinin darmadağın edilməsi Naxçıvanda sovet hakimiyyətinin möhkəmlənməsində həlledici rol oynayıb və bölgədə ingilis-daşnak işğalına son qoyub. Bu xidmətlərinə görə Abbasqulu bəy Şadlinski Nəriman Nərimanov tərəfindən “Qızıl Ulduz” medalı ilə təltif edilib. 1922-ci ilin sonunadək Naxçıvanda sərhədlərin mühafizəsinə rəhbərlik edib. 1930-cu ilin fevral ayında ermənilərin xain oyunları nəticəsində qətlə yetirilib.

Tarixi mənbələr təsdiqləyir ki, Abbasqulu bəy Şadlinski daşnak quldur dəstələrinə qarşı apardığı mübarizədə sadəcə azərbaycanlı əhalinin deyil, ermənilərin də yağılardan qorunmasına çalışıb. Hay-erməni tədqiqatçısı İ.Tahiryan yazırdı ki, Azərbaycan xalqının qəhrəman oğlu Abbasqulu öz dəstəsi ilə daşnak komandirləri Dro, Kazo və Primovun quldur dəstələrinə qarşı döyüşərək həm hayları, həm də müsəlmanları qətliamdan xilas etmişdir.

Abbasqulu bəy Şadlinskinin məzarı uzun illər Böyük Vedidə orta məktəbin həyətində yerləşib. 1957-ci ildə Ermənistan KP MK-nın qərarı ilə Abbasqulu bəyin və digər inqilab fədailərinin məzarlarının götürülməsi nəzərdə tutulsa da, bu qərar icra olunmayıb. 1988-ci ildən sonra azərbaycanlıların tarixi torpaqlardan qovulması ilə Abbasqulu bəyin məzarının aqibəti barədə dəqiq məlumat əldə edilməyib.

1986-cı ilin oktyabrında Şərur rayonunda “Qırmızı tabor”un Şöhrət muzeyi (Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi) yaradılıb. Muzeydə əfsanəvi sərkərdələrin həyat və mübarizə yolu, XX əsrin əvvəllərinin ictimai-siyasi mənzərəsini canlandıran sənədlər, nadir fotolar, qəzet və kitab materialları, arxiv sənədləri nümayiş etdirilir. Xüsusi salonda isə Abbasqulu bəyin uşaqlıq və gənclik illəri, inqilabi fəaliyyəti, qılıncı, tüfəngi, hərbi geyimləri və döyüş sursatları yer alır.

Ləman TƏHMƏZ
XQ

Mədəniyyət