Şair-xeyriyyəçi və tacir Haşım bəy Saqibin bəlalı taleyi

post-img

“Xalq düşməni”nin qızı isə məşhur aktrisa oldu

Haşım bəy Saqib Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin sayılıb-seçilən şairlərindən biri, eyni zamanda, tacir olmuşdu. Dərbənd, Mahaçqala, Səmərqənd və digər şəhərlərlə ticarət əlaqələri qurmuşdu və qazancının böyük hissəsini xeyriyyə işlərinə sərf etmişdi.

XIX əsrin axırları, XX əsrin əvvəllərində fəaliyyət göstərən və bir çox Bakı şairlərin yetişməsində müstəsna rol oynayan “Məcməüş-şüəra” ədəbi məclisi Haşım bəyin də ədəbi zövqünün formalaşmasına və qələminin püxtələşməsinə kömək etmişdi.

Çoxlarından fərqli olaraq, Haşım bəy gül-bülbül eşqiylə qəzəllər yazmadı, xalqı zəlalətə düçar edənlərə qarşı öldürücü həcvlər, siyasi satiralar yazdı. Bu ədəbi nümunələrin bəziləri bu gün də xatırlanır. Sovet rejiminə qarşı yazdığı şeirlərin çapına qadağa qoyulur, şair gözümçıxdıya salınır. Bir neçə dəfə həbs olunmaq təhlükəsi yaranır. Haşım bəy yazırdı:

Dəyişib dövrü-zaman, hər biri bir nəğmə oxur,
Hökmranlıq eləyir şaha gəda, kim kimədir?

Xalq artisti, səhnəmizin sevilən aktrisalarından olan Nəcibə xanım Məlikova atasını həmişə qüssəylə, nisgillə xatırlayırdı. Atası dünyasını dəyişəndə Nəcibənin vur-tut 10 yaşı olub. Mən hələ uşaqlıq illərindən Nəcibə xanımı tez-tez bizim evdə görmüşəm, o, xalamın baldızı idi. Anam danışırdı, sən körpə idin, Nəcibə xanım bizə gələrdi, səni qucağına götürüb əzizləyərdi.

Sonra tale elə gətirdi ki, yazı-pozuya bağlandım. 14-15 yaşım olanda özümdən bir pyes uydurmuşdum. Yay günlərindən birində Nəcibə xanım Buzovnaya, ata ocağına gəlmişdi, bizə də baş çəkdi. Anam ondan xahiş etdi ki, Kənan bir pyes yazıb, oxusun, bir qulaq as. Əlbəttə, mənim yazdığıma pyes demək olmazdı. Sıxıla-sıxıla “pyes”i oxudum, Nəcibə xanım dedi ki, bu uşaqda ədəbi yaradıcılığa maraq var. Yaxşı olar ki, çoxlu kitablar oxusun, ondan sonra yazıları da yavaş-yavaş püxtələşəcək.

Mən onun məsləhəti ilə Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin bütün dram əsərlərini oxudum. Amma 30 yaşıma qədər pyes yazmadım. İlk pyesimi Pantomim Teatrında oynanılanda artıq Nəcibə xanım neçə illər idi ki, dünyadan köçmüşdü.

Çox adam bilmir ki, Nəcibə xanım tanınmış ictimai-siyasi xadim, 37-ci il repressiyasının qurbanı olmuş Ruhulla Axundovun bacısı qızıdır. Gənc Nəcibə o vaxt Tibb İnstitutuna daxil olmaq istəyirmiş, həkim olmaq arzusunda imiş. Amma “xalq düşməni”nin bacısı qızını kim yaxına buraxardı?

Nəcibə xanımın bacısı Nuriyyə xanım Şərqdə ilk rəqqasə kimi tanınır. Nuriyyə xanımla söhbətlərimizdən birində o, mənə maraqlı bir faktı danışdı. Dedi ki, mənim toyum Leninin ölüm gününə düşdüyündən biz o toyu keçirə bilmədik. Həmişə Leninə qarğış yağdırırdı.

Nuriyyə xanım onu da deyirdi ki, Nəcibə atasız böyüyüb. Atam Haşım bəy polad kimi sınmaz, əyilməz, sözü mərdanə deyən kişi idi.

Onun bu keyfiyyətləri çoxunun, əsasən “lotu” adı ilə meydan sulayanların heç xoşuna gəlmirmiş. Bir gün şəhərdə lotubaşılardan biri atama “ultimatum” verib deyir ki, əgər mənə filan qədər pul verməsən, səni öldürəcəyəm. Atam çox söhbətdən sonra başa düşür ki, bu kiminsə fitvası ilə görülən işdir.

Məsləhətləşib qərara gəlirlər ki, lotubaşı tələb etdiyi məbləği sabah gəlib atamdan, evdən aparsın. Səhəri gün lotubaşı gəlir, atam onun istədiyi məbləği göstərir və bildirir ki, pul, mal-dövlət üçün kimisə qətlə yetirən nakişidir və öz tapançasıyla lotubaşını öldürür. Heç bir vəkilin köməyi olmadan atam məhkəmədə özü-özünü müdafiə edir və bəraət alır.

Mən bu əhvalatı Haşım bəy Saqib haqqında yazdığım “Fəna fasiləsi” romanında təsvir etmişəm. Həmin romanda Nəcibə xanımın da obrazı var. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Haşım bəy Saqib yaradıcılığına qadağa da aradan götürüldü, şairin 600 səhifəlik Divanı nəfis şəkildə çap olundu.

Fransız yazıçısı Aleksandr Düma Bakıya gələndə Nəcibə xanımın babası Əliyar bəyin mülkündə bir neçə gün qonaq qalıb. Əliyar bəy onun şərəfinə ziyafət verib. Bu, tarixi faktdır, bu hadisəni mənə Nəcibə xanımın bibisi oğlu, akademik Ziyad Səmədzadə danışıb. Rus şərqşünası İlya Berezin 1837-ci ildə nəşr olunmuş “Qafqaza səyahət” adlı kitabında Buzovnada Əliyar bəyin qonağı olmasından, onun evində şeir-muğam məclislərində iştirakından bəhs edir.

Qayıdaq Nəcibə xanımın sənət taleyinə. Yeniyetmə Nəcibənin arzusu gözündə qaldığından o, sənədlərini könülsüz olaraq Teatr İnstitutuna verir və qəbul olunur. Görkəmli aktrisa Fatma Qədridən dərs alır. Beləcə, taleyini ömürlük teatra bağlayır. Təhsilini başa vurduqdan sonra bir müddət Gəncə Teatrında aktrisa kimi çalışır. Elə həmin dövrdə də ailə həyatı qurur. Bu ailə bir müddət sonra dağılır. Nəcibə xanım Bakıya qayıdıb Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir. Teatr və kinoda parlaq obrazlar yaradır. “Ögey ana”, “Aygün”, “Əhməd hardadır” filmlərində yaratdığı obrazlar xalqın qəlbinə əbədi olaraq köçüb.

Xalq artisti Əli Nur danışır ki, Nəcibə xanım gözəl aktrisa olmaqla bərabər, həm də gözəl yeməklər bişirirdi. O, sənət dostlarını tez-tez evinə dəvət edir, özünün bişirdiyi ləziz yeməklərə bizi qonaq edirdi. Onun bişirdiyi Buzovna qutabının dadı hələ də damağımdadır. O, yeməyi xüsusi zövqlə bişirərdi.

Nəcibə xanımın oğlu Saqib turizm sahəsində rəhbər vəzifədə çalışırdı. Hər dəfə onunla görüşəndə xahiş edirdim ki, anası haqqında danışsın. Saqib deyirdi ki, anam teatrda işlərinin çoxluğuna baxmayaraq, ev işlərini özü görürdü, evinə, ailəsinə bağlı qadın idi. Bizə də çox yaxşı baxıb, imkan verməyib ki, heç nədən korluq çəkək.

Bu sətirləri yazarkən xəyalən o uzaq illərə qayıdıram və xatırlayıram: Nəcibə xanım əsasən yay aylarında Buzovnaya gələrdi, onun həddən artıq sadəliyi məni heyrətləndirirdi. O, qonaq getdiyi evdə də ev yiyəsinə kömək etməyə çalışırdı, duzlu-məzəli söhbətləri yadıma düşür, özünəməxsus gülüşünü yada salıram. Məni görcək zarafatla “hə, yazıçı, yenə pyes yazırsan?” – deyə soruşurdu.

Bir dəfə İstiqlaliyyət küçəsilə üzüaşağı addımlayırdıq. Ara küçələrdən birinə döndük, birdən Nəcibə xanım bir binanın qarşısında ayaq saxladı. “Bax, bu bina atamın mülküdür”, – dedi. Mən onun gözlərində həsrət, nisgil gördüm. Göz yaşları bəbəklərinə yığılmışdı. Onun əmisi Hacıağa bəy Məlikov da Bakının tanınmış mesenatlarından idi, şəhərdəki mülkləri indi də qalır.

Yazılarım qəzetdə çap olunmağa başlayanda Nəcibə xanım gülə-gülə mənə dedi ki, uşaqlıqda sənə dediyim nəticə verdi, doğrudan da, yazıçı oldun.

Mən bu yazıda Nəcibə xanımın səhnədə, kinoda, televiziyada yaratdığı rollar haqqında danışmadım. Bunlar oxuculara məlumdur. Mən yaddaşımda yaşayan Nəcibə xanım haqqında danışmağa çalışdım. Onun hansı nəslin nümayəndəsi olduğunu diqqətə çatdırmaq istədim.

Kənan HACI,
yazıçı-dramaturq

Mədəniyyət