Günün əsas məsələsi etimad mühitinin yaradılmasıdır
Oktyabrın 20-21-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü baş tutub. Görüşdə iki ölkə arasında etimad mühitinin yaradılması prosesi müzakirə olunub. Otuz beş ildən sonra Bakı ilə İrəvan arasında çarter reysi həyata keçirilib, “Zvartnots” hava limanında Azərbaycan təyyarəsi eniş edib. Bu, şübhəsiz ki, tarixi hadisədir.
Oxuculara xatırladaq ki, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Görüş bir qrup ictimai fəal və ekspert icmasının birgə təşəbbüsü və hər iki ölkənin rəsmi qurumlarının dəstəyi ilə təşkil olunub. “Dəyirmi masa”da Ermənistan tərəfdən Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər. Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil ediblər.
İrəvanda olmuş Azərbaycan vətəndaş cəmiyyəti nümayəndə heyətinin 5 üzvündən biri, Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru və həmtəsisçisi Rusif Hüseynovla söhbətimiz atılan ilk addımın yaratdığı təəssürat, eləcə də vətəndaş cəmiyyətlərinin sülh prosesinə verəcəyi töhfə ətrafındadır.
– Rusif bəy, iki ölkəni sülhə aparan yolda vətəndaş cəmiyyəti institutlarının missiyasını necə dəyərləndirərdiniz?
– Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün baş tutması həqiqətən də tarixi bir mərhələnin başlanğıcı sayıla bilər. İndiyədək hər iki ölkədən müxtəlif ictimai-siyasi xadimlərin, jurnalistlərin, idmançıların, bəzi hallarda deputatların çeşidli formatlı tədbirlər çərçivəsində Azərbaycana və Ermənistana səfərləri baş tutmuşdu. Amma budəfəki səfər sırf ikitərəfli təşəbbüsün nəticəsi kimi bu formatda həyata keçirildi. Məhz bu baxımdan biz bu səfəri çox yüksək qiymətləndiririk. Səfərimizin məqsədi bu il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşün və orada imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun olaraq, sülh prosesinə vətəndaş cəmiyyətlərinin verə biləcəyi töhfəni müəyyənləşdirmək və hər iki xalq üçün bu taleyüklü prosesdə yer almaqdır. Beləliklə, Vaşinqton Bəyannaməsinin ruhuna tam uyğun olaraq, Azərbaycan və Ermənistan arasında danışıqların təkcə siyasi müstəvidə deyil, həm də ictimai səviyyədə, etimad quruculuğu tədbirləri çərçivəsində dəstəklənməsi zərurətinin dərk edilməsi kontekstində bu görüşün böyük əhəmiyyəti var idi. Bir daha vurğulamaq istərdim ki, azərbaycanlı vətəndaş cəmiyyəti təmsilçilərinin birbaşa Ermənistana səfəri və orada erməni həmkarları ilə fikir mübadiləsi aparmaları yeni mərhələnin başlanğıcından xəbər verir.
– Azərbaycan Prezidentinin Ermənistanla nəqliyyat dəhlizinin açılması ilə bağlı qərarı İrəvanda necə qarşılanıb?
– Bu barədə bizə elə görüş zamanı məlumat verdilər və əlbəttə ki, dərhal müəyyən müzakirələrə səbəb oldu. Həm İrəvanda görüşdüyümüz erməni ekspertlər, həm də yerli mediada, sosial şəbəkələrdə paylaşılan rəylərdən belə qənaətə gəlmək olardı ki, Azərbaycan Prezidentinin bu qərarı cəmiyyətdə müsbət reaksiya doğurub. Onlar rəsmi Bakının atdığı bu addımı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına verilən yeni ruh, təkan kimi dəyərləndirirlər. Bu ovqatı iştirakçısı olduğumuz ikitərəfli müzakirələr zamanı müşahidə edirdik. Nümayəndə heyətlərimiz ölkələrimizin cəmiyyətlərini narahat edən geniş spektrli mövzulara, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşmış münasibətlər kontekstində iqtisadi və logistik imkanlar, gələcək etimad quruculuğu tədbirləri kimi məsələlərə toxundular. Bu zaman tərəflər birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanması məsələlərinə də xüsusi diqqət yetirdilər.
– Görüşdüyünüz Ermənistan rəsmilərinin dilindən eşitdikləriniz rəsmi İrəvanın mövqeyi barədə sizdə hansı qənaəti formalaşdırdı?
– Xəbərlərdən izlədiyiniz kimi, bizim Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmək və onun fikirlərini eşitmək imkanımız oldu. Qeyd etməliyəm ki, bu, həm də bizim səfərimizin olduqca əhəmiyyətli məqamı idi. Çünki Azərbaycan nümayəndə heyəti üçün Ermənistan dövlətinin mövqeyini öyrənmək, rəsmi İrəvanın sülh prosesinə hansı bucaqdan baxdığını anlamaq, eləcə də bizi maraqlandıran digər məsələlərə toxunmaq, müəyyən suallara cavab almaq çox vacib idi. Onu deyə bilərəm ki, Armen Qriqoryan çıxışında və bizimlə söhbətində daha çox müsbət notlara kökləndi, əsasən nikbin mövzular üzərində dayandı. Yəni sülh prosesi ilə bağlı Qriqoryanın müsbət fikirdə olduğunu, onun simasında Ermənistan isteblişmentinin Azərbaycanla münasibətlərin tezliklə normallaşmasını istədiklərini hiss etməmək mümkün deyildi.
– Qeyri-hökumət təşkilatlarının iki ölkə arasında etimad mühitinin yaradılmasında hakimiyyət strukturları ilə əməkdaşlığının daha hansı formalarını məqbul sayırsınız?
– Bizim konkret məqsədlərimiz, planlarımız və ideyalarımız var. Ümid edirik ki, nəzərdə tutduğumuz çərçivədə Azərbaycan və Ermənistan liderləri tərəfindən həyata keçirilən dövlətlərarası sülh gündəliyinə öz töhfəmizi verə biləcəyik. Məqsədimiz bu prosesin ardıcıllığını və davamlılığını qoruyub saxlamaqdır. İrəvan görüşündə gördüklərimiz və eşitdklərimiz qarşı tərəfin də bu niyyətdə olduğunu deməyə əsas verir.
– İki xalq arasındakı münasibətlərin Qarabağ münaqişəsinə qədərki səviyyəyə qayıdışını mümkün hesab edirsinizmi?
– Bu, uzun bir yolun yalnız başlanğıcıdır. Qarşıda hər iki xalqı keçilməsi vacib sayılan bir mərhələ gözləyir. Unutmaq olmaz ki, bütöv bir nəsil müharibə şəraitində böyüyüb. Azərbaycan ərazilərinin işğalı keçmişdə bu cür təşəbbüslərin reallaşmasını mümkünsüz edib. Üstəlik, otuzillik münaqişənin travmatik fəsadları hələ də özünü göstərməkdədir. İstər Azərbaycanda, istərsə də Ermənistanda belə görüşləri xoş qarşılamayan, öz aralarında daş divar hörməyi üstün tutan insanlara rast gəlmək olar. Biz onları günahlandıra bilmərik. Sadəcə, onu qeyd etməliyik ki, həyat təsəvvür etdiyimizdən daha sadə və qiymətlidir. Əgər ölkələr öz aralarında sülhə nail olarsa, əmin-amanlıq hökm sürərsə, münasibətlərin normallaşması, insanların əminliklə yaxın əlaqələr qurması zaman məsələsidir.
* * *
İrəvan görüşü iki ölkənin hökumətləri və xalqları arasında sülhə nail olmaq üçün ümumi baxışın və vahid yanaşmanın formalaşması üçün açar rolunu oynayan tədbirlərdən bir kimi dəyərləndirilə bilər. Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvan görüşünə hər ki tərəfin hakimiyyət qurumlarının hərtərəfli dəstək vermələri isə xüsusi qeyd olunmalıdır.
Rusif Hüseynov kimi biz də ümid edirik ki, ən müxtəlif formatlarda ikitərəfli təmaslar, birgə tədbirlər və Ermənistan hökumətinin bununla paralel olaraq revanşist-millətçi ideyalarla mübarizə səyləri hay cəmiyyətinə yeni reallığı daha yaxşı anlamasına və qəbul etməsinə imkan verəcək. Eyni zamanda, bütün sahələrdə əməkdaşlıq bir faktı da istisna etmir ki, Azərbaycan daim milli və dövlət maraqlarının keşiyində dayanmalıdır. Sonda Ermənistan ictimaiyyəti mütləq bu qənaətə gələcək ki, qonşu azərbaycanlılarla müharibə aparmaqdansa, onlarla sülh şəraitində yaşamaq, əməkdaşlıq etmək onların özləri üçün faydalıdır.
Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

