Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

DİA-dan XQ-yə bildirlib ki, tədbirdə akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.

Əvvəlcə 20 Yanvar faciəsi zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində faciə olmaqla yanaşı, milli azadlıq mübarizəsinin şanlı səhifəsidir. Akademik vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında SSRİ rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğını kəskin şəkildə pisləyib, bu hadisəni Azərbaycan xalqına qarşı ağır cinayət adlandırıb. Ulu Öndər baş verənlərə siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib.

Urxan Ələkbərov bildirib ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində obyektiv siyasi və hüquqi qiymət verilib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.

Rektor, həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasına, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi həssaslıqla yanaşılır və bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirilir.

Daha sonra DİA-nın Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova və Beynəlxalq münasibətlər kafedrasının professoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin müdiri Elçin Əhmədov çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi və milli yaddaşımızdakı yeri barədə geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1990-cı ilin o qış günlərində Azərbaycan xalqı ağır sınaq qarşısında qalsa da, öz Vətəninə, torpağına sədaqətini, qəhrəmanlığını və müstəqillik uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib.

Tədbir zamanı vurğulanıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli birliyini daha da möhkəmləndirib və dövlət müstəqilliyinin bərpasına aparan yolun əsas dönüş nöqtələrindən biri olub. Dəyirmi masa müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinin gələcək nəsillərə çatdırılmasının, bu faciənin tarixi dərslərinin daim yadda saxlanılmasının vacibliyi xüsusi qeyd olunub.









Qan yaddaşı