Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.
XQ xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən Azərbaycanın CAR-dakı səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Xocalı soyqırımının insanlıq tarixində qara ləkələrdən biri olduğunu vurğulayıb. Törədilən faciənin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu dilə gətirib.
Qeyd olunub ki, bu cinayət nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirlib, 1275 vətəndaşımız əsir götürülüb, 150 nəfərin isə yeri hələ də məlum deyil.
Vurğulanıb ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının “qan yaddaşı” olduğunu dilə gətirərək, baş verən hadisələrə siyasi qiymət verib. Ulu Öndərin təklifi ilə 1994-cü il fevralın 24-də Azərbaycanın Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyasının bu istiqamətdə böyük uğur qazandığı da toplaşanların diqqətinə çatdırılıb.
Sonra tədbir iştirakçıları səfirlikdə Xocalı soyqırımına həsr edilən fotosərgi, eyni zamanda, törətdilən bəşəri cinayətləri əks etdirən material və kitablarla tanış olublar.






