Kənaniyə bəzi xatırlatmalar
Məlum olduğu kimi, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, ölkəsi Zəngəzur dəhlizi layihəsini 2029-cu ilə qədər başa çatdırmağı nəzərdə tutur. Bilmək olmaz ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin söylədikləri birbaşa Ə.Uraloğlunun dediklərinə cavabdır, ya yox, amma hər bir halda, birincinin dilə gətirdikləri bu baxımdan qiymətləndirilməkdədir. Yəni, cavab təsiri bağışlamaqdadır.
Beləliklə, N.Kənani vurğulayıb ki, İranın Cənubi Qafqazdakı vəziyyət və tranzit dəhlizləri ilə bağlı dəqiq mövqeyi var: “Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün böyük səylər göstəririk. Biz vurğulayırıq ki, tranzit əməkdaşlığının inkişafı geosiyasi dəyişikliklərə və ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulmasına əsas ola bilməz”.
Aydındır ki, İran XİN-in sözçüsü Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyindən danışır. Görəsən, nə üçün regiondakı tranzit əlaqələrinin inkişafı, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı söz düşəndə məsələ məhz Ermənistanın ərazi bütövlüyünün pozulması kontekstində dəyərləndirilir? Əlbəttə, biz Tehran üçün İrəvanın strateji əhəmiyyətini anlayırıq. Onu da bilirik ki, Ermənistan bu məsələni əlində son dərəcə vacib kart kimi saxlamaqdadır.
Ancaq indi fərqli mənzərə var. Təsəvvür edin ki, Tehran geosiyasi dəyişikliklərin baş verməsindən ehtiyatlanır. Ancaq ehtiyatlılıq naminə söykəndiyi Ermənistan onun iradəsindən kənar hərəkət nümayiş etdirir ki, bunun özü də regionda geosiyasi dəyişiklik riskini artırır. Fikrimizin təsdiqi üçün erməni iqtidarının Qərblə yaxınlıq xəttini misal çəkə bilərik. Tam aydındır ki, bu xətt Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasını hədəf seçib. Amma hesab edək ki, Qərb istəyinə nail oldu. O zaman kimsə təminat verə bilərmi ki, növbə İrana çatmayacaq?
İkinci bir məqama diqqət yetirək. Bəli, Türkiyə Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır. Ölkə məsələni Türk dünyasının birləşməsi anlamında görür. Əlbəttə, mənəvi tərəfləri ilə yanaşı, məsələnin iqtisadi anlamı da var. Layihə reallaşacağı təqdirdə Türkiyənin tranzit əhəmiyyəti daha da güclənəcək. Ancaq onu da nəzərə alaq ki, bu təşəbbüs prinsip etibarilə Azərbaycana məxsusdur.
Ölkəmiz, ilk növbədə, digər ərazilərimizin Naxçıvanla quru yoluna sahibliyini düşünür. Əlbəttə, Zəngəzur dəhlizi Orta dəhliz ideyasının tərkib hissəsi kimi də Bakı üçün cəlbedicidir. Yəni ki, hazırda İran Zəngəzur dəhlizi məsələsində qəti görünür.
Ermənistan isə bu qətiyyəti Azərbaycana qarşı siyasi alətə çevirir. Beləliklə, müqavimət qazanır. Müqavimətdən isə Qərbi bölgəyə daxil etmək naminə bəhrələnir. Bu, Tehran üçün sərfəlidirmi? Əlbəttə, yox!
Başqa bir məqamın üzərində dayanaq. Məsələ burasındadır ki, Zəngəzur dəhlizi ideyasını gündəmə gətirən Azərbaycan bu layihəni həm də Ermənistanın müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsinin vacibliyi ilə əsaslandırmaqdadır. Söhbət Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından gedir. Daha konkret desək, bəyanatın 9-cu bəndinə riayət edilməməsindən. İran yazılmışları pozmağamı girişir? Düşünmürük. Hələ Qərblə yaxınlığı bir yana, İrana Rusiya və Türkiyə ilə dirənən, Azərbaycana qarşı barışmaz mövqe tutan Ermənistan lazımdır? Hər halda, hazırda Tehranın regiondakı maraq və mənafelərinin nəzərə alınması baxımından daha etibarlı platforma təklif edilib. Məsələn, “3+3” platforması. O platforma ki, Ermənistan orada, belə demək mümkünsə, candərdi iştirak edir. O platforma ki, regiona aidiyyatı olmayan aktorların bölgədəki təmsilçiliyinə qarşıdır. Axı, bu cür qoyuluş Tehranı məmnun edir. Yenə də sual olunur: Ermənistanın ərazi bütövlüyü və suverenliyi Tehrana nə üçün lazımdır?
Maraqlıdır, hazırda İran və Qərbin Tehrana qarşı olan qüvvələrinin Ermənistanla bağlı eyni mövqedə dayandığına dair təəssürat var. Hər iki qütb Ermənistanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığından söz açır. Sanki, Azərbaycan, Türkiyə və Rusiya təcavüz gerçəkləşdirmək istəyir, onu müdaifə edən Qərbdir, Qərbin jandarmeriyası isə İrandır. Hərçənd, Tehranı bu ampluada təsəvvürə gətirmək çox çətindir. Həm də ona görə çətindir ki, İslam respublikasının prinsipial baxışı var: Region region ölkələri üçündür. Ermənistan bu prinsipə sadiqdirmi? Yuxarıda da ərz etdik ki, İrəvanın sadiq qaldığı məsələlələr tamam başqadır.
Ermənistan öz sadiqliyini göstərmək üçün Qərbin bəzi dairələri tərəfindən ortaya atılmış Ermənistana təcavüz kartından geninə-boluna faydalanır. Zamanı ötürür, daxilini rüspərərəstlərdən təmizləməyə çalışır. Əlbəttə ki, güc də toplayır. Gücü ona görə toplamır ki, özünü xarici təcavüzdən qorusun. O səbəbdən yığır ki, Azərbaycana qarşı avantürist planlarını reallaşdırsın. Bəs bu planlar İranın da marağında olduğu sabitlik üçün təhlükə deyilmi? Məgər Tehranın diplomatik dairələri durumu görmürlər?
***
Görəsən, İranda düşünürlərmi ki, Azərbaycan Zəngəzur dəhlizi ideyasının Ermənistan tərəfindən boykot edilməsindən sonra Naxçıvana asan yolu İran ərazisindən keçirmək niyyətindədir? Buna qarşı ABŞ-dan gələn reaksiyalar Tehran rəsmilərini narahat etmirmi? Məsələyə qayıdacağıq. Hələlik isə onu bildirək ki, Prezident İlham Əliyev hələ 2022-ci ilin əvvəlində İranın şəhərsalma və yollar naziri Rüstəm Qasımini qəbul edərkən, regionda nəqliyyat layihələrinin həyata keçirilməsi məsələsi müzakirə olunmuş və əsasən İran ərazisindən keçməklə, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiyaların əhəmiyyəti qeyd edilmişdi. Tərəflər onu da bildirmişdilər ki, yeni dəhliz elektrikötürücü xətti də daxil olmaqla, mühüm beynəlxalq nəqliyyat kommunikasiyasına çevriləcək, Şimal-Cənub böyük nəqliyyat dəhlizinin halqalarından biri olacaq. Bundan başqa “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə 5 aprel 2022-ci il tarixli fərman da olmuşdu. 2023-cü ilin yarıdan çoxu İran və Azərbaycan arasında gərginliklə müşayiət olunsa da, ilin sonlarına doğru münasibətlərdə yumşalma qeydə alınmışdı.Nəhayət, sonda yenidən Naxçıvana gedən yolun İrandan keçməsi məsələsi üzərində dayanılmışdı. Bunu ilk dəfə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən ilin oktyabrında dilə gətirmişdi.
Daha sonra Prezident İlham Əliyev ötən il dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında məsələyə tam aydınlıq gətirmişdi. Dövlətimizin başçısı ölkəmizin mövqeyini, kifayət qədər, geniş tərzdə ifadə edərək, Naxçıvana yolun Azərbaycan üçün əhəmiyyətinə ətraflı aydınlıq gətirmişdi. Onun üzərində dayandığı xüsus bundan ibarət idi ki, respublikamız Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Amma Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmalıdır: “Bizim onların suverenliyi ilə bağlı hər hansı şərtlərimiz yoxdur, lakin Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Baş nazir Paşinyana artıq söylədiyim kimi, bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil, çünki gediş əsas ərazidən Naxçıvana həyata keçirilir”.
İran rəsmilərinin, o cümlədən ölkəni XİN rəsmisi N.Kənaninin diqqətinə o da çatdırılmalıdır ki, hazırda Tehranın bəyənmədiyi ABŞ cəbhəsində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı barədə söz açılarkən, bununla paralel şəkildə Naxçıvana yolun İran İslam Respublikasından keçməsinə qarşı da demarş halı yaşanmaqdadır. Yəni, prinsip etibarilə Zəngəzur dəhlizi məntiqinə qarşı çıxan Birləşmiş Ştatlar Tehrana əks münasibət ortaya qoymaqdadır və Azərbaycan Prezidenti haqqında söz açdığımız forumda bu məsələyə də açıq və sərt tərzdə toxunmuşdu: “Əslində, sizə deyə bilərəm ki, Brüsseldə Aİ Prezidenti Mişel tərəfindən təşkil olunmuş görüşdə müzakirə etdiyimiz məsələlərdən biri Rusiya-Kalininqrad dəmir yolu xətti kimi təcrübənin istifadəsi idi. Bir sözlə, hər şey mümkündür, sadəcə, Ermənistan istəmir. Onlar bizi bu qütbdən məhrum etmək istədilər və indi isə başa düşdülər ki, bu, bizə heç lazım deyil! Onda onlar şikayətlənməyə başladılar və hətta biz ABŞ Dövlət Departamentinin rəsmilərindən çox müəmmalı məlum bəyanatı eşitdik ki, Birləşmiş Ştatlar əgər yol Ermənistandan keçməsə, buna imkan verməyəcəklər?! Onda mən nə deyə bilərəm? Sadəcə deyə bilərəm ki, bu nədir? Biz bunu üç ildir ki, Ermənistan vasitəsilə etmək istəyirdik. Əgər siz istəyirsiniz ki, yol Ermənistandan keçsin və onda öz yeni erməni dostlarınıza bunu söyləyin! Axı siz bizim İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Deyirsiniz ki, siz yolun çəkilməsinə imkan verməyəcəksiniz. Nə edəcəksiniz? Bombardman edəcəksiniz, nə edəcəksiniz?! Əslində, bu cür məsuliyyətsiz bəyanatlar onları söyləyənlərə heç bir fayda gətirmir və əlbəttə ki, regionda sabitliyi və proqnozlaşdırmanı, o cümlədən bağlantı layihələrini ciddi şəkildə sual altına qoyur”.
Göründüyü kimi, Prezident İlham Əliyev vəziyyəti tam təfsilatı ilə izah edib. Bütün bunlardan sonra N.Kənaninin açıqlamasına bənzər açıqlamalar Ermənistan üçün illüziya yaradır. Hər halda, İran rəsmilərinin bunu nəzərə almaları şərtdir. Nə edək, ümid bəsləyək ki, belə də olacaq.
Ə.CAHANGİROĞLU
XQ

