Azərbaycan-İran əlaqələri yeni mərhələyə qədəm qoyur

post-img

“İran prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri regionda maraqla qarşılandı. Səfər həm Azərbaycan, həm də İran ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gedişdir. Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi kimi də hesab edilir.  Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında siyasi mərkəzdə ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşır”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi mesajlar müsbət məqamlarla yadda qaldığını qeyd edən deputat iki ölkə arasında münasibətlərdə yeni səhifə açıldığını bildirib: “Ölkə liderləri mətbuata birgə bəyanatlarında da iki qonşu dövlətin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi, siyasi, mədəni əlaqələrin daim inkişafda olmasının vacibliyini bildirdilər. İran Prezidentinin Azərbaycana səfəri, müsbət mesajları, eyni zamanda, Azərbaycan liderinin açıqlamaları, Azərbaycan-İran münasibətlərinin inkişaf etməsinin önəmi haqqında bəyanatları onu deməyə əsas verir ki, uzun müddətdir iki dövlət arasında yaşanan problemlər, gərginliklər arxada qala bilər. Cənab İlham Əliyevlə Pezeşkian arasındakı səmimi münasibətlər, aparılan danışıqlar Azərbaycan-İran əlaqələrinin yeni mərhələyə qədəm qoyduğu ehtimalını artırır.  Məsud Pezeşkianın Bakıya səfəri İran-Azərbaycan münasibətlərində “yumşalma” dövrünün başlanğıcı hesab edilə bilər. İmzalanan sənədlər bir daha göstərir ki, münasibətlər möhkəmlənəcək və yeni mərhələyə daxil olacaq”.

Deputat vurğulayıb ki, bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir: “Azərbaycan lideri bildirdi ki, Azərbaycanla İran arasında “ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əminamanlığın təmini, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər üstün tutuldu.  Əlbəttə, bu, iki ölkə arasında münasibətlərin inkişafı üçün Azərbaycanın təklif etdiyi formatdır. Cənab Prezidentin bu təklifinə İran tərəfinin etiraz etməsi, nəyəsə düzəliş etməsi üçün heç bir əsas yoxdur. Əslində Pezeşkianın timsalında bu təklifə qarşı çıxılmasına, hansısa düzəliş edilməsinə bir cəhd də görmədim. Azərbaycan tərəfinin bu prinsipləri beynəlxalq səviyyədə qəbul və icra olunan prinsiplərdir. Bu, iki qonşu dövlət arasında formalaşan münasibətlərdə əsas kimi qəbul edilməlidir”.

O, açıqlamasında qeyd edib ki, görünən odur ki, cənub qonşumuz qlobal və regional müstəvidə dəyişən geosiyasi reallıqlar fonunda qeyri-müəyyən yanaşmaların fayda vermədiyini anlayaraq qarşılıqlı əməkdaşlıqların zəruriliyini dərk edir: "Bakı və Tehran arasında zaman-zaman siyasi məsələlərdə müəyyən ziddiyyətlər mövcud olsa da, iqtisadi-ticari sferada əlaqələr hər zaman dinamik inkişaf edir. Liderlərin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər onu göstərir ki, İran və Azərbaycan birgə strateji əhəmiyyətli infrastruktur layihələri həyata keçirilməsində maraqlıdır. Həmin layihələr arasında Rəşd-Astara dəmir yolu xüsusi əhəmiyyət kəsb edir və bu il tamamlanması nəzərdə tutulur. Bu lahiyə cənub qonşumuzu Avropa və Rusiya ilə birləşdirəcək və eyni zamanda Cənubi Qafqazı mühüm nəqliyyat qovşağına çevirəcəkdir”. 

Pezeşkianın Azərbaycana səfəri və verilən mesajlar barədə fikirlərini yekinlaşdıran F.İbrahimli İranla münasibətdə Azərbaycan faktorunun həlledici amil olduğunu bildirib: “Pezeşkian vurğulayıb ki, Azərbaycanı yad ölkə saymır, burada özünü qərib hesab etmir. Azərbaycan Respublikasına səfər etmiş İran prezidentləri arasında belə səmimi etiraf edən ilk hökumət başçısıdır. Onun Şəhriyardan gətirdiyi sitatın, ölkəmizə və onun liderinə səmimi münasibəti heç şübhəsiz həm də etnik birgəlikdən qaynaqlanır. Pezeşkian milliyyətcə Azərbaycan türkü olduğunu gizlətməyib və İranda yaşayan digər soydaşlarımız kimi o da Azərbaycan Respublikasının 50 milyonluq bir xalqın tək müstəqil dövləti olduğuyla qürur duyur”.

Siyasət