Azərbaycanın İranla münasibətləri strateji əhəmiyyətə malikdir. Tarixi bağlar, dini və mədəni yaxınlıq, eləcə də regional maraqlar bu münasibətlərin sabit və inkişafyönlü xətt üzrə hərəkətini təmin edir. Prezident İlham Əliyevin və Prezident Məsud Pezeşkianın verdikləri mesajlar bu münasibətlərin çoxtərəfli platformalarda daha da güclənəcəyinə və regional təhlükəsizliyin təminatında birgə səylərin artacağına dair nikbin baxışlar yaradır. İkitərəfli görüş İran – Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlandığını və hər iki ölkənin regional liderlik və həmrəylik baxımından daha sıx əməkdaşlığa hazır olduğunu göstərir.
Azərbaycan–İran münasibətləri tarix və coğrafiyanın diktə etdiyi bir zərurət olmaqla yanaşı, eyni zamanda, çağdaş beynəlxalq münasibətlər sistemində özünəməxsus strateji konfiqurasiyaya malikdir. İkitərəfli əlaqələrin kökləri təkcə son onilliklərdəki siyasi münasibətlərlə məhdudlaşmır, onun təməli daha qədim tarixi mərhələlərə aid edilir. Hər iki ölkənin xalqları uzun əsrlər boyu ortaq coğrafiyada yaşamış, İslam sivilizasiyasının ortaq dəyərləri ilə formalaşmış və bu baxımdan "sərhəd" anlayışı çox zaman süni siyasi konturdan ibarət olmuşdur.
Bu kontekstdə nəzəri olaraq konstruktivizm yanaşması münasibətlərin təhlilində əhəmiyyətli yer tutur. Konstruktivizm yanaşması dövlətlərarası münasibətləri təkcə maraqlar deyil, həm də dəyərlər, identiklik və qarşılıqlı inanclar sistemi üzərindən izah edir. Azərbaycan və İran arasında "qardaşlıq", "birlik", "İslam həmrəyliyi" kimi anlayışlar diplomatik ritorikadan kənarda daha dərin mənəvi və tarixi assosiasiyalara malikdir. Elə bu səbəbdən də iki ölkənin əlaqələrini yalnız rasionallaşdırılmış siyasi maraqlar kontekstində deyil, həm də ideya və identiklik üzərindən də duymaq mümkündür.
Lakin XX əsrin geosiyasi reallıqları bu tarixi əlaqələri müəyyən dərəcədə zəiflətmiş, SSRİ-nin dağılmasından sonra isə İran və Azərbaycanın münasibətləri yeni müstəviyə keçmişdir. İran üçün Azərbaycanın müstəqillik qazanması həm regionda yeni qonşuluq siyasəti, həm də Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranması demək idi. Azərbaycan üçün isə İran nəinki bir qonşu dövlət, həm də mühüm geoiqtisadi və dini-mədəni tərəfdaş kimi dəyərləndirilməyə başlandı.
Prezident İlham Əliyevin "Azərbaycanla İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var" fikri də bu münasibətlərin real geosiyasi və strateji kontekstini əks etdirən siqnaldır. Prezidentin ifadəsi ilk növbədə qarşılıqlı etimadın möhkəmləndirildiyini, ikinci növbədə isə yeni əməkdaşlıq formatlarının axtarıldığını göstərir. Gələcək imkanlar enerji, nəqliyyat sahələrində, regional təhlükəsizlik və multilateral diplomatiya sahəsində də açıq görünməkdədir.
İkitərəfli münasibətlərin zərurətini şərtləndirən digər mühüm amil regionda baş verən yeni geosiyasi proseslərdir. Postmüharibə dövründə yaranan yeni reallıqlar, Zəngəzur dəhlizinin gündəmə gəlməsi, Ermənistanla əlaqələr kontekstində İranın balanslı mövqeyi və Azərbaycanla sərhədyanı bölgələrdəki inkişaf təşəbbüsləri bu münasibətlərin daha strateji müstəviyə keçməsini aktuallaşdırır.
Bununla yanaşı, hər iki dövlətin müsəlman ölkəsi olması və İslam həmrəyliyi ideyasına loyal yanaşması İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstəklə müşayiət olunur. İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Azərbaycanın İranın daxili işlərinə qarışmamaq siyasəti də bu münasibətlərin sabit və qarşılıqlı hörmət üzərində qurulduğunu sübut edir.
Azərbaycan və İran arasında qarşılıqlı siyasi dəstək yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də beynəlxalq təşkilatlar çərçivəsində davamlı və sistemli əməkdaşlıqla müşayiət olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadırlar.”
İlham Əliyevin bəyanatı strateji və funksional koordinasiyanın real göstəricisidir. Burada söhbət yalnız formal iştirakdan yox, çoxtərəfli diplomatiya müstəvisində qarşılıqlı legitimləşdirmə prosesindən gedir.
Beynəlxalq təşkilatlar kontekstində bu əməkdaşlığı izah edərkən neoinstitusionalizm nəzəriyyəsi mühüm rol oynayır. Bu yanaşmaya görə, beynəlxalq təşkilatlar dövlətlər üçün davranış qaydaları, normativ çərçivələr və əməkdaşlıq imkanları yaradan institutlardır. Azərbaycan və İran bu təşkilatlarda bir-birinin suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək vasitəsilə həm də qarşılıqlı siyasi öhdəliklərin legitimliyini artırır, beynəlxalq hüququn əsas prinsiplərinə istinadla öz maraqlarını daha güclü müdafiə edirlər.
Digər tərəfdən, konstruktivist yanaşma bu əməkdaşlığın ideoloji və identik aspektlərini vurğulayır. Xüsusilə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıqda "İslam həmrəyliyi", "qardaşlıq", "postkolonial identiklik" kimi anlayışlar qarşılıqlı dəstəyə ideoloji baza yaradır və Azərbaycanla İranın eyni mədəni-sivilizasion kodlara sahib olmasının çoxtərəfli diplomatiyada təsirini artırır.
Tarixən İran və Azərbaycan xüsusilə müsəlman və inkişafda olan ölkələrin iştirak etdiyi platformalarda eyni blokun üzvləri kimi çıxış ediblər. Məsələn, Qoşulmama Hərəkatı – soyqırımı, imperializm, yeni kolonializm və hegemonluğa qarşı çıxan ideoloji əsaslarla formalaşan bu hərəkat hər iki ölkənin beynəlxalq aləmdə müstəqil siyasət yürütməsinə meydan verir. Azərbaycanın bu hərəkatda 2019–2023-cü illərdə sədrliyi və bu müddət ərzində İranla əlaqələrinin intensivləşməsi çoxtərəfli formatların necə effektiv siyasi alətə çevrilə biləcəyini nümayiş etdirir.
Digər mühüm təşkilat – İƏT, əsasən müsəlman ölkələri arasında həmrəylik və qarşılıqlı yardım mexanizmi kimi çıxış edir. İran və Azərbaycanın burada qarşılıqlı dəstəyi, İslam dünyasında baş verən münaqişələrə ortaq baxış, Fələstin məsələsi və İslamofobiyaya qarşı mübarizədə birgə mövqeləri ortaq dəyərlərin qorunmasına xidmət edir və bu amil beynəlxalq arenada İslam dünyasının vahid mövqe formalaşdırmasına töhfədir.
BMT çərçivəsində isə əməkdaşlıq daha çox beynəlxalq hüquqi prinsiplərin dəstəklənməsi üzərində qurulub. Azərbaycanın ərazi bütövlüyü məsələsində İranın açıq mövqeyi və BMT qətnamələrinə istinad edən yanaşması rəsmi Tehranın Cənubi Qafqazda balanslı və hüquqa əsaslanan mövqeyini göstərir.
ECO – İqtisadi Əməkdaşlıq Təşkilatı – çərçivəsində isə tərəflərin əməkdaşlığı geoiqtisadi müstəviyə keçir. Azərbaycan–İran iqtisadi əlaqələrinin inkişafı üçün bu təşkilat həm enerji, həm də nəqliyyat sahələrində çoxşaxəli imkanlar yaradır. Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişdiyi məkanda yerləşən iki ölkənin bu platformadakı əlaqələri regionda iqtisadi inteqrasiyanı gücləndirə bilər.
Regional təhlükəsizlik və diplomatik sinerji
Azərbaycan və İranın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi həm də regional təhlükəsizliyin təminatıdır. Prezident Məsud Pezeşkianın fikirləri də bu kontekstdə mühümdür: “Əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq.”
Pezeşkiandan gətirdiyimiz iqtibas İranın regional təhlükəsizlik prizmasından əməkdaşlığa baxışını göstərir. Azərbaycanın və İranın regional sabitliyi birgə prioritet kimi görməsi onların üçüncü tərəflərin hegemon təsirindən azad çoxtərəfli diplomatiya formalaşdırmaq cəhdidir və belə əməkdaşlıq formatları, eyni zamanda, bölgə dövlətlərinin kollektiv təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi inkişaf istiqamətində öz resurslarına arxalanaraq strateji muxtariyyət qazanmasına xidmət edir.
Prezident İlham Əliyevin “Burada ... regional təhlükəsizlik məsələləri önəmli rol oynayır” fikri də Azərbaycan–İran münasibətlərinin geosiyasi əsaslarının başlıca elementinə işarə edir. Regional təhlükəsizlik yalnız sərhəd stabilliyinin qorunması ilə məhdudlaşmır, həm də enerji təhlükəsizliyi, etnik və dini balansların sabit qalması, transmilli təhdidlərin qarşısının alınması və regiondaxili qüvvə balansının qorunması anlamını daşıyır.
Regional təhlükəsizlik nəzəriyyəsinə əsasən, Cənubi Qafqaz və Yaxın Şərq qarşılıqlı əlaqəli təhlükəsizlik zonaları kimi çıxış edir və bu yanaşmaya görə, bir regionda yaranan təhlükəsizlik təhdidləri təkcə həmin bölgə ilə məhdudlaşmır, eyni zamanda, qonşu regionlara da yayılaraq daha geniş miqyasda təsir göstərir. Bu baxımdan, Azərbaycan ilə İran arasında münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də bu keçid zonasında baş verən təhlükəsizlik və siyasi proseslərin təsiri altında formalaşır. Regional sabitlik, sərhəd təhlükəsizliyi və transregional təhdidlərə qarşı ortaq mövqe tutmaq zərurəti iki ölkə arasında əməkdaşlıq dinamikasının əsas təməlini təşkil edir. Belə təhlükəsizlik əlaqəliliyi, eyni zamanda, daha geniş regional və beynəlxalq aktorların da maraqlarını hərəkətə gətirir və nəticədə regional diplomatiyada strateji koordinasiyanın vacibliyini ön plana çıxarır.
Tarixi baxımdan Azərbaycan–İran münasibətlərində sərhəd məsələsi daim həssas məqam olub. Lakin müasir dövrdə sərhədlərin qeyri-sabitləşməsi yalnız lokal münaqişə riski yaratmır, həm də geopolitik transformasiyanın alovlanma nöqtəsinə çevrilə bilər. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın yeni reallıqları Azərbaycan və İranın sərhəd təhlükəsizliyində əməkdaşlığını daha vacib etmişdir.
İranın Ermənistanla sərhəd bölgəsindəki maraqları və Azərbaycanın Zəngəzur dəhlizi layihəsi kontekstində regional güclərin maraqlarının toqquşması potensialı yaranmışdı. Lakin Pezeşkianın ifadə etdiyi fikirlər – “Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik…” – bu risklərin qarşılıqlı diplomatik anlayışla minimuma endirilə biləcəyini göstərir və bu amil diplomatiyanın təhlükəsizlik siyasətinə çevrilməsinin bariz nümunəsidir.
Geosiyasi reallıqlar və siyasi dialoqun dinamikası
Azərbaycanla İran arasında regional təhlükəsizlik prizmasında əməkdaşlıq həm siyasi sabitlik, həm də iqtisadi inteqrasiya baxımından zərurətə çevrilmişdir. Siyasi nəzəri baxımdan bu, neorealist təhlükəsizlik dilemması ilə liberallaşmış qarşılıqlı asılılıq yanaşmasının sintezidir. Tarixi təcrübə, etnik və dini amillər, geosiyasi dinamika və beynəlxalq güclərin bölgədəki təsiri fonunda bu münasibətlərin strateji rasionalizmlə idarə olunması həm Cənubi Qafqaz, həm də Yaxın Şərqdə sabitliyin əsas təminat mexanizmlərindən biridir.
Perspektivlər və gələcək əməkdaşlıq istiqamətləri Azərbaycan–İran münasibətlərində yeni mərhələnin açılması baxımından regionda strateji sabitlik və qarşılıqlı asılılıq şəraitinin formalaşması üçün geniş politoloji və tarixi çərçivədə dəyərləndirilməlidir. Dövlət başçılarının görüşlərində irəli sürülən “gələcək birgə əməkdaşlıq çərçivələri” ifadəsi ikitərəfli əlaqələrin təkamülündə normativ diplomatiyadan real-praqmatik tərəfdaşlığa keçidin göstəricisidir və bu yanaşma həm siyasi diskursda, həm də praktiki siyasətdə rasionalizm və qarşılıqlı faydalılıq prinsipinə əsaslanır.
Enerji sahəsində əməkdaşlıq məsələsi, xüsusilə Xəzər dənizi hövzəsində Azərbaycanın aparıcı enerji ixracatçısı, İranın isə enerji ehtiyatlarına malik lakin sanksiyalarla üz-üzə qalmış oyunçu kimi mövqeləri fonunda fərqli imkanlar açır. Burada diqqətəlayiq məqam odur ki, bu əməkdaşlıq sadəcə ikitərəfli enerji ticarəti ilə məhdudlaşmır, həm də Avrasiya enerji təhlükəsizliyinə töhfə verə biləcək strateji sinerji potensialını ifadə edir. İranın enerji infrastrukturunun Azərbaycan vasitəsilə yenilənməsi və qarşılıqlı elektrik enerjisi mübadiləsi bu kontekstdə texnoloji və siyasi inteqrasiyanın paralel inkişafına yol açır.
Tarixi aspektdən baxdıqda, İran və Azərbaycanın enerji əməkdaşlığı heç də yeni deyil, lakin dəyişən geosiyasi reallıqlar bu əməkdaşlığa yeni məzmun yükləyir. Qərbin İranla nüvə proqramı ilə əlaqədar münasibətlərinin gərgin olduğu bir zamanda İranın region ölkələri ilə iqtisadi və enerji əməkdaşlığını dərinləşdirməsi ona beynəlxalq sanksiyaların təsirini yumşaltmaq və geoiqtisadi manevr imkanlarını artırmaq baxımından vacibdir. Azərbaycan isə bu əməkdaşlıq vasitəsilə həm regional enerji mərkəzi mövqeyini gücləndirir, həm də İran üzərindən digər regional bazarlara çıxış imkanlarını genişləndirə bilər.
Nəqliyyat dəhlizləri kontekstində isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizi kimi layihələr iqtisadi, siyasi və təhlükəsizlik baxımından da strateji əhəmiyyət daşıyır. Şimal-Cənub dəhlizi İran üçün Rusiya bazarlarına, Azərbaycan üçün isə Hind okeanı və Fars körfəzinə çıxış üçün açar rolunu oynayır. Bu dəhliz üzrə əməkdaşlıq regionda çoxqütblü nəqliyyat infrastrukturunun formalaşmasına və alternativ geoiqtisadi marşrutların inkişafına xidmət edir. Zəngəzur dəhlizi isə xüsusilə, Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin bərpası fonunda İran üçün yeni strateji keçid imkanları yaradır. İran bu dəhlizin açılmasını nəzarətində saxlamaqla həm regional tranzit gücünü artırmaq, həm də Türkiyə və Azərbaycanla əlaqələrini tarazlaşdırmaq imkanı əldə edir.
İslam həmrəyliyi məsələsinə gəldikdə, bu aspekt Azərbaycan və İran arasında ideoloji və mədəni yaxınlığın siyasi platformalara da ötürülməsi baxımından əhəmiyyətlidir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və İranın birgə mövqeləri, xüsusilə islamofobiya, Qüds məsələsi və müsəlman ölkələrinin hüquqlarının müdafiəsi kimi məsələlərdə koordinasiyalı çıxış etmələri onların beynəlxalq münasibətlər sistemində daha vahid səsə çevrilməsinə şərait yaradır. Fikrimizcə, bu, İslam ölkələrinin Qərb hegemoniyasına qarşı normativ müqavimət göstərməsinin mümkün modellərindən biri kimi qəbul oluna bilər.
Sərhədyanı əməkdaşlıq və infrastruktur layihələri isə yuxarıda qeyd edilən bütün sahələrin praktik müstəviyə keçirilməsi üçün baza funksiyası daşıyır. İran–Azərbaycan sərhədində sənaye parklarının qurulması, gömrük məntəqələrinin modernləşdirilməsi və sərhəd bölgələrində birgə iqtisadi zonaların yaradılması regional inteqrasiyanın mikro səviyyədə institusionalizasiyası deməkdir. Belə təşəbbüslər də iqtisadi, sosial və humanitar inteqrasiyanın genişlənməsinə xidmət edir, eyni zamanda, dövlətlərarası inamı dərinləşdirir, xalq diplomatiyasına əsaslanan yeni əməkdaşlıq mühitləri yaradır və uzunmüddətli sabitlik üçün möhkəm sosial baza formalaşdırır.
Nəticə etibarilə, Azərbaycan–İran əməkdaşlığının gələcək perspektivləri sadəcə qarşılıqlı faydalılıq üzərində qurulmuş iqtisadi münasibətlərdən ibarət deyil, ikitərəfli münasibətlər artıq regional təhlükəsizlik arxitekturasının, geoiqtisadi keçidlərin və normativ-mədəni yaxınlaşmanın strateji sütununa çevrilməkdədir. Dövlətlərin siyasi iradəsi, praqmatik yanaşmaları və regional çağırışlara uyğun adaptiv siyasətləri əməkdaşlığı dərinləşdirərək onu yeni regional nizamın formalaşmasında təsiredici aktora çevirməyə qadirdir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, fəlsəfə doktoru