Araz üstündən geriyə baxmadan irəli!

post-img

 İki dövlətin liderləri Bakı görüşlərində xoş niyyət və siyasi qətiyyət nümayiş etdirdilər

Bu səfəri hər iki tərəf gözləyirdi. Azərbaycan və İranın siyasi rəhbərliyi səviyyəsində görüşün vacibliyini şərtləndirən amillər kifayət qədər idi. Yaxın qonşuluq, tarixi, dini, mədəni ortaqlıq kimi cəhətlər yüksək səviyyəli görüşə xüsusi önəm, əlahiddə əhəmiyyət qazandırmaqla yanaşı, həm də çoxdan həllini gözləyən bəzi məqamlara aydınlıq gətirilməsi nöqteyi-nəzərindən də diqqət mərkəzində idi. İran Prezidenti Məsud Pezeşkianın Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək, məhdud çərçivədə və geniş tərkibdə görüşlərində çoxdan yığılıb qalmış məsələlərin birgə həlli istiqamətində açıq və səmimi dialoqun şahidi olduq.

Azərbaycana ilk rəsmi səfərində əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdirilməsinin zəruriliyindən danışan və bunu imzalanan hökumətlərarası 6 müqavilə ilə əməldə nümayiş etdirən M.Pezeşkianın protokol qaydalarını aşan çıxış və açıqlamaları görüşə doğmalıq ab-havası qatması ilə yadda qaldı.

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək”.

Bəli, qonşu ölkənin limanlarının birində baş vermiş müdhiş partlayış və çoxlu sayda qurbanların olması səbəbindən bu səfər təxirə salına bilərdi. Dost gəlişinin bayrama çevrilməsinə mane ola biləcək məqamda o cür qərarı qəbul etdiyinə görə İran Prezidentini qınayan olmazdı. Amma Məsud Pezeşkian bu ağrının üstündən keçməsə də, qardaş və dost ölkəyə ilk gəlişinin vədəsini dəyişmədi. Bu, onun üçün nə qədər çətin olsa da, sözünün üstündə durdu. Azərbaycan Prezidenti birgə mətbuat konfransında iranlı həmkarının məhz bu qərarını yüksək qiymətləndirdiyini dilə gətirdi, eyni zamanda, qonşu İran xalqına başsağlığı verməyi də unutmadı. Bu, səbr və siyasi iradə nümayişi idi. Dövlət başçımızın bu jesti ali qonağın diqqətindən yayınmadı və o, bunu mətbuat üçün veridiyi bəyanatında xüsusi olaraq vurğuladı: “Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə əldə olunmuş bütün nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik”.

Ardınca isə dövlətimizin başçısı iranlı həmkarı ilə ikitərəfli formatlı danışıqlarda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplərin üstün tutulduğunu birmənalı şəkildə vurğuladı. Sözdə və əməldə həmrəyliyin nümayişi sayıla biləcək bu açıqlamalar iki prezidentin Bakı görüşlərində aydın şəkildə və hamının başa düşəcəyi dildə ortaya qoyduqları xoş niyyətin və nümayiş etdirdikləri siyasi qətiyyətin təntənəsi idi. Bu ortaq mövqe həm tarixi gerçəkliklərə əsaslanır, həm də müasir geosiyasi reallıqları və iki ölkə arasında diplomatik münasibətlərin normal məcraya salınması üçün göstərilən səyləri özündə ehtiva edir. Nə gizlədək, Azərbaycan dövləti və xalqımız bu səfəri, səmimi görüşü və bədxahlarımızın bağrını yaran isti təmasları intizarla gözləyirdi. Axı, bizi birləşdirən tellər ayırmağa çalışdıqlarından qat-qat çoxdur...

Bakı görüşləri zamanı aparılan danışıqlarda və verilən bəyanatlarda diqqəti çəkən bir incə məqama da toxunmağımız gərəkir. Daha doğrusu, ikili görüşlərdə, mətbuat üçün verdikləri açıqlamalarda dövlət başçılarının yada salmadıqları incə məqamları nəzərdə tuturuq. İran Prezidenti Məsud Pezeşkian “Əziz qardaşım!” deyə müraciət etdiyi Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərin heç birində iki ölkə arasında münasibətlərin bəzi hallarda gərginləşməsinə, soyumasına səbəb olmuş hadisə və insidentləri yada salmadı. Keçmişdə baş verənləri elə keçmişdə buraxmağa üstünlük verdiyini göstərdi. Bu, iki qonşu dövlətin başçılarının bundan sonra səmimi qonşuluq və faydalı əməkdaşlıq prinsiplərinə söykənərək, geriyə deyil, yalnız irəliyə – tərəqqiyə, uğura baxaraq getmək niyyətlərlərindən xəbər verirdi.

“Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq”.

Məsud Pezeşkian bununla həm də onu demək istəyirdi ki, iki ölkə arasında qaranlıq məqamları aydınlığa çıxaraq və geriyə baxmadan irəli istiqamətlənək. Bu məqamı isə ayrıca qeyd etmək lazımdır. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Heydər Əliyev Mərkəzində Azərbaycan–İran biznes-forumundakı çıxışını belə bitirdi: “Mən əziz qardaşım, möhtərəm cənab Prezident İlham Əliyevə bizə və ümumiyyətlə, İrandan gələn əzizlərimizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlıq edirəm. Həqiqətən də, minnətdarlıq ediləsidir. Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq”.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərdə dönüş nöqtəsi ola bilər. Azərbaycan və İran iki qonşu dövlətdir və min ildən çoxdur ki, bizim aramızda tarixi, dini, mədəni bağlar yaranıb. Axı, biz uzun müddət bir dövlətdə yaşamışıq. Doğrudur, son iki əsrdə Rusiya işğalından sonra ayrılmalı olmuşuq. Bu gün ticarət dövriyyəsinin aşağı səviyyədə, əlaqələrin məhdud çərçivədə olması da danılmaz faktlardır. Əslində, bu qüsurların aradan qaldırılması üçün ilkin addımın atılması, davamlı siyasi dialoqun başlanması çox vacib idi. Dövlət başçıları səviyyəsində dialoq baş tutduğu halda, bir çox məsələlər üzrə qəbul edilmiş qərarların icrası hansısa nazirliyin, komitənin dəftərxanasında, yaxud məmurun kabinetində ilişib qalanda münasibətlər də axsamağa başlayır. Həmin maneələri aradan qaldırmaqdan ötrü yüksək səviyyədə dialoqun aparılmasına ehtiyac vardı.

Hesab edirəm ki, Paşinyanın Bakı səfərindən sonra pozitiv addımların atılacağının şahidi olacağıq. Diqqətimizi cəlb edən məqamlardan biri ikitərəfli münasibətlərdə üçüncü tərəfin müdaxiləsinin olmaması, kənar maraqların ortaya atılmamasıdır. Yəni, ikitərəfli münasibətlər yalnız Azərbaycan və İranın müştərək maraqları əsasında formalaşmalıdır. Bu maraqlara Xəzərin bögüsündən tutmuş sərhədyanı layihələrimiz, Araz nəqliyyat marşrutu, su elektrik stansiyalarının, bəndlərin inşası, eləcə də transmilli Şimal–Cənub layihəsi daxildir. Bunların hamısı, təbii ki, həm Azərbaycanın, həm də İranın maraqlarına cavab verən layihələrdir. Düşünürəm ki, bu istiqamətlər üzrə irəliləmək mümkündür. Bütün hallarda Pezeşkianın Bakıya səfəri, burada keçirdiyi görüşlər əməkdaşlığın davamlı olması və genişlənməsinə öz töhfəsini verəcək.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Azərbaycan və İran bölgədə mühüm rola və çəkiyə malik dövlətlərdir. Bu isə özlüyündə regional təhlükəsizliyə təkan verən ciddi amildir. Məhz bu kontekstdən yanaşsaq, İran Prezidentinin Azərbaycana səfəri, burada bir sıra problemlərin müzakirəsi, bir çox sazişlərin imzalanması məhz bu amilin əyani göstəriciləridir. Artıq imzalanmış sazişlər əsasında Azərbaycanda, regionda böyük layihələr həyata keçiriləcək.

Biz onu da başa düşürük ki, İran qonşu dövlətdir, xalqlarımız əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıblar. Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfərindən sonra bir sıra istiqamətlərdə əməkdaşlığımız güclənəcək. Şübhəsiz, bu, bir reallıqdır. Çünki əldə olunan razılaşmalar həm Azərbaycanın, həm də İranın dövlət maraqlarına cavab verir.

Onu da qeyd etmək lazımdır ki, İranın liman şəhərində böyük faciə baş verdi. Amma buna baxmayaraq, dövlət başçısı Azərbaycana rəsmi səfərini təxirə salmadı. Bu, Azərbaycan xalqına və dövlətinə dərin hörmətin nümayişi sayılmalıdır. Hesab edirik ki, bu səfərdən sonra ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək. İnkişafa aparacaq bu yolda tərəflərin çox mühüm addımlar atacağına əminik.

İmran BƏDİRXANLI
XQ





Siyasət