Xocalı cəlladı Vitali Balasanyan Rusiya Prezidentinə yalvarış məktubu göndərib
Qarabağ canisi Vitali Balasanyan sakitliyi pozub. Özü də birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlamaqla. Bəri başdan deyək ki, cəllad Balasanyanın Kreml rəhbərinə məktubu Böyük Vətən müharibəsindəki qələbənin 80 illiyi ilə bağlı olub. Amma sənəd daha çox yalvarış və belə demək mümkünsə, “biət manifesti” təsiri bağışlayır. Təxminən belə: Rusiya gəlib hayları himayəsinə alsın və ermənilər yenidən azğınlaşsınlar. Görünür, hay azğınlığın Qərb trayektoriyası Vitalini qane etmir.
Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında reallaşdırdığı lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra Qarabağdan tülkü kimi qaçıb Ermənistana sığınan Vito ləqəbli cani məktubunda sentimentallığa güc verib. O, bir sıra məqamlara toxunmaqla, özü də fərqinə varmadan tarixi reallıqları açıqlayıb. Sonda söhbətin hansı tarixi reallıqlardan getdiyini bildirib nəticəyə gələcəyik. Hələlik isə Vitonun məktubunda nələri yazdığına nəzər salaq.
Balasanyan sözünə Putinə tərif yağdırmaqla başlayıb. Ardınca isə o, hayların BVM-də zəfərin əldə olunmasındakı rolundan danışıb, hətta faşizm üzərində qələbənin böyük marşalı kimi tanınan Georgi Jukovun ermənilər barədə dediyi iddia olunan xoş sözlərdən iqtibas gətirib. Əlbəttə, bilmək olmaz, Jukov hayların döyüş qabiliyyətini tərifləyib, ya yox. İkincisi, marşal başqa xalqların savaşdakı rolu barədə də fikirlər bildirib. Yəni məsələdən dividend götürmək mənasızdır. Amma Balasanyanın bunun fərqində olmaması mümkündür. Çünki bu məxluqun sözünün canı var.
Sən demə, BVM-də iştirakçısı olmuş ermənilərin 90 mini Qarabağ mənşəli imiş. Bölgə haylarının 29-u isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülübmüş. Faktı təsdiq və inkar etmək kimi niyyətindən uzağıq. Həm də ona görə uzağıq ki, Qarabağın erməni əhalisi anlayışında bu əhalinin azərbaycanlılarla assimlyasiya faktoru var. Qan məsələsi isə önəmlidir. Yəni, axtarsaq, BVM-də fərqlənmiş ermənilərin bir çoxu türk kökənlidir. Hərçənd, məqsədimiz bunu vurğulamaq deyil. Nə isə…
Balasanyanın Rusiya liderinə ünvanladığı pafos dolu məktubunda yer almış “Qarabağ erməniləri qəhrəmanlıqları ilə gözəl yurdlarının şöhrətini əbədiləşdirdilər” fikrinə diqqət yetirək. Sanki, Qarabağ ayrıca respublika imiş, Azərbaycana aid deyilmiş. Əslində, bütün problemlər məhz bu sərsəm təsəvvürdən başlamışdı.
Yada salaq ki, hələ sovet hakimiyyəti illərində Qarabağı Azərbaycandan ayırıb Ermənmistana birləşdirmək niyyətləri olmuş, belə cəhdlər nəticəsiz qalmışdı. Ancaq üzərindən müəyyən zaman keçmiş, Balasanyan isə Vito ləqəbli cəllada çevrilərək bu avantüranın gerçəkləşməsinə qol çırmayanlardan biri olmuşdu. Sonra nələr yaşanmışdı, hamımızın xatirindədir. Eləcə də Vitonun Xocalıda dinc azərbaycanlılara qarşı “qəhrəmanlığı” yaddaşlardan silinməyib.
***
V.Balasanyan Putinə müraciətində BVM-də qəhrəmanlıq göstərimiş Çardaxlı kəndinin erməni sakinlərindən də söz açıb. Maraqlıdır ki, Vito sözügedən kəndi Qarabağa daxil olan yaşayış məntəqələrindən biri kimi göstərib. Əvvəla, Çardaxlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yer almayıb. İkincisi, hazırda həmin kənd Tovuz rayonunun Ermənistanla sərhədində yerləşir. Yəni sərhədin Azərbaycan hissəsində Çardaxlı, Ermənistan hissəsində Zorakan var. Onu da bildirək ki, zamanında bu iki kənd Çardaxlı adlanıb. Orada ermənilər yaşayıblarmı? Bəli, haylar kənddə ömür sürüblər. Balasanyanın dediyi kimi, Çardaxlıdan çoxlu hərbçi çıxıb.
Sən demə, Azərbaycan hakimiyyəti 1987-ci ildə, yəni, 1988-ci ildəki Qarabağ hərəkatı başlamazdan əvvəl genişmiqyaslı aksiya keçirərək, Balasanyanın dili ilə desək, qəhrəman kəndin yerli erməni əhalisini zorla deportasiya edib: “Azərbaycanlılar “Marşallar kəndi”nin tarixini, erməni keçmişini silmək üçün hər şey etdilər. Marşal Baqramyanın abidəsi dağıdıldı, daha sonra abidəni maşına bağlayıb sürüyərək təhqir etdilər. Baqramyan və digər marşal Babacanyanın muzeyi çayxanaya çevrildi, qəbirlər dağıdıldı, xaçlar məhv edildi. Marşalları simvolizə edən iki məşhur çinar ağacı kəsilib yandırıldı”.
Vito bilməmiş deyil ki, nəinki Çardaxlı kəndində, həmçinin Qarabağda, bütövlükdə Azərbaycan ərazilərində və Cənubi Qafqazda ermənilərin məskunlaşdırılmasına 1830-cu ildən başlanılıb. Proses əvvəl çarizmin, sonra Sovet hakimiyyətinin regionda etnik tərkibi dəyişdirmək siyasətindən qaynaqlanmışdı. Prezident Putin bunları çox yaxşı bilir. Həm də ona görə yaxşı bilir ki, bugünkü erməni nankorluğu həmin siyasət nəticəsində rus varlığının erməni toplumu üçün verdiyi imtiyazların, yaratdığı şəraitin səhv addım olduğunu sübuta yetirir.
Əlqərəz, Çardaxlı kimi kəndlərə də ermənilərin köçürülməsi, yerli türk əhalisinin say üstünlüyünü aradan qaldırmağa xidmət edirdi. Bu, gələcəkdə bölgədə baş verə biləcək müqavimətləri zəiflətmək məqsədi daşıyırdı. O ki qaldı, ermənilərin Azərbaycan SSR Çardaqlısından Ermənistan SSR-in Zorakanına köçürülməsinə, əslində, bunu doğurmuş şəraiti hay millətçiləri özləri formalaşdırdılar. Sonra buna bənzər planı, özü də daha böyük miqyasda Sumqayıtda reallaşdırdılar. Yəni həm Çardaxlıda, həm də Sumqayıtda daşnakların sıravi ermənilərə qarşı həyata keçirdikləri zorakılıq halları Ermənistanın Azərbaycana qarşı ərazi iddiası motivi hazırlamağa hesablanmışdı. Bu motiv üçün başlıca məqsəd azərbaycanlılarla ermənilərin birlikdə yaşamalarının qeyri-mümkünlüyü rəyini formalaşdırmaq idi.
Sözümüz ondadır ki, V.Balasanyan Putinə məktubunda erməni toplumunun azərbaycanlılara qarşı dözümsüz yanaşmasının nəticələrini açıqlayır. Məsələn, o bildirir ki, 1988-ci ildə o zamankı Kirovabad, indiki Gəncə şəhərində marşal Baqramyanın abidəsi yıxıldı. Eyni taleni həmin il pilot Nelson Stepanyanın Şuşadakı abidəsi də yaşadı. O zaman sual olunur: təkcə 1988-ci ildən 1991-ci ilədək azərbaycanlıların Ermənistandan deportasiyası zamanı nə qədər türk abidəsi dağıdılmışdı? Nə üçün Ermənistana paytaxt verilmiş qədim Azərbaycan şəhəri İrəvanın türk mirası qalmayıb. Bəlkə Balasanyanın da iştirakçısı olmuş müharibə və işğal siyasəti nəticəsində ərazilərimiz viran edilməmişdi? Hər halda, cənab Putin bütün bunlardan da xəbərdardır. Vitonun Qarabağın “XX əsrin 20-ci illərində bolşeviklər tərəfindən yenicə yaranmış Azərbaycan Respublikasına” daxil edilməsi cəfəngiyyatından da həmçinin.
***
Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. V.Balasanyanın da Rusiya liderinə məktubundan məqsəd Qarabağ avantürasının davamı baxımından tutacaq yer formalaşdırmaqdır. Hər halda, o, kimə üz tutduğunu yaxşı bilir. Bilir ki, nəinki Qarabağda, ümumən Cənubi Qafqazda erməni varlığı üçün yaşıl işıq yandıran ruslar olub. Ona görə də Vito BMV-də döyüşən ermənilər məntiqi ilə köhnə günləri geri qaytarmaq üçün yalvarış edir: “Bu gün Qarabağ erməniləri müxtəlif səbəblərdən öz tarixi yurdlarından məhrumdur. Hesab edirik ki, bu ədalətsiz prosesi yalnız Rusiya xalqı və dövləti dəyişə bilər. Rusiya imperiyası erməni xalqına öz dövlətçiliyini və kimliyini qorumaq üçün şərait yaratmışdır”.
Göründüyü kimi, Balasanyan məktubunda keçmişə baş vurur və tarixi erməni baxış bucağından diqqətə çatdırıb manipulyasiya yolu tutur, Qarabağın hay toplumuna məxsusluğu iddiasını qaldırır. Ancaq onun Rusiya faktoruna nəzərən açıqladığı bir tarixi fakt var. Xocalı cəlladı Rusiyaya vəfa borcu kimi irəli sürdüyü fikirlərinin isbatı baxımından 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələrini yada salır. Nəzərə alaq ki, ermənilərin Cənubi Qafqaza köçürülmələri Rusiya–İran müharibələrinin nəticələrini təsdiqləyən bu iki müqavilənin şərtlərinə uyğun həyata keçirilmiş proses olub.
Bəli, Balasanyan özü də fərqinə varmadan Cənubi Qafqazdakı erməni varlığının real tarixinin məhz həmin müqavilərə bağlı olduğunu açıqlayır. Bu xatırlatmadan sonra Vitonun Putinə “Sizin vasitəçiliyinizlə Qarabağ erməniləri – Böyük Vətən Müharibəsində qələbə qazanan xalqın davamçıları – yenidən tarixi yurdlarına qayıda biləcəklər. Həmçinin, minilliklər boyu yaradılmış tarixi-mədəni irsin, o cümlədən kilsələrin, müxtəlif binaların, yaşayış məntəqələrinin, BVM-yə həsr olunmuş abidələrin qorunması və xilası üçün təcili praktiki addımlar atılacaqdır” şəklində xitab etməsi miskinliyin dramatizmi və kuliminasiya anıdır.
***
Azərbaycan dövləti Qarabağı və digər tarixi torpaqlarını özünə qaytarmaqla, təkcə qədim xalqımızın milli mənliyini və qürurunu bərpa etmədi, eyni zamanda, iki yüz illik erməni planını pozdu. Yada salaq ki, Prezident İlham Əliyevin “Ordumuz tarixi planı 44 günə məhv etdi” kimi böyük fəxrlə bəyan etdiyi fikri var. Bununla belə, dövlətimizin başçısının timsalında Azərbaycan istər İkinci Qarabağ müharibəsindən, istərsə də lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistana sülh əlini uzadıb...
Bəli, V.Balasanyanın Rusiya Prezidentinə ünvanladığı məktub Kreml rəhbərinə erməni planını yenidən işə salmaq çağırışı, hətta yalvarışıdır. Nəzərə alaq ki, Ermənistanda balasanyanlar, onun kimi revanşist və şovinistlər, faşist xislətlilər kifayət qədərdir. Belə xarakter sahiblərinin çoxluq təşkil etməsinin nəticəsidir ki, hazırda rəsmi İrəvan Bakı ilə sülhə gəlmək istəmir, sürətli silahlanma kursu götürür, erməni silahlı qüvvələri şərti sərhəddə atəşkəsi pozurlar.
Hay millətçiləri həm tarixin müxtəlif dövrlərindəki, həm də 1988-ci ildən sonra olduğu kimi, Azərbaycan xalqı ilə normal keçinə bilmədiklərini sübuta yetirirlər. Deməli, ölkəmizin uzatdığı sülh əli havada qalır. Başqa sözlə desək, döyüş meydanında layiqli cəzalarını alan ermənilər, mahiyyətcə, yenə eyni “ampluadadırlar” və Balasanyanın məktubu fikrimizin sübutudur.
Ancaq təkcə Vitonun deyil, bütövlükdə, erməni millətçilərinin unutduğu bir reallıq var. Reallıq budur ki, Azərbaycan artıq özündən nəinki bir yaşayış məntəqəsinin, heç bir qarış torpağın da alına bilinməyəcəyi güclü və qüdrətli dövlətdir. Yəni belə yalvarışlar heç bir nəticə verməyəcək. Əksinə bu kimi hərəkətlərin doğura biləcəyi illüziya və ondan qaynaqlanan destruktiv meyillər Ermənistana yeni fəlakət yaşadacaq.
Sonda bildirək ki, Balasanyan İrəvanda oturub sərsəmləməkdənsə, Putinə məktub yazmaqdansa, Ermənistanın yeni fəlakətlə üzləşməməsi üçün Allaha yalvarsa, daha yaxşıdır. Tülkü xislətli bu məxluq quqasyanlar, araiklər və digər separatçı ortaqları kimi Bakı həbsxanalarına düşmədiyinə görə dua edə, həmçinin dinc azərbaycanlıların başına gətirdiyi faciələrə görə Tanrı dərgahında bağışlanmasını diləyə bilər.
Ə.RÜSTƏMOV
XQ