Bu gün müstəqil Azərbaycan dünya birliyində öz layiqli yeri olan, mövqeyini gündən-günə möhkəmləndirən güclü dövlətlərindən biridir. Qonşu dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq, mehriban münasibətlərin inkişaf etdirilməsi, bölgədə sülh və əmin-amanlığın bərqərar olması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Çoxəsrlik ortaq tarix və mədəniyyətə malik olan müstəqil Azərbaycanla İran İslam Respublikasının tarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır.
İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi, 1992-ci ilin mart ayından İranın Naxçıvan şəhərində Baş Konsulluğu , 2004-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyətə başlayıb. Ümumilikdə, dövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir. Bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında bu səfərin qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini bildirərək dedi: "Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”.
Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran–Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Ölkələrimiz hazırda beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi.
Prezident İlham Əliyevin bəyanatında bu aspekt belə vurğulandı: “İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.” Göründüyü kimi, Azərbaycanla İran yalnız regional deyil, qlobal diplomatik platformalarda da ortaq mövqelər nümayiş etdirirlər. Dövlət başçımız mətbuata bəyanatında həm də qeyd etdi ki, “Azərbaycanla İran arasında Azərbaycan–İran–Rusiya, Azərbaycan–İran–Türkiyə, Azərbaycan–İran–Gürcüstan–Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur”.
Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Azərbaycan ilə İran arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi diqqət çəkir. Azərbaycan və İran Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan Hindistanı, İranı, Fars körfəzi ölkələrini Rusiya ilə, daha sonra isə Avropa ilə birləşdirən bir layihənin həyata keçirilməsində də əməkdaşlıq edir. Bu layihə Azərbaycan və İran üçün strateji əhəmiyyətə malik olmaqla yanaşı, regionun tranzit potensialını genişləndirən çoxşaxəli layihədir.
Ölkə başçısı bəyanatında bildirdi: “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal–Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.
Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Son illər ərzində ölkələr arasında imzalanmış 147 sənəd qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir ki, bu da Azərbaycanın və İranın inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət daşıyan mühüm hüquqi bazanı təşkil edir.
Səfər çərçivəsində imzalanan 5 mühüm sənəd münasibətlərin hüquqi-institusional bazasının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə, 2025–2027-ci illəri əhatə edən Siyasi Məsləhətləşmələr Proqramı müntəzəm diplomatik təmasların təminatçısı rolunu oynayır. 2025–2028-ci illər üçün Mədəni Mübadilə Proqramı, nəqliyyat, dənizçilik, mədəniyyət və media sahəsində imzalanan digər sənədlər əməkdaşlıq platformalarının formalaşdırılmasını nəzərdə tutur. Bu isə regionda informasiya təhlükəsizliyinin təmin edilməsində və mədəni diplomatiyanın inkişafında vacib rol oynayır.
Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi.İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, əldə edilmiş razılaşmalar, aparılan danışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gələcəkdə daha da dərinləşəcək və sadəcə iki qonşu dövlətin deyil, bütövlükdə, regionun inkişafına xidmət edəcəkdir.
Gülxarə TARVERDIYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı