Ermənistanda İkinci Qarabağ müharibəsinin nəticələri ilə barışmaq istəməyən revanşist qüvvələr Nikol Paşinyanın devrilməsinə kütləvi aksiyalar vasitəsilə nail ola bilmədiklərini başa düşdükləri üçün yeni üsula əl atmaq qərarına gəliblər.
Bu dəfə onlar digər ölkələrdə çoxdan sınanmış üsulla – parlamentdə impiçment yolu ilə məqsədlərinə nail olmaq istəyirlər. Bu məqsədlə ictimai fəallar Narek Malyan və Edqar Kazaryan önə çıxıblar. Onlar parlamentin hər bir deputatına Paşinyanın istefası prosesini başlatmaq çağırışı ilə məktub göndəriblər.
Ermənistanda İkinci Qarabağ müharibəsinin nəticələri ilə barışmaq istəməyən revanşist qüvvələr Nikol Paşinyanın devrilməsinə kütləvi aksiyalar vasitəsilə nail ola bilmədiklərini başa düşdükləri üçün yeni üsula əl atmaq qərarına gəliblər. Bu dəfə onlar digər ölkələrdə çoxdan sınanmış üsulla – parlamentdə impiçment yolu ilə məqsədlərinə nail olmaq istəyirlər. Bu məqsədlə ictimai fəallar Narek Malyan və Edqar Kazaryan önə çıxıblar. Onlar parlamentin hər bir deputatına Paşinyanın istefası prosesini başlatmaq çağırışı ilə məktub göndəriblər.
Qeyd edək ki, N.Malyan yazıçı, ictimai fəal və piar üzrə ixtisaslaşmış mütəxəssisdir. O, 2019-cu ildə “Veto” adlı vətəndaş hərəkatını təsis edib. Hərəkat, Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nun Ermənistandakı təsirinə qarşı mübarizə aparmağa yönəlmişdi. Malyan 2023-cü ilin sentyabrında “Artsaxı xilas etmək” çağırışı ilə keçirilən aksiyada iştirak etdikdən sonra saxlanılıb və “zorakılığa çağırış” ittihamı ilə bir il müddətinə həbs olunub. 2024-cü ilin sentyabrında azadlığa çıxıb.
E.Kazaryan isə ictimai-siyasi xadim, sabiq diplomat və müxalifət funksioneridir. O, 2018-ci ildən etibarən Paşinyan hökumətinin siyasətini sərt şəkildə tənqid edir və “Müstəqillik hərəkatı”nın rəhbəri kimi tanınır. Kazaryan vaxtilə Polşada fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. Həmçinin, Dərələyəz (Vayoçdzor) vilayətinin qubernatoru işləyib. Kazaryan N.Paşinyan hökumətinin daxili və xarici siyasətini sərt şəkildə tənqid edir. 2022-ci ilin avqustunda İrəvanda keçirilən mitinqdə Paşinyanın istefasını tələb edib. O, hökumətə qarşı mübarizəni davam etdirəcəyini dəfələrlə vurğulayıb. Kazaryan baş nazir Paşinyanı “xalqın iradəsini pozmaqda” ittiham edir və ölkənin müstəqilliyini qorumaq üçün mübarizənin vacibliyini bildirir.
Qeyd etdiyimiz kimi, ictimai fəallar deputatlara impiçment proseduruna başlanması barədə məktubla müraciət ediblər. Çağırışa ilk olaraq radikal revanşist kəsimin əsas qüvvəsinin cəmləşdiyi parlamentdəki “Ermənistan” fraksiyası səs verib. Onlar sanki himə bənd imişlər. Fraksiya impiçment prosesinin başlanması üçün 28 deputatın imzasını təqdim etməyə hazır olduğunu təsdiqləyib. Qurumun bununla bağlı yaydığı bəyanatda deyilir: “Ermənistan” fraksiyası Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün istənilən mümkün mexanizmdən istifadə edilməsinin hər zaman tərəfdarı olub. Onun hakimiyyətdən uzaqlaşdırılmasının dövlət və xalq üçün həyati vacib əhəmiyyət daşıdığını nəzərə alaraq, impiçment hüquqi alətindən istifadənin mümkünlüyünü ilk dəfə bəyan edən məhz “Ermənistan” fraksiyası olub. Nikol Paşinyana impiçment yolu ilə etimadsızlıq bildirməyin həm siyasi, həm də hüquqi əsasları var. Eyni zamanda, hazırkı baş nazirə etimadsızlıq göstərilməsi məsələsinə Milli Assambleyada yalnız o halda baxıla bilər ki, prosesə başlamaq üçün azı 36 deputat təşəbbüsü imzalasın. Təşəbbüsün uğur qazanması üçün ən azı 54 səs lazımdır ki, bu da parlamentdə sadə səs çoxluğudur. O da məlumdur ki, küçələrdə güclü ümumxalq təzyiqi olmadan impiçment prosesinin uğur qazanması üçün lazım olan çatışmayan 20 səsi təmin etmək mümkün deyil. Üstəlik, bu təzyiqlərlə belə, lazımi sayda səsin təmin olunacağına tam təminat yoxdur”.
Qeyd edilib ki, bu təşəbbüsün müəllifləri hansısa siyasi partiya və ya hərəkatı təmsil etmirlər və əslində, impiçmentin mümkün uğursuzluğuna və onun nəticələrinə görə heç bir siyasi məsuliyyət daşımırlar: “Onların uğur əldə etmək üçün lazım olan kütləvi etiraz hərəkatını səfərbər etmək qabiliyyətindən də bu günə kimi əsər-əlamət yoxdur. Bütün bunlar fraksiyada məlum təşəbbüsün əsl məqsədləri ilə bağlı şübhələr yaradır. Buna baxmayaraq, “Ermənistan” fraksiyası yekdilliklə təsdiq edir ki, əgər prosesin təşəbbüskarları daha 8 deputatın imzasını təmin edə bilsələr, impiçment prosedurunun başlanması üçün özünün bütün 28 deputatının imzasını təqdim etməyə hazırdır. Təşəbbüskarlar, həmçinin impiçmentin uğur qazanması üçün zəruri olan xalq dəstəyini təmin etmək və müvafiq məsuliyyəti öz üzərlərinə götürmək qabiliyyətlərini və buna hazır olduqlarını da açıq şəkildə bəyan etməlidirlər”.
İllər uzunu müxtəlif siyasi oyunlardan çıxan “Hayastan” fraksiyası bəyanatın sonunda bu təşəbbüsün onlara qarşı qurulan tələ ola biləcəyinə də açıq eyham vurub: “Biz fraksiyamızın deputatlarını hədəfə almaq və bizimlə şantaj dili ilə danışmaq cəhdlərini də yolverilməz hesab edirik. Belə hərəkətlər cavabsız qalmayacaq. Bu hərəkət tərzi şübhələrə yol açır: təşəbbüsün məqsədi doğrudanmı Nikol Paşinyanı vəzifədən kənarlaşdırmaqdır, yoxsa “Ermənistan” fraksiyasına gizli zərbə endirmək istəyidir?”
Görünən odur ki, xain xoflu olduğu kimi, “Ermənistan” fraksiyası da iki ictimai fəalın təşəbbüsündən xoflanıb. Bu təşəbbüsü özünə qarşı yönəlmiş hərəkət kimi qəbul edir. Çünki onların özlərinin hər bir təşəbbüsünün arxasında gizli məqsədlər, məkrli niyyətlər dayanıb.
Ancaq “Ermənistan” blokunun bu mövqeyi impiçment təşəbbüsünü irəli sürən ictimai fəalları qane etməyib. Narek Malyan bununla bağlı fikirlərini “Facebook” səhifəsində bildirib: “Seçicilərdən “Biz qalib gələcəyik” şüarı ilə səs toplayan, lakin heç vaxt “qalib gəlməyən” “Ermənistan” bloku bəyanat yayıb. Blok dörd il ərzində Nikolun vəzifədən uzaqlaşdırılmasının yeganə yoluna – impiçmentə hazırlaşmayıb. Bu müddət ərzində blokun Paşinyanın yerinə namizədi peyda olmayıb. Müxalifətçi deputatlar hansısa şərtlər irəli sürərək öz imzalarını baha qiymətə “satmağa” çalışırlar. “Əvvəlcə küçə etirazları yaradın, sonra bizi vacib işlərdən yayındırın” tezisi sadəcə, gülüncdür. Çünki ən azı üç dəfə impiçment vədləri altında kütləvi etiraz aksiyaları təşkil etmək mümkün olsa da, impiçment heç vaxt başlamayıb”.
N.Malyan qeyd edib ki, bu bəyanat seçicilərin, hələ də müxalifətə inanan nümayişçilərin, mitinqlərdə döyülən, həbs olunan sadəlövhlərin ələ salınmasından başqa bir şey deyil: “Parlamentin bütöv bir fraksiyası onlara inanıb ümid bağlayanları, bax bu cür ələ salır. Bu, proqnozlaşdırıla bilən idi, deməli, bizim cavabımız da əvvəlcədən düşünülmüşdür”.
Ermənistanda daxili siyasi həyatın son günlərinin ən mühüm hadisələrindən birini şərh edən “Hayatsk” analitik mərkəzi idarə heyətinin sədri, analitik Karen Bekaryan deyib ki, impiçment prosesi tətbiq edilməli olan alətdir, əks-təqdirdə çox şey cəmiyyət üçün anlaşılmaz olacaq. Bekaryan jurnalistlərə açıqlamasında bildirib ki, impiçment prosesinin həm hüquqi, həm də siyasi komponentləri var. Onlar hökmən nəzərə alınmalıdır: “Yəni prosesin özü çox yaxşı, diqqətlə və dəqiqliklə hesablanmalıdır. Bu, həm onun başlanması üçün lazımi səslərin təmin edilməsinə, həm müəyyən ictimai-siyasi təzyiqin yaradılmasına, həm də prosesin son mərhələyə çatdırılmasına aiddir”.
Analitik bu addımın uğurunun əsas şərtini də qeyd edib: “Ən vacib və önəmli olan təkcə parlament müxalifətini deyil, bütün müxalifət qüvvələrini vahid gündəm ətrafında birləşdirmək imkanıdır. Əgər, bu, baş verərsə, hakimiyyətin vəziyyəti indikindən qat-qat çətinləşəcək”.
Qeyd edək ki, Ermənistan konstitusiyasına görə, baş nazirin impiçmenti üçün bu vəzifəyə alternativ namizədi təqdim olunmalı, 107 yerlik parlamentdə 36 deputatın dəstəyi lazımdır. İmpiçment səsverməsinin baş tutması üçün minimum 54 səs tələb olunur. Hazırda müxalifət, bütövlükdə, 35 səsə malikdir və əlavə dəstək üçün ya müstəqil deputatların, ya da Paşinyanın partiyasından bir nəfərin dəstəyi lazımdır. Müxalifət bundan əvvəl də bir neçə dəfə impiçment üçün təşəbbüs göstərmişdi. Məlumdur ki, onlar uğur qazana bilməmişdilər. İndiki təşəbbüsün də uğurlu olacağını söyləmək çətindir. Ancaq istənilən halda bu təşəbbüslər Ermənistanın daxili siyasi gərginliyini və xarici siyasətindəki dəyişiklikləri əks etdirir.
N.Paşinyanın impiçmenti ilə bağlı təşəbbüslər ölkəmizdə də diqqətlə izlənilir. Bu da prosesin yalnız Ermənistanın daxili siyasəti ilə məhdudlaşmadığı, regional sülh və sabitliyə, təhlükəsizliyə və ölkəmizlə münasibətlərə təsir göstərə biləcəyi ilə bağlıdır. Paşinyanın impiçmenti prosesi uzunmüddətli və qeyri-sabit keçid dövrünə səbəb olarsa, ölkəmiz üçün ciddi strateji risklər yarada bilər. Bizim üçün ən sərfəli ssenari Ermənistanın konstruktiv və öhdəliklərinə sadiq bir rəhbərliklə sabit şəkildə sülh prosesinə davam etməsidir.
Səxavət HƏMİD
XQ