Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası

post-img

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

(əvvəli ötən sayımızda)

Heydər Əliyev 1967-ci ilin mart ayında Naxçıvan MR Culfa rayonundan VII çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, 30 oktyabrda isə ona general-mayor rütbəsi verilmişdir. Ümumiyyətlə, 1967-ci il ərzində Heydər Əliyev “Sovet milisinin 50 illiyi” yubiley medalı, “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı və “DTK-nın 50 illiyi” nişanı ilə təltif olunmuşdur. Artıq Heydər Əliyev Sovet İttifaqı miqyasında xüsusi bacarıqlara malik olan siyasi-ideoloji cəhətdən möhkəm əqidəli rəhbər kadr olaraq tanınmış və yüksək dairələrdə qəbul edilmişdir.

Bütün bunlara görə, Heydər Əliyevin Azərbaycan Sovet Respublikasının rəhbərliyinə gətirilməsi həm Sovet İttifaqı miqyasında və həm də respublikada təbii şəkildə qarşılanmışdır. Məlum olduğu kimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyun 1969-cu il tarixdə keçirilmiş plenumunda Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitənin birinci katibi seçilmişdir. Bununla həm Azərbaycan Sovet Sosialist Respublikasının inkişafında və həm də görkəmli dövlət xadimi olaraq Heydər Əliyevin həyatı və fəaliyyətində yeni bir mərhələ başlanmışdır. Bu, həqiqətən də “Azərbaycanın tarixində möhtəşəm bir səhifənin açılışı idi”.

Şəxsiyyətin miqyası və missiyası

Azərbaycan Sovet Respublikasının rəhbəri olaraq Heydər Əliyev 1969-cu il avqustun 5-də Azərbaycan KP MK plenumunda respublikada yaranmış problemlərə sərt münasibət bildirmiş, aydın və konkret proqramını elan etmişdir. Bu qətiyyətli mövqe nəinki SSRİ-də, geniş mənada “Sovet İttifaqından kənarlarda da əks-səda doğurmuşdur”.

Sovet Azərbaycanının rəhbəri Heydər Əliyev 1969–1982-ci illər ərzində respublikada siyasi-ideoloji, iqtisadi-mədəni, elmi-ədəbi sahələrdə genişmiqyaslı islahatlar həyata keçirmişdir. Nəticədə Azərbaycanı Sovet İttifaqındakı 15 müttəfiq respublika arasında tutduğu axırıncı yerlərdən ən qabaqcıl respublikalardan biri səviyyəsinə çatdırmışdır. Azərbaycan SSRİ-nin beşilliklərin yekunlarına görə dəfələrlə Keçici Qırımızı bayrağına layiq görülmüşdür.

Azərbaycan bir sıra sahələr üzrə, xüsusən kənd təsərrüfatında və sənayedə böyük nailiyyətlər qazanmışdır. Rəsmi statistikaya əsaslanan məlumatlarda da bu dövr Azərbaycanın iqtisadi cəhətdən yüksəliş və hərtərəfli inkişaf mərhələsi kimi səciyyələndirilir. Heydər Əliyevin rəhbərliyinin birinci dövründə geridə qalan kənd təsərrüfatı respublikası olan Azərbaycan əsl sənaye ölkəsinə çevrilmişdir. Tarixçilərin məlumatlarına və təhlillərinə əsasən “Heydər Əliyevin 1969–1982-ci illərdə respublikaya rəhbərliyi dövründə Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilmiş, 690 min nəfərlik yeni iş yerləri yaradılmışdır. Mütərəqqi texnologiyalara əsaslanan sənaye sahələri inkişaf etməyə başlamışdır. Sənayenin maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi və başqa sahələrinin inkişaf imkanları çox olduğundan sərmayə qoyuluşunun 45 faizindən çoxu bu sahələrin inkişafı üçün istifadə edilmişdir”.

Eyni zamanda, respublikada elm, təhsil və mədəniyyət də sürətlə inkişaf etdirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin iradəsi ilə 1978-ci ildə Azərbaycan dili Azərbaycan Sovet Respublikasının Konstitusiyasında ilk dəfə olaraq dövlət dili kimi qeyd edilmişdir. Bu, Sovet Azərbaycanının rəhbəri seçiləndən az sonra – 18 sentyabrda “Kommunist” (indiki “Xalq qəzeti”), 1 noyabrda isə Heydər Əliyevin S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 50 illik yubileylərinə həsr edilmiş təntənəli yığıncaqlarda doğma ana dilində nitq söylənməsi ilə başlanan azərbaycançılıq prosesinin uğurlu davamı idi.

Heydər Əliyev, eyni zamanda, Kreml və onun ətrafındakı siyasi qüvvələrin təzyiqlərini dəf edərək, 1982-ci ildə Nəriman Nərimanovun yalnız böyük yazıçı kimi deyil, həm də dövlət xadimi olaraq 100 illik yubileyini keçirmiş, Bakı şəhərində ona əzəmətli heykəlin ucaldılmasına nail olmuşdur. Eyni zamanda, 1973-cü ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 600 illiyinin ölkəmizdə geniş qeyd olunması və böyük sənətkarın 1980-ci ildə Bakı şəhərində heykəlinin ucaldılması ilə bu qüdrətli sənətkarın xalqımıza, xüsusən, yeni nəsillərə daha yaxından tanıdılması ilə bərabər, həm də uzaqdan-yaxından ona sahib çıxmaq istəyənləri birdəfəlik susdurmuşdur.

Sovet Azərbaycanının rəhbəri Heydər Əliyev 1982-ci ildə görkəmli romantik şair və dramaturq, qanlı repressiya dövründə millətçi damğası ilə Sibirə sürgün edilmiş və orada vəfat etmiş Hüseyn Cavidin nəşini Vətənə gətirməyi bacarmışdır. Bu, bütün SSRİ miqyasında Sibirin siyasi sürgünlərə aid qəbiristanlıqlarından çıxarılan ilk və son cənazə idi. Heydər Əliyev Hüseyn Cavidin vaxtilə yaşadığı Bakı şəhərindəki Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun binasında görkəmli sənətkarla ölkə ictimaiyyətinin, yazıçı və şairlərin, elm adamlarının vida mərasimini keçirmiş, həmin mərasimdə özü şəxsən iştirak etmişdir. Bundan sonra Hüseyn Cavid doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılmışdır. Bu, Sovet İttifaqında baş vermiş möcüzə kimi qarşılanan hadisə idi. Həmin möcüzəni Heydər Əliyev kimi qətiyyətli, nüfuzlu, vətənpərvər və mütəfəkkir dövlət xadimi həyata keçirə bilərdi. Azərbaycan Dövlət Akademik Dram Teatrının 100 illiyinin (1973), “Azərbaycan qadını” jurnalının 50 illiyinin (1974), dahi bəstəkar Üzeyir Hacıbəyovun 90 illik yubileylərinin (1975), böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusinin 780 illiyinin (1981) təntənəli şəkildə qeyd olunması, həmin tədbirlərdə Heydər Əliyevin hər dəfə parlaq nitq söyləməsi, ölkəmizdə azərbaycançılıq dünyagörüşünün formalaşmasına xidmət etmişdir.

Elmlər Akademiyasının 1975-ci ildə keçirilən 25 illik yubileyində Sovet Azərbaycanının lideri Heydər Əliyevin şəxsən iştirak etməsi və dərin məzmunlu nitq söyləməsi EA-nın inkişafında nadir tarixi hadisə olmaqla bərabər, ümumiyyətlə, ölkəmizdə elmin inkişafında çox mühüm rol oynamışdır. Bu münasibətlə Xalqlar Dostluğu ordeninin Elmlər Akademiyasına təqdim olunması elmə, elmi ziyalılara göstərilən ən yüksək dövlət qayğısının ifadəsi idi.

Ulu öndərin Azərbaycan Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqlarının qurultaylarında iştirak və çıxışlar etməsi də milli-mənəvi dəyərlərin dərinləşdirilməsinə, azərbaycançılıq ideyasının ümummilli hərəkat səviyyəsində inkişaf etdirilməsinə təkan vermişdir. Bu proses Azərbaycanın Rusiyaya birləşdirilməsinə işğal hadisəsi kimi baxan Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bunyadovun, XX əsrin əvvəllərində ölkəmizin ikiyə parçalanması haqqında “Gülüstan” adlı poema yazmış Xalq şairi Bəxtiyar Vahabzadənin, Naxçıvan Muxtar Respublikasına Ermənistanın tərkibinə verilməsinə etiraz bəyanatı ilə çıxış edən AMEA-nın müxbir üzvü Abbas Zamanovun və başqalarının müxtəlif yollarla müdafiə edilməsi ilə bir daha möhkəmləndirilmişdir”. Azərbaycandan mərkəzə – Kremlə müxtəlif yollarla məlumat sızdıranlar, anonim məktublar göndərənlər prosesə mane ola, məqsədlərinə çata bilməmişlər. Heydər Əliyev sonralar jurnalistlərə müsahibəsində Azərbaycanın rəhbər orqanlarında yüksək vəzifədə işlədiyi illərdə “antisovet təbliğat apardıqlarına görə heç bir dissidentin, heç kəsin cəzalandırılmadığını” xüsusi olaraq diqqətə çatdırmışdır. Heydər Əliyev özü də Moskvada jurnalistlərə müsahibə verərkən sovet cəmiyyətində süni şəkildə dissident obrazı yaratmaq səylərinə tənqidi münasibətini aşağıdakı kimi ifadə etmişdir: “Bir dəfə 1989-cu ildə Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, sizdə, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi. Dedim ki, yox idi. Dedi, nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir ki, əgər axtarsaydıq çox dissident çıxarmaq olardı. Məsələn, əgər o illər, 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi.

Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. …. Mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi.

…Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar.

…Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək bu, bizim nailiyyətimizdir, …bizim o vaxtlar, çətin dövrlərdə apardığımız siyasətin nəticəsidir.

Heç şübhəsiz, Heydər Əliyevin sovet rejiminin sərt tələblərinə baxmayaraq, həyata keçirdiyi azərbaycançılıq məfkurəsinin vətənpərvər Azərbaycan ziyalılarını qoruyub saxlaya bilməsinin mühüm əsasları var idi: hər şeydən əvvəl, Sovet İttifaqı miqyasında və onun hüdudlarından kənarda geniş yayılan “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın” adı ilə cəmiyyətdəki haqsızlıqları, çatışmazlıqları açıq tənqid edən müsahibə dərc etdirən Heydər Əliyevin tutduğu ədalətli mövqe, respublika rəhbərinin yorulmaz və məqsədyönlü fəaliyyəti, özünə və xalqına bəslədiyi dərin inam seçilmiş yolun uğurla davam etdirilməsində əsas istinad nöqtəsi olmuşdur. Bundan başqa, Heydər Əliyevin SSRİ-nin rəhbəri Leonid Brejnevlə və Dövlət Təhlükəsizlik naziri, Siyasi Büronun üzvü Yuri Andropovla yaratdığı etibarlı münasibətlər də aparılan siyasətin, tutduğu azərbaycançılıq yolunun dönmədən davam etdirilməsinə təminat vermişdir. Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevin 30 sentyabr 1970-ci il tarixdə Azərbaycana səfər etməsi və 24-27 sentyabr 1982-ci ildə ikinci dəfə Bakıya gəlməsi, Sovet Azərbaycanının rəhbəri tərəfindən yüksək səviyyədə qarşılanmasının təşkili, həmin münasibətlə bir sıra düşünülmüş tədbirlərin həyata keçirilməsi dövrünə görə Azərbaycanın İttifaq miqyasındakı nüfuzunu göstərən mühüm siyasi-tarixi hadisələrdən idi.

Eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin 5 mart 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyünə namizəd, 22 noyabr 1982-ci ildə üzvü seçilməsi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi onun SSRİ-yə daxil olan müttəfiq respublikaların rəhbərləri arasında xüsusi nüfuza malik olduğunu göstərirdi. Bütün bunlara görə, Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illər xalqımızın və ölkəmizin tarixinin xüsusi bir inkişaf dövrüdür.

Görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halında yeni mərhələ onun SSRİ Nazirlər Sovetində fəaliyyətini davam etdirilməsi ilə başlanmışdır. Belə ki, Heydər Əliyev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 23 noyabr 1982-ci il tarixli fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Tarixçilərin haqlı olaraq yazdıqları kimi, “Heydər Əliyev SSR-nin müsəlman respublikalarının rəhbər işçiləri arasında belə yüksək vəzifəyə qalxan ilk şəxs idi”.

Heydər Əliyev Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Sovet İttifaqının nəqliyyat sahəsinə rəhbərlik etmiş, eyni zamanda, həm də təhsil, səhiyyə və mədəniyyət sahələrinə də nəzarət etmək funksiyasını həyata keçirmişdir. O, SSRİ-nin Uzaq Şərq ərazilərinin inkişaf etdirilməsi üçün salınan Baykal–Amur magistralı ilə əlaqədar problemləri həll edərək, faktiki olaraq çəkilişi dayandırılan bu nəhəng magistralın tikintisini başa çatdırmışdır. Sovet dövlətində idarəçiliyin təkmilləşdirilməsi sahəsində də Heydər Əliyev yeni təşəbbüslərə şərait yaradılmasını zəruri saymışdır.

Sovet İttifaqının rəhbəri Yuri Andropovun təklifi ilə o, dövlət idarəçiliyində əmək kollektivlərinin səlahiyyətlərinin və rolunun artırılması yolları haqqında qanun layihəsi hazırlayıb müzakirəyə çıxarmışdır. Bundan başqa, 1984-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri” haqqında qanun layihəsi hazırlanmış və o, bu məsələ ilə əlaqədar SSRİ Ali Sovet Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış etmişdir. Heydər Əliyev Sovet səhiyyə sisteminin təkmilləşdirilməsi işi ilə də məşğul olmuşdur. SSRİ Nazirlər Sovetinin 1987-ci ildə və 2000-ci ilə qədər olan dövrdə əhalinin sağlamlığının qorunmasının inkişafı və SSRİ səhiyyəsinin “Yenidən qurulmasının əsas istiqamətləri” haqqındakı qərarının da əsas müəlliflərindən biri Heydər Əliyev idi.

Siyasi Büronun üzvü kimi Heydər Əliyev Sovet dövlətinin Şərq siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdir. O, Hindistan, Suriya, Şimali Koreya, Vyetnam, Laos və Anqolaya səfər edən sovet nümayəndə heyətinin rəhbəri olmuş və həmin ölkələrlə SSRİ-nin əlaqələrinin daha da genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirmişdir. Bundan başqa, “Admiral Naximov” gəmisinin Qara dənizdə batması ilə yaranan sensasiyalı faciəli hadisənin araşdırılması üzrə Dövlət Komissiyasına rəhbərlik etmək kimi məsuliyyətli vəzifəni də Heydər Əliyev bacarıqla həyata keçirmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halının Kreml mərhələsinin birinci dövrü uğurlu keçmişdir. SSRİ-nin rəhbəri Yuri Andropov Heydər Əliyevin “partiyanın və sovet dövlətinin görkəmli xadimi” kimi xidmətlərinə yüksək qiymət vermişdir. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev Kommunist Partiyası və sovet dövləti qarşısındakı böyük xidmətlərinə görə yüksək təltiflərə layiq görülmüşdür.

(ardı var)





Siyasət