Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası

post-img

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirən Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkəmizin cənub bölgəsində süni surətdə elan edilmiş Talış-Muğan Respublikası ləğv olunmuşdur. İctimai-siyasi sabitliyin bərpa edilməsi, iqtisadi böhranın aradan qaldırılması üçün dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilmişdir. 

Görkəmli dövlət xadiminin 21 sentyabr 1993-cü il tarixində Azərbaycan Elmlər Akademiyasında ölkə ziyalıları ilə keçirdiyi görüş, apardığı müzakirə və səsləndirdiyi bəyanatlar respublikada ictimai-siyasi böhranın aradan qaldırılmasına ümid və inam yaratmış, beyin axınının qarşısını almış, EA-nın gələcək inkişafı ilə əlaqədar narahatlıqlara son qoymuşdur. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, elm xadimlərindən Şəfayət Mehdiyev, Mahmud İsmayılov, Yaqub Mahmudov, Maqsud Cavadzadə, tanınmış incəsənət adamlarından Həsənağa Turabov, Fərhad Xəlilov, Amaliya Pənahova çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən böyük siyasətə və dövlət idarəetməsinə qayıdışının müstəqil dövlətimizin, xalqımızın taleyi üçün zəruri olduğunu əsaslandırmışlar. Azərbaycan xalqı 3 oktyabr 1993cü il tarixində keçirilmiş prezident seçkisində görkəmli dövlət xadimi Heydər  Əliyevə yekdilliklə səs vermişdir. Beləliklə, müstəqil Azərbaycan dövlətinin inkişafında yeni tarixi epoxa başlanmışdır. 

Görkəmli dövlət xadimi Heydər  Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil dövlətimizin itirilmək təhlükəsindən qurtulması, vətəndaş müharibəsinin qarşısının alınması, ictimai-siyasi sabitliyin bərpa olunması, ölkəmizin hərbi-iqtisadi böhrandan çıxarılması və gələcək inkişafın möhkəm təməllərinin atılması dövrüdür. Həmin tarixi mərhələ “kiçik ölkənin dövlət başçısıyla ən böyük məmləkətlərin rəhbərlərinin hesablaşdığı dövrü”, “xilaskarlıq dövrü”, “müstəqil dövləti qurmaq və inkişaf etdirmək dövrü” kimi səciyyələnir.

Heydər Əliyev dövrünün ən mühüm amilləri aşağıdakılardan ibarətdir: 

Ulu öndər müstəqil Azərbaycan dövlətinin başçısı kimi 1994-cü il fevralın 8-dən 11-dək ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etmişdir. Bu, Azərbaycan Respublikasının dövlətlərarası münasibətlərdə Türkiyə Cümhuriyyəti və Türk dünyası ilə əlaqələri ön mövqeyə çəkməsinin əyani göstəricisi idi. 

Prezident Heydər Əliyevin 1994-cü ilin mart ayında Çin Xalq Respublikasına səfəri ölkə rəhbərinin Azərbaycan Respublikasının Asiya ölkələri, may ayında Belçikaya rəsmi səfərə getməsi isə Avropa dövlətləri ilə əməkdaşlıqda qərarlı olduğunu bəyan etmək demək idi.

Müstəqil Azərbaycan dövlətinin adından Heydər Əliyev 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi”ni imzalamışdır. “Əsrin müqaviləsi” Azərbaycanın yeni dövrünün mühüm tarixi hadisəsi idi. Görkəmli şəxsiyyətlər “Əsrin müqaviləsi”ni həm də Heydər Əliyevin “Neft kontraktı” kimi qiymətləndirmişlər. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının neft strategiyasının əsasını təşkil edir. Beynəlxalq miqyasına və iqtisadi əhəmiyyətinə görə çətin və mürəkkəb şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması görkəmli dövlət xadimi  Heydər  Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətidir. “Əsrin müqaviləsi” Azərbaycan xalqının və müstəqil Azərbaycan Respublikasının gələcək inkişafında əvəzsiz rol oynayan böyük tarixi sənəddir. 

Yeni tarixi şəraitdə Azərbaycan Respublikasında torpaq islahatlarının, bazar iqtisadiyyatına keçidlə əlaqədar zəruri islahatların həyata keçirilməsi müstəqil və demokratik dövlət quruculuğunun tarixi addımlarıdır. Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti ilə atılmış bu addımlar müstəqil dövlət quruculuğu sahəsində görkəmli dövlət xadiminin mühüm xidmətləridir.

Heydər Əliyevin 4 oktyabr 1994-cü ildə dövlət çevrilişi cəhdinin qarşısını alması müstəqil dövlətçiliyin qorunub saxlanılması və möhkəmləndirilməsi sahəsindəki tarixi qələbəsidir. Ali Baş Komandan Heydər Əliyev 1995-ci ilin mart ayında ikinci dəfə Azərbaycana qarşı təşkil olunmuş dövlət çevrilişi cəhdinin qarşısını almaq və bu hadisəni törədənləri, onların havadarlarını ifşa etməklə müstəqil dövlətçiliyimizi qorumuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasının 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum əsasında qəbul edilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolundakı mühüm xidmətlərindən biridir. Təsadüfi deyildir ki, bu Əsas qanun ölkəmizin tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin şah əsəridir.

Prezident Heydər Əliyev Azərbaycan Respublikasının 12 fəsil və 158 maddədən ibarət olan ilk müstəqil Konstitusiyasının qəbul edilməsini dövlət müstəqilliyi yolunda atılmış ən mühüm addım kimi yüksək qiymətləndirmişdir: “Mən sizi, bütün Azərbaycan xalqını müstəqil Azərbaycan Respublikasının Ümumxalq səsverməsi Referendum yolu ilə Konstitusiyasının qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu Konstitusiya dövlət müstəqilliyinin möhkəmləndirilməsi, insanların, vətəndaşların hüquq və azadlıqlarının qorunması, Azərbaycanda hüquqi dövlətin qurulması və inkişaf etdirilməsi üçün öz xidmətlərini göstərəcəkdir. Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıb, bütün təminatları veribdir”.

Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 12 may 1994-cü il tarixində Ermənistan–Azərbaycan münaqişəsini həll etmək üçün atəşkəs sazişi imzalanmışdır. Bu, Azərbaycana Qarabağın işğaldan azad edilməsinə vaxt və imkan qazandıran çox mühüm siyasi hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə 5 yanvar 1994-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi və daha 22 kəndin düşmən əsarətindən xilas edilməsi ilə Qarabağın azad edilməsi uğrunda mübarizədə mühüm dönüş əldə olunmuşdur. Bu, xalqımızda Qarabağın işğaldan azad ediləcəyinə dərin inam yaratmışdır.

ATƏT-in 1996-cı ildə keçirilən Lissabon Sammitində 53 dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında qərar qəbul etməsi Heydər Əliyev siyasətinin diplomatik qələbəsi idi. Dünyanın bir sıra dövlətləri və beynəlxalq qurumları məhz Lissabon Sammitindən sonra Qarabağ məsələsində Ermənistanı dəstəkləməkdə tərəddüd etməyə başlamış, Qarabağın qədim Azərbaycan torpağı olması haqqında gerçək informasiyalar özünə yol tapa bilmişdir.

Dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilmişdir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”kı Fərmanla ölkəmizdə sovet dövründən qalmış Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin – “Qlavlit” təşkilatının ləğv edilməsi demokratik dövlət quruculuğu yolunda atılmış ən mühüm addımdır. Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında senzuranı ləğv edən ilk ölkə olmuşdur. Tarixi İpək yolunun bərpa edilməsi üçün dövlət səviyyəsində ilk təşəbbüs də 1998-ci ildə Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.

Görkəmli dövlət xadimi Heydər  Əliyev 11 oktyabr 1998-ci il tarixdə keçirilmiş seçkilərdə 76,2 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu, Azərbaycan xalqının Ulu öndərə bəslədiyi ümumxalq ehtiramının növbəti ifadəsi idi.

Prezident Heydər Əliyev 1997-2000ci illərdə Azərbaycan xalqının milli varlığının möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin beynəlxalq miqyasda – UNESCO-nun baş iqamətgahında, Türk dövlətləri rəhbərlərinin Zirvə toplantısı səviyyəsində qeyd edilməsini həyata keçirmişdir. Bu, müstəqil Azərbaycan dövlətində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, azərbaycançılıq və vətənpərvərlik ideyalarının dərinləşdirilməsi və inkişaf etdirilməsi baxımından böyük tarixi-mədəni hadisədir. “Kitabi-Dədə “Qorqud” eposunu Azərbaycan xalqının “ana kitabı” elan edən, Dədə Qorqudu “bizim ulu babamız, əcdadımız” adlandıran görkəmli dövlət xadimi bu möhtəşəm Oğuz abidəsinin 1300 illik yubileyini geniş şəkildə, təntənəli surətdə keçirməklə milli-mənəvi özünüdərk və azərbaycançılıq ideallarının həyata keçirilməsinin daha da genişləndirilməsini, xalqımızın və müstəqil dövlətimizin dünyaya tanıdılması kimi ali məqsədləri nəzərdə tutmuşdur. Ulu öndər yubiley mərasimində demişdir: “Biz bu yubileyləri ona görə keçiririk ki, xalqımız öz tarixini dərk edə bilsin. İkinci tərəfdən də dünya bizim nə qədər zəngin tarixə, mədəniyyətə malik olduğumuzu bilsin”.

Elm sahəsində Heydər Əliyevin həyata keçirdiyi mühüm tədbirlərdən biri də 31 yanvar 1997-ci il tarixində Elmlər Akademiyasının rəhbər heyəti, EA-nın həqiqi və müxbir üzvləri, tanınmış alimlərlə keçirdiyi görüş və həmin tarixi görüşdə qəbul edilmiş qərarlarla əlaqədardır. Prezident Aparatında keçirilmiş həmin görüş zamanı ölkə elminin müstəqil dövlət qurulucuğuna xidmət göstərməsi, alimlərin cəmiyyət qarşısındakı mənəvi borcu və mövqeyi, Azərbaycanın XIX–XX əsr tarixinin yenidən yazılması, elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında aparılan müzakirələr və dövlət səviyyəsində atılmış addımlar bu akademik qurumun inkişafında mühüm dönüş nöqtəsi olmuşdur. Xüsusən, Elmlər Akademiyasının statusuna dair müəyyən edilmiş konsepsiya müstəqil dövlətin elm siyasətinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Heydər Əliyevin “İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycan Elmlər Akademiyası dövlət elmi akademiyasıdır... Keçmiş üsul-idarəni, metodları, qanun-qaydaları əsas götürüb, onları təkrar etmək düzgün deyil. Ona görə də indi siz elmin inkişafı üçün Akademiyanın strategiyasını müəyyən edərkən, gərək işə, bax, bu prinsiplər əsasında yanaşasınız”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsi ilə bu ali dövlət elmi təşkilatının mövqeləri möhkəmləndirilmiş, onun ləğv edilməsi haqqındakı bəyanatlara son qoyulmuşdur. 

Ulu öndərin tərcümeyi-halının elmlə əlaqədar bir səhifəsi də onun Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi üçün seçkinin keçirilməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Fəraməz Maqsudov görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı böyük xidmətlərini və Elmlər Akademiyasını ləğv edilməkdən xilas etməsini, elm adamlarına və akademiyaya göstərdiyi əvəzsiz qayğını rəhbər tutaraq ölkə rəhbərinin EA-nın həqiqi üzvü seçilməsini alimlərin mənəvi borcunun ifadəsi kimi zəruri saymışdır. Bu məqsədlə Elmlər Akademiyası Rəyasət Heyətinin 22 may 1998-ci il tarixli iclasında görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi elmlər üzrə EA-nın həqiqi üzvlüyünün müzakirəyə çıxarılması və müvafiq qərarın qəbul olunması üçün ümumi yığıncağın çağırılması məqsədəuyğun hesab edilmişdir. EA-nın Nizamnaməsinə uyğun olaraq, məsələyə əvvəlcə ictimai elmlər üzrə akademik katibi, akademik Cəmil Quliyevin sədrliyi ilə İctimai Elmlər Bölməsində baxılmış və yekdilliklə Heydər Əliyevin siyasi elmlər üzrə bu ali dövlət elmi təşkilatının həqiqi üzvü seçilməsi üçün EA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmışdır. Elmlər Akademiyasının 23 may 1998-ci il tarixində keçirilmiş Ümumi Yığıncağında akademiyanın prezidenti, akademik Fəraməz Maqsudov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər üzrə bu elmi qurumun həqiqi üzvlüyünə seçilməsini akademiklərin müzakirəsinə təqdim etmişdir. Akademik Fəraməz Maqsudovun sədrliyi ilə keçirilmiş Elmlər Akademiyasının Ümumi Yığıncağında çıxış edən akademiklər EA-nın akademik katibi Asəf Nadirov, Neft Akademiyasının keçmiş rektoru İsmayıl İbrahimov, Geologiya İnstitutunun direktoru Akif Əlizadə, Azərbaycan İqtisadçılar Cəmiyyətinin sədri Ziyad Səmədzadə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun müşaviri Kamal Talıbzadə, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Musa Rüstəmov, Zoologiya İnstitutunun direktoru Musa Musayev və başqaları Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimiz, xalqımız və elmimiz qarşısındakı xidmətlərini misilsiz nəzərə alaraq onun Elmlər Akademiyasının həqiqi üzvi seçilməsinə yekdilliklə tərəfdar çıxdıqlarını bildirmiş və həmin münasibətlə keçirilmiş seçkidə onun lehinə səs vermişlər.

Heydər Əliyevin fəaliyyətinin yeni mərhələsində Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu prosesləri daha da dərinləşdirilmişdir. Dövlət səviyyəsində 1998-ci ildə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqrammı”nın qəbul edilməsi və ilk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təsis edilməsi, 2002-ci ildə İnsan Hüquqları üzrə müvəkkillik – Ombudsman institutunun yaradılması Heydər Əliyevin hüquqi-demokratik dövlət quruculuğuna xidmətidir. Prezident Heydər Əliyevin Fərmanı ilə 2002-ci ilin avqust ayında Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi üçün referendumun keçirilməsi ilə müstəqil dövlətin idarə edilməsinin daha da təkmilləşdirilməsi təmin olunmuşdur. Bu, Azərbaycan Respublikasının yeni inkişaf mərhələsinə keçməsinin parolu idi.

Bu dövrdə iqtisadi sahədə islahatlar daha da genişləndirilmişdir. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi məqsədilə 18 noyabr 1998-ci ildə ATƏT-in İstanbul Sammitində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Azərbaycan neftinin Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair Saziş imzalanmışdır. Bundan bir neçə ay əvvəl, 17 aprel 1999-cu ildə Bakı–Supsa neft kəmərinin istifadəyə verilməsi və Bakı–Tbilisi–Ceyhan boru kəmərinin çəkilməsinə start verilməsi uzaqgörən dövlət xadimi Heydər Əliyevin dövlətlərarası münasibətlərinin məqsədyönlü şəkildə tənzimlənməsi baxımından yeritdiyi düşünülmüş siyasətin böyük uğuru idi.

Azərbaycan xalqının arzusunu həyata keçirərək Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində də iştirak etmişdir. Lakin o, 1 oktyabr 2003-cü il tarixində Azərbaycan xalqına müraciət edərək səhhəti ilə əlaqədar olaraq prezident seçkilərində layiqli siyasi varisi, Azərbaycan Respublikasının Baş naziri, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevə səs verməyə çağırmışdır: “Üzümü Sizə, həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyiniz ilə  İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”.

Müasir tarixin yeni tipli lideri İlham Əliyev Prezident seçkilərində inamlı qələbə qazanaraq Heydər Əliyev siyasətini davam və inkişaf etdirmək haqqı əldə etmişdir. Həmin dövrdən keçən 21 ildən artıq bir dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev yolunu yaradıcı şəkildə, yeni epoxanın meydana çıxardığı reallıqlar nəzərə alınmaqla, davam etdirməklə ölkəmizin tarixi salnaməsinə böyük zəfərlər qazandırmışdır. Müzəffər Ali Baş Komandanın əsl sərkərdəlik məharəti ilə 44 günlük Vətən müharibəsində və cəmi bir günlük hərbi əməliyyat nəticəsində qazanılan tarixi Zəfər və dövlət suverenliyinin tam təsdiqi çoxəsrlik Azərbaycan tarixinin ən parlaq hadisəsidir.

Bu mənada Prezident İlham Əliyevin simasında yeni tarixi epoxanın əsl liderini yetirib böyük siyasət meydanına gətirməsi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı ən böyük xidmətidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur. Hazırda müstəqil Azərbaycan Respublikasının bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdirilməsi Heydər Əliyevin dövlətçilik ideallarının təntənəsidir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 12 dekabr 2003-cü ildə Amerikanın Klivlend klinikasında dünyasını dəyişmişdir. Bakı şəhərində 15 dekabr 2003-cü il tarixində keçirilən ümumxalq vidalaşma mərasimi Azərbaycan xalqının özünün böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevə bəslədiyi sonsuz ehtiramın böyük təntənəsinə çevrilmişdir. Dünyanın görkəmli dövlət xadimlərinin ümumxalq vida mərasimində iştirak etmək üçün ölkəmizə gəlmələri və onların bu dahi şəxsiyyətin fəaliyyətinə verdikləri yüksək qiymət Heydər Əliyevin dünya miqyaslı böyük dövlət xadimi olmasının real təsdiqi idi.

Azərbaycan xalqının Ümummilli liderinin məzarı üzərində ucaldılmış xalq rəssamı Ömər Eldarovun yaratdığı möhtəşəm heykəl kompleksi Heydər Əliyev dühasının əbədiyyətini nümayiş etdirir. 

Haqlı olaraq qeyd edildiyi kimi, “tarix, əslində, Heydər Əliyevə bir dövlət adamı, böyük vətənpərvər və dahi azərbaycanlı kimi öz qiymətini verib. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri miqyasında qəbul edilir. Ulu öndərin adı dünyanın qüdrətli dövlət xadimlərinin sıralarında çəkilir, Azərbaycan xalqı isə özünün böyük oğlu Heydər Əliyevi daim ən uca zirvədə görür və onun böyük ideallarından güc və qüvvət alır.

Xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının işığında daha parlaq gələcəyə doğru inamlı yolunu uğurla davam etdirir.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın prezidenti, akademik



Siyasət