Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası Nazirlər Komitəsinin mayın 13-14-də Lüksemburq şəhərində keçirilmiş 134-cü sessiyasında iştirak və çıxış edib.
Nazir müavini cari ilin mart ayında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını diqqətə çatdırıb. Bununla yanaşı, o, Ermənistanın konstitusiyasına dəyişiklik edilməli olduğu, Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv edilməsinin zəruriliyi vurğulanıb.
Nazir müavini çıxışında 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsinin hüquqi baxımdan tamamilə əsassız olduğunu bildirib və parlamentlərarası dialoq və əməkdaşlıq platforması rolunu həyata keçirməli olan Assambleyada Azərbaycanın iştirakını qeyd-şərtsiz bərpa etmək məqsədilə vəziyyətin tezliklə həll edilməsinin zəruri olduğunu vurğulayıb.