Azərbaycanın 2 şərti və Ermənistanın dirənişi

post-img

Nikol Paşinyan yenə nala-mıxa vurur

Psixologiyada koqnitiv kondisionlaşdırma ifadəsi var. Bu ifadə insanların düşüncə və davranışlarının təkrar informasiya vasitəsi ilə yönləndirilməsi anlamı daşıyır. Həqiqət illüziyası termini isə təkrarlanan yalanın zamanla gerçəklik kimi qəbul edilməsidir. Təkcə Ermənistanın baş naziri Nikol Paşinyan deyil, ümumən rəsmi İrəvanın ayrı-ayrı təmsilçiləri son vaxtlar tutuquşu kimi eyni cəfəng məqamı dəfələrlə qabardaraq, onu reallıq qiyafəsində göstərməyə, bu yolla beynəlxalq ictimai rəyə təsir etməyə çalışırlar. Nikolun “İrəvan dialoqu -2025” forumundakı çıxışı da bunu söyləməyə əsas verir.

N.Paşinyan bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistanla Azərbaycan arasındakı bütün problemləri yoluna qoyur. Məsələnin bu tərəfi ilə müəyyən mənada razıyıq. O mənada ki, həqiqətən, barış sazişi iki Cənubi Qafqaz ölkəsinin bir-birinə yanaşma tərzində müsbət dinamikanın əldə edilməsi baxımından müstəsna rol oynayacaq. Ancaq bunun üçün gərək əvvəlcə həmin saziş özü reallığa çevrilsin. Yəni, Azərbaycanın bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərt yerinə yetirilsin. Şərtlər isə məlumdur – Ermənistan konstitusiyasına dəyişiklik – sənədin ölkənin Azərbaycana qarşı ərazi iddiası məntiqini özündə daşıyan İstiqaliyyət bəyannaməsinə istinadının aradan qalxması və ATƏT-in Minsk qrupunun ləğvi. O qrup ki, Bakı ilə İrəvan arasında ərazi münaqişəsi düşüncəsini yaşadır. Nəzərə alaq ki, Minsk qrupu uzun müddət, faktiki olaraq, erməni işğalını leqallaşdırmaq yolunu tutmuşdu. Bu səbəbdən ölkəmizin şərti ondan ibarətdir ki, Azərbaycan və Ermənistan onun fəaliyyətinin rəsmən dayanması üçün müvafiq birgə müraciət ünvanlasın.

Paşinyanın forumdakı çıxışında dediklərinə gəldikdə, məlum olur ki, Bakının iki şərti yerinə yetirilməyəcək. Deməli, erməni hökumət başçısının ölkəsinin sülh müqaviləsinin imzalanmasına hazırlığına dair fikirləri populistlikdən başqa bir şey deyil. Amma Paşinyanın çıxışında bir pozitiv məqam var. O deyir ki, “mən konstitusiya islahatlarına təşəbbüs edəcəyəm, çünki sülh prosesi və barış sazişi əldən verilməməlidir. Cəmiyyəti uzunmüddətli sülh naminə dəyişikliklərə razı salmalıyıq”.

Nikol yalnız bu fikri dilə gətirib, başqa nə isə bildirməsəydi, elə başa düşərdik ki, Ermənistan Azərbaycanın irəli sürdüyü sülh şərtlərindən birini qəbul edir. Ancaq məsələ heç də göründüyü kimi sadə mahiyyət daşımır. Çünki ön planda olan Paşinyanın tutuquşuluğudur. Ola bilər, o, öz aləmində erməni cəmiyyətini referenduma hazırlamaq istədiyindən, əsl mahiyyəti araya salıb vurğulayır. “Əmması” budur ki, baş nazir ATƏT-in Minsk qrupunun danışıqlar meydançası kimi yaradıldığını deyir. Ardınca isə “Ermənistan tərəfi üçün Minsk qrupunun buraxılması məqbul hesab olunur. Lakin biz əmin olmalıyıq ki, Ermənistan və Azərbaycan vəziyyəti eyni şəkildə dəyərləndirir. Onların (Azərbaycanı nəzərdə tutur – red.) məqsədi münaqişəni Ermənistan ərazisinə daşımaq deyil”.

Birincisi, Minsk qrupu Azərbaycanın yox, Ermənistanın ərazi iddiası səbəbindən yaranmışdı. Yəni, Qarabağ və işğal etdiyi digər torpaqlarımızın “münaqişəli ərazi” kimi təqdimatına rəvac verən Ermənistan olmuşdu. Buna görə də Paşinyan deyə, yaxud eyham vura bilməz ki, Azərbaycan münaqişəni Ermənistan ərazisinə daşımaq istəyir. Ən azından məsələnin qoyuluşu yerinə düşmür.

İkincisi, ölkəmiz özünün ərazi bütövlüyünə və suverenliyinə qovuşub. Deməli, Nikolun təbirincə desək, danışıqlar meydançası kimi yaradılmış Minsk qrupuna ehtiyac qalmayıb. Həm də ona görə ehtiyac qalmayıb ki, obrazlı desək, meydançada toz qoparan Azərbaycan yox, Ermənistan olub. Söhbət Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsindən gedir. Məsələ bu qədər sadədir. Nikol isə sadəliyə mürəkkəblik tonu gətirir. O deyir ki, "təəssüf ki, son illərdə Azərbaycan Ermənistan ərazisinin təxminən 60 faizini “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Biz dəfələrlə bildirmişik ki, Ermənistanın suveren ərazisində Qərbi Azərbaycan ola bilməz”.

Axı illərlə Azərbaycanın suveren ərazisində “Artsax” olub. Belə çıxır ki, rəsmi İrəvan Bakının ATƏT-in Minsk qrupunun ləğvini həyata keçirmək məsələsindən buna görə ehtiyatlanır. “Artsax”ın tarixin zibilliyindəki yerini möhkəmləndirməkdən çəkinir. Əslində isə Paşinyanın Qərbi Azərbaycanla bağlı irəli sürdüyü “arqument” manipulyasiya yüklüdür. Onun sülh müqaviləsinin imzalanması ilə ATƏT-in Minsk qrupunun ləğvi prosedurunun eyni anda başlamasına dair fikirləri də həmçinin.

Yeri gəlmişkən, Nikol əvvəllər də bu məsələni qabardıb və onun xaricdəki ermənipərəstlərə güvəndiyi tam aydındır. Bir anlıq, təsəvvür edin ki, sülh müqaviləsi imzalanır və Azərbaycanla Ermənistan Minsk qrupunun fəaliyyətinin rəsmən dayandırılması üçün müştərək müraciət ünvanlayır. Kim təminat verə bilər ki, həmin ermənipərəstlər ATƏT rəhbərliyinə təsisatı ləğv etməmək üçün təzyiq göstərməyəcəklər. Hər şey mümkündür. Necə deyərlər, mədəmiz erməni hiylələrinə toxdur.

***

Digər məqama keçid alaq. Paşinyan manipulyativ dəst-xəttini Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik tələbinə münasibətdə də göstərib. O deyib ki, tərəflərin bir-birinə qarşı ərazi iddiası olmamalıdır. Baş nazir ritorik sual da səsləndirib: “Gəlin anlayaq, Ermənistan konstitusiyasında belə bir iddia varmı?

Əvvəldə Ermənistanın əsas qanununda ölkənin Azərbaycana qarşı ərazi iddiası motivini daşıyan İstiqlaliyyət bəyannaməsinə istinadın mövculuğunu vurğuladıq. Nikol isə ritorikasını əsaslandırarkən deyir ki, Ermənistan konstitusiyasında ərazi iddiasının yer alıb-almadığını müəyyənləşdirmək səlahiyyəti ölkənin konstitusiya məhkəməsinə aiddir. Görəsən, o, nəyə görə belə düşünür? Axı İstiqlaliyyət bəyannaməsi qəbul ediləndə sözügedən qurumun izi-tozu belə yox idi. İkincisi, Ermənistanın təkcə konstitusiya məhkəməsinin deyil, ümumən bütün dövlət qurumlarının fəaliyyətinin çıxış nöqtəsini konstitusiya təşkil edir. Konstitusiya da mənbəyini İstiqlaliyyət bəyannaməsində götürürsə, əsas qanun ümumixalq səsverməsində – referendumda qəbul olunubsa, deməli, qərar verən erməni xalqıdır. İndi də qərarvermə növbəsi xalqındır.

Ermənistan konstitusiya məhkəməsinin xalqın adından qərar çıxarması mümkünsüzdür. O cümlədən, qurumun Ermənistan və Azərbaycanın sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyalarının reqlamentinin əsas qanuna uyğunluğunu bildirib müsbət rəy verməsi, hələ o demək deyil ki, rəsmi İrəvanın ölkəmizə qarşı ərazi iddiası yoxdur. Habelə, Ermənistan konstitusiya məhkəməsinin İstiqlaliyyət bəyannaməsinin əsas qanunda olmayan müddəalarının etibarsızlığına dair qərarı da etibarsızdır. Ən azından, məhkəmənin belə qərar çıxarmaq üçün nə səlahiyyəti var, nə də hüququ. Avantürist hayların fikrincə, hətta mənəvi haqqı da yoxdur.

Üstəlik, Nikolun əsaslandırması qəribədir. Onun sözlərinə görə, həm Ermənistan konstitusiya məhkəməsinin haqqında söz açdığımız qərarı, həm də qurumun 1991-ci ilin Alma-Ata Bəyannaməsinin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləməsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını sübuta yetirir. Belədə ortaya sual çıxır: Ermənistan konstitusiya məhkəməsi sabiq SSRİ-yə daxil olan respublikaların bir-birinin ərazi bütövlüklərini və suverenliklərini tanımasını nəzərdə tutan Alma-Ata Bəyannaməsinin əsas qanuna uyğunluğunu təsdiqləmişdisə, nə üçün Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi? Deməli, Ermənistan heç bir sənədə məhəl qoymayıb. Elə məsələnin məğzi də budur.

Onu da bildirək ki, erməni ictimai rəyində Azərbaycanın şərtlərinin Ermənistanı və erməni xalqını aşağılamaq məqsədi daşıdığını bildirənlər var. Görünür, rəsmi İrəvan da bu deyimlərin fərqindədir və ona görə dirəniş göstərir. Reallıq isə budur ki, Ermənistan otuz il ərzində torpaqlarımızı işğalda saxlamaqla, həm dövlətimizi, həm də xalqımızı aşağılamaq yolu tutmuşdu. Xalqımız tarixin heç bir dövründə erməni qövmünə qarşı işğalçılıq siyasəti aparmayıb. Erməni xalqı isə hay millətçilərinin avantürist niyyətlərində yer alıb. Bunu ümumi tendensiya kimi qiymətləndirir, sadə haylara qarşı düşmən münasibət bəsləmirik. Amma onlar da durumu anlamalıdırlar və buna məhkumdurlar.

Məhz bu məhkumiyyətə görə də erməni xalqı referenduma gedib Azərbaycanın tələbini yerinə yetirməli, əslində, avantürizmə “yox” deməlidir. Dərk edilməlidir ki, ölkəmizin şərti aşağılamaq yox, həm özü üçün təminatdır, həm də islah şansıdır. Hər halda, nəinki otuz ilədək davam edən işğalçılığın, eyni zamanda, əvvəlki dövrlərin qəsbkarlıq niyyətlərinin bir bədəli olmalıdır. Bədəl nə konstitusiya məhkəməsinin qərarı, nə də Paşinyanın, yaxud qeyrsinin sözü ilə ödənə bilər. Həm də ona görə ki, indiyədək hay qövmünün sözünə çox inanmış, hər dəfə zülm və zillətə, məhrumiyyət və çətinliklərlə, faciə və acılara düçar olmuşuq.

Digər tərəfdən, Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı məğlubiyyət aktı kimi qəbul etmirsə, həmçinin rəsmi İrəvan və tərəfdarları müharibədən sonra bütün beynəlxalq tribunalarda anti-Azərbaycan siyasəti aparırlarsa, onlar vaxtilə Qarabağdakı separatçılığı qorumaq naminə fəaliyyət gerçəkləşdirmişdilərsə, kim təminat verə bilər ki, eyni “amplua” davam etməyəcək?

Ermənistan konstitusiyasının işğalçı İstiqlaliyyət bəyannaməsindən imtinası erməni xalqının məkrli niyyətlərə düşməyəcəyinə, sülhə sadiq qalacağına dair böyük səmimiyyət jestinə çevriləcək. Görünən odur ki, Ermənistan dövləti və xalqı səmimiyyət sınağından keçmək fikrində deyil. Ona görə də Paşinyan nağıl danışır və forumdakı çıxışı zamanı onu da deyir ki, Azərbaycanın Konstitusiyasında, guya, Ermənistana qarşı müəyyən ərazi iddiaları var: “Amma biz bu məsələni gündəmə gətirməmişik. Çünki hesab etmişik ki, müqavilə (sülh sazişi nəzərdə tutulur – red.) imzalandıqdan sonra bu məsələ həll olunacaq”.

N.Paşinyanın həyasızlığına salıb üzərində dayandığı daha bir məqam da var. Onun sözlərinə görə, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan barış müqavilənin imzalanmasını uzatmağa çalışır: “Müqavilənin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün mümkün bütün problemləri həll edir. Diqqəti imzalanmaya yönəltmək lazımdır. Mən, hökumətimiz və siyasi komandamız irəliləməyə və regionda uzunmüddətli sülhə nail olmaq üçün məsuliyyəti üzərimizə götürməyə hazırıq”.

Bəli, tam əminliklə deyə bilərik ki, Paşinyan dünyanın erməni yalanlarına inandırmaq yolunu tutur və mövcud kontekstdə onun başlıca məqsədi barış deyil, ümumən sülh mövzusunun gündəmdə qalmasıdır, sülhün imitasiyasıdır. Ermənistanın hakim komandası bu mövzunun aktuallığını saxlamaqla, həm güclənmək üçün vaxt udmağa çalışır, həm də dünyanın ölkəmizə qarşı təzyiq göstərməsinə səy göstərir. Əlbəttə, həm hakim hay düşərgəsinin, həm də bu düşərgənin havadarlarının öz “planlarını” gerçəkləşdirə bilməyəcəkləri tam aydındır. Aydın olmayan onların bütün cəhdlərinin, indiki halda anti-sülh gedişlərinin Ermənistan adlı dövlətin varlığına son qoymağa hesablandığını anlamamalarıdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət