İtaliya nəşri bu sualın aydın cavabını verib
İşğalçı Ermənistan Qərbi Azərbaycanda və Qarabağda xalqımızın tarixi və mədəni irsinə qarşı sistemli şəkildə düşmənçilik siyasəti aparıb, misilsiz vandalism aktları törədib. Bu tarixi rüsvayçılığa baxmayaraq, erməni təbliğat maşını yeni antihumanist niyyətləri reallığa çevirməyə cəhd edir.
Faşist düşüncəli erməni başbilənləri işğal dövründə Azərbaycanın yaşayış məntəqələrinin saxta adlarının yazıldığı lövhələri və talançı ordu əsgərlərinin şərəfinə ucaldılmış “xaçkarlar”ı indi, guya, Azərbaycanın qorumağa borclu olduğu “xristian irsi” kimi təqdim edirlər.
Bu barədə politoloq Fuad Axundov İtaliyanın “Informazione cattolica” nəşrinə yazdığı məqalədə bildirib ki, Ermənistan Cənubi Qafqazda etnik təmizləmə nəticəsində formalaşmış yeganə monoetnik dövlətdir. Onun sözlərinə görə, bu ölkənin nümayəndələrinin Azərbaycanı işğal dövründə qeyri-qanuni şəkildə inşa olunmuş tikililəri və yazıları “qorumamaqda” ittiham etməsi absurddur: “Onlar heç bir mədəni və hüquqi status daşımır. Buna görə də, heç kim Azərbaycandan bu cür simvol və obyektləri qoruyub saxlamağı tələb edə bilməz.
Əslində, Ermənistanın özü uzun illər boyunca Azərbaycanın tarixi və mədəni irsinə qarşı sistemli şəkildə düşmənçilik siyasəti aparıb. İrəvanın azərbaycanlıların yaşadığı ərazilərdə memarlıq və demoqrafik görünüş planlı şəkildə məhv edilib, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımı törədilib, minlərlə azərbaycanlı toponimi zorla dəyişdirilib. Bütün bunlar sənədlərlə sübut olunmuş tarixi faktlardır”.
Haylar həm də Qarabağ və Şərqi Zəngəzurda da yer adlarının, eləcə də, tarixi memarlıq abidələrinin forma və məzmununu dəyişdirib, azərbaycanlıların izlərinin itirilməsi üçün bir çox bədii daş nümunələrini, türbələri, qəbristanlıqları, qəbirüstü abidələri və at-qoç fiqurlarını məhv edib. Bu ərazilərdə qeyri-qanuni aparılan arxeoloji qazıntılar zamanı əldə edilən dəlillərin ermənilərə məxsusluğunun təbliğini həyata keçiriblər. Məsələn, Ağdamda qanunsuz arxeoloji qazıntılar aparılıb.
Məqsəd qondarma “Arsax”ın, e.ə. I əsrdə Ermənistanın tərkibinə daxil olması barədə mifi “təsdiq” etmək olub. Qazıntılar nəticəsində, guya, erməni dövlətçiliyinin qədimliyini təsdiq edən yazılı və arxeoloji sübutlar əldə edilib. Guya, “böyük” Tiqranın “Artsax”da əsasını qoyduğu Tiqranakert şəhərinin izləri tapılıb. Bu cəhdlərlə onlar tarixi abidələri saxtalaşdıraraq, “böyük ermənistan” xəyallarına alət ediblər. Yada salaq ki, Ağdam bölgəsində qazıntılar zamanı ortaya çıxan eksponatlar Yerevana, antropoloji parçalar isə Avropa ölkələrinə göndərilib. Tarixi eksponatların sonrakı taleyi haqqında bu gün də dəqiq məlumat yoxdur. Bu əməllər Azərbaycan tarixi abidələrinin istismar edildiyini bir daha təsdiqləyir.
Azərbaycan Milli Elmlər AkademiyasınınTarix İnstitutunun elmi işçisi, Ramin Əlizadə bildirdi ki, hayların işğal dövründə Ağdamda apardıqları qazıntı işləri zamanı tapılan bütün maddi-mədəniyyət nümunələri, kurqanlar Azərbaycan xalqına məxsusdur: Orada qəbir abidələrinin kurqan formasında olması bunun türk xalqlarına aid olduğunu sübut edir, aşkar olunan müxtəlif əşyalar isə oğuz türklərinin gündəlik istifadə etdikləri keramika nümunələridir. Burada tapılan müxtəlif məişət əşyaları, silahlar, tuncdan hazırlanmış nizə ucluqları, oxlar və s. türk tayfalarına məxsusdur.
Bunlar hamısı detallı şəkildə sübut olunub. Ona görə də bu ərazilərin ermənilərə aid olmasından söhbət gedə bilməz. Eyni zamanda Ağdamda, Xocalıda, Şuşada, Xocavənddə, Xankəndində, Tərtərdə yüzlərlə kurqan abidələri və bunların ətrafında olan müdafiə qalaları olub. Onlar kurqan mədəniyyətinin tərkib hissəsidir”.
Tarixçi daha sonra qeyd etdi ki, təxribat yaratmaq ermənilərin adətidir: “İşğal etdiyi ərazilərdə yalançı arxeoloji qazıntılar apararaq, qazıntıların nəticələrini saxtalaşdıraraq özlərinə uydurma tarix yaratmaq ermənilərin köhnə peşəsidir. XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Şimali Azərbaycan torpaqlarına köçürülən hayların bu ərazidə qədim abidələri necə ola bilərdi?!”
Bundan başqa, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər kimi bölgələrdə yüzlərlə abidə vandalizmə məruz qalıb. XIII əsrə aid Gəncəsar monastrı silah anbarına çevrilib, Laçındakı Sisərnəvəng monastrı isə təmir adı altında dəyişdirilib. Deməli, Azərbaycana qarşı ermənilik saxtakarlığı müxtəlif istiqamətləri əhatə edir: ölkəmizin xristian irsinin özününküləşdirilməsi, Azərbaycanın islam sivilizasiyasının saxtalaşdırılması, ümumazərbaycan tarix və mədəni dəyərlərinin mənimsənilməsi, Azərbaycanın tarixi rolunun təhrif edilməsi, ermənipərəst dövlətlər və əcnəbi tədqiqatçılar vasitəsilə Azərbaycanın tarixi irsinə qarşı təbliğatın təşkil edilməsi.
Erməni tərəfi işğal dövründə həyata keçirdiyi fəaliyyətləri təkcə hərbi və siyasi sahələrlə məhdudlaşdırmayıb. Eyni zamanda, mədəni irsin saxtalaşdırılması istiqamətində də ciddi addımlar atıb. Bu çərçivədə onlar müxtəlif “xatirə ansamblları”, xaç daşları və saxta kilsələrin inşası ilə öz təbliğatlarını daha da “zənginləşdirməyə” çalışıblar. Hətta ermənilərin heç vaxt yaşamadığı ərazilərdə, o cümlədən Laçın və Cəbrayıl rayonlarında erməni kilsələri tikilib.
Ümumiyyətlə, haylar Şuşa şəhərində 3, Şuşa-Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 kilsə inşa ediblər. Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, keçmiş Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək, erməni kilsəsi statusu verilib.
Xatırladaq ki, qanunsuz tikililərdən biri də Laçın şəhərində, 1996–1998-ci illərdə, Qubad İbrahimova məxsus qanuni mülkiyyətin yerində inşa olunmuş “kilsə”dir. Həmin tikili ermənilər tərəfindən “qədim tarixi abidə” kimi təqdim edilib. Burada tarixin saxtalaşdırmadan söhbət gedir, gələcəkdə bu ərazilərin tarixi erməni ərazisi olması iddiasından söhbət gedir. Halbuki, bu ərazilərdə tarixən ermənilər yaşamayıblar. Deməli, hansısa tarixi erməni kilsəsindən söhbət gedə bilməz.
Beləliklə, Qarabağ dünya tarixində görünməmiş dağıntılar meydanına çevrilib. Burada hər şey dağıdılıb: 67 məsciddən 64-ü, yaşayış binaları, məktəblər, xəstəxanalar, muzeylər, rəsm qalereyaları, hətta qəbiristanlıqlar və türbələr. Bundan başqa, 1 milyon azərbaycanlı dədə-baba torpaqlarından qovulub. Bu vəhşiliyə görə heç kim Azərbaycandan üzr istəməyib, heç kim cəzalandırılmayıb, bütün bunlar təbii qarşılanıb. İndi isə Azərbaycandan haqq-hesab tələb olunur ki, ölkəmizin hakimiyyət orqanları işğalçılar tərəfindən Azərbaycan şəhərlərinin uydurma erməni adları ilə quraşdırdıqları lövhələri, saxta xaçkarları, sonradan tikilmlş kilsələr niyə qorumur! Bu dərəcədə saxtakarlıq, ikiüzlülük olmaz.
Ona görə də erməni tərəfinin nümayəndələrindən tarixi irsin dağıdılması ilə bağlı mənəvi arqumentlər eşitmək, ən azı, qəribədir. Bu faktlar sübut edir ki, ermənilər işğal dövründə yalnız torpaqları deyil, həm də Azərbaycanın tarixi-mədəni irsini mənimsəmək, onu saxtalaşdıraraq dünyaya yanlış təqdim etmək üçün məqsədyönlü fəaliyyət həyata keçiriblər.
Pünhan ƏFƏNDİYEV
XQ