Prezident İlham Əliyevin multivektorluğu, praqmatizmi və diplomatik məharəti

post-img

Xarici siyasət və təhlükəsizliyin təminatı, ilk növbədə, başqa dövlətlərlə münasibətlərdə öz məqsədlərinə çatmaq üçün imkanlardan və gücdən istifadə etməyin zəruriliyini ortaya qoyur. Müasir dövrdə xarici siyasət və təhlükəsizlik müharibə və sülh problemindən əlavə, çox geniş məsələlərin həlli ilə mütləq şəkildə bağlıdır. Bu səbəbdən uzaqgörən dövlət rəhbəri xarici siyasəti müəyyənləşdirərkən bütün riskləri və imkanları nəzərə almalı və dəyərləndirməlidir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən dərhal sonra təhlükədə olan Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün mövcud olan imkanlarla xarici siyasətin ən çevik vasitələrini işə saldı. Onun strateji xarici siyasət xəttində Azərbaycanın milli maraqları ən mühüm amil kimi qorunur və atılan bütün addımlar bu maraqların əsla zərər görməməsinə və qorunmasına xidmət edirdi. Hakimiyyətə qayıdışından sonrakı 10 ildə Heydər Əliyev milli mənafe naminə ilkin mərhələdə qarşıya qoyduğu siyasi, sosial-iqtisadi və xarici diplomatiya sahəsindəki məqsədlərinə nail oldu. Ölkənin ərazilərinin 20 faizinin işğal altında olması ciddi problem kimi qarşıda dursa da, bunun həlli perspektivinə aparan yolda strateji addımlar atıldı. Tarix göstərdi ki, 1994-cü ildə Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində Bişkekdə əldə olunan atəşkəs 26 il sonra işğalı aradan qaldıracaq Azərbaycan Ordusunun Zəfər yürüşünə hazırlıq üçün ölkəyə son dərəcə mühüm və qiymətli vaxt qazandırdı.

2003-cü ildə xalqın iradəsi ilə Prezident seçilənən İlham Əliyev qızıl kimi bu vaxtı strateji baxımdan ən yüksək səviyyədə dəyərləndirməyi bacardı. Amma bu hərbi-siyasi trekdə onun müdrik addımı Prezident seçiləndən dərhal sonra andiçmə mərasimində çıxış edərkən məhz ümummilli lider Heydər Əliyevin “sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə” xidmət edən siyasəti davam etdirməsi oldu. “Azərbaycanda bu siyasətin alternativi yoxdur, ölkəyə bütün sahələrdə böyük uğurlar qazandırıb və söz verirəm ki, bu siyasətə sadiq qalacağam, bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”, – deyən yeni Prezident alternativi olmayan bu siyasətin uzaq hədəflərini bəlli etməsə də, qarşısında hansı çətin vəzifələrin durduğunu əsla unutmadı.

23 illik bir tarixdə Azərbaycanın xarici siyasəti dəyişən qlobal mənzərədə praqmatizm, maraqlar tarazlığı və çeviklik prinsipləri üzərində quruldu. Bu strateji kursun baş memarı, təbii ki, Prezident İlham Əliyev idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki regional, beynəlxalq mövqelərini möhkəmləndirə, həm də müstəqil gündəliyə və geniş xarici siyasət tərəfdaşlığına malik olmaqla Cənubi Qafqazda əsas oyunçuya çevrilə bildi.

Tarixə qovuşan bu illər ərzində Azərbaycan özünün xarici siyasət çevrəsində çoxvektorlu xətt, müxtəlif regional və qlobal oyunçular arasında balanslaşdırma yaratmağa nail oldu. İndi çəkinmədən təsdiq etmək olar ki, balanslaşdırma və praqmatizm respublika rəhbərinin xarici siyasətinin təməl daşlarıdır. Türkiyə ilə qardaşlıq əlaqələrindən istifadə etməklə, eləcə də yaxın vaxtlara qədər Moskva ilə dostluq əlaqələri vasitəsilə Azərbaycanın Cənubi Qafqazda əsas hakim regional aktora çevrilməsi məhz bu siyasətin mətiqi nəticəsidir. Amma Bakının xarici siyasət kursunda Şimali Atlantika vektorunun gücləndirilməsinə də ötəri yanaşmaq doğru olmazdı.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyətidir. Bu gün elə bir sahə yoxdur ki, ölkələrimiz arasında əməkdaşlıq diqqətdən kənarda qalsın. Bu baxımdan hazırda Azərbaycan postsovet məkanında Türkiyə Cümhuriyyətinə ən çox yaxın olan 5 dövlətdən biridir. İndi Türkiyə üçün Azərbaycan MDB ərazisində “dayaq nöqtəsini” təmsil edir, çünki tarix boyu Türkiyə bu ölkə ilə, Dağlıq Qarabağ münaqişəsi ön planda olmaqla, bir sıra siyasi və strateji məsələlərdə güclü dialoq qurub.

Beləliklə, bu gün birmənalı olaraq təsdiq etmək olar ki, Türkiyə ilə münasibətlər Bakının xarici siyasətinin əsas strateji xəttini təşkil edir. Bu, təkcə 2 türk dövlətinin ittifaqı deyil, həm də dərin siyasi, hərbi və enerji inteqrasiyasının nümunəsidir. Bu kontekstdə Gürcüstandan keçən Azərbaycan–Türkiyə ana xətti boyunca infrastruktur dəhlizləri xüsusi önəm daşıyır. Azərbaycan–Türkiyə ittifaqı Türkiyənin Bakıya hərtərəfli dəstək verdiyi İkinci Qarabağ müharibəsindən sonra xüsusilə möhkəmləndi. 2021-ci ildə ölkələr hərbi müttəfiqliyi və strateji tərəfdaşlığı faktiki olaraq möhkəmləndirən Şuşa Bəyannaməsini imzaladılar.

Bu gün bir çox siyasi analitiklər Azərbaycanın çoxvektorlu xarici siyasətində Rusiya ilə münasibətləri “mürəkkəb tərəfdaşlıq və təsirlər balansı” kimi səciyyələndirir. Amma buna qədər postsovet məkanında mərkəzdənqaçma meyllərinə və Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərinə, o cümlədən Ermənistanla qarşıdurma münasibətlərinə baxmayaraq, Bakı Moskva ilə strateji münasibətləri qoruyub saxlaya bilib. Bu, müəyyən mənada iki ölkə rəhbərliyi arasında tərəfdaşlıq və dostluq münasibətləri, Rusiya və Azərbaycan xalqları arasında sıx iqtisadi qarşılıqlı əlaqələrlə bağlıdır. Bundan əlavə, SSRİ-nin dağılmasından sonra 2 dövlət sağlam münasibətlər üçün möhkəm müqavilə-hüquqi baza yaratmağa nail oldular. Hətta Rusiya Federasiyasının təsis qurumları səviyyəsində əməkdaşlığa dair 200-dən çox saziş və sənədlər imzalandı.

2020-ci ilə qədər Moskva ilə Bakının qarşılıqlı fəaliyyətində həll edilməmiş Qarabağ münaqişəsi mühüm problem olaraq qalırdı. Bu və digər səbəblərdən Azərbaycan Prezidenti İlham Əliyev müstəqillik və ehtiyatlılıq nümayiş etdirərək Rusiya Federasiyasının təşviq etdiyi inteqrasiya strukturlarında, məsələn, KTMT və ya Avrasiya İqtisadi İttifaqında iştirakdan yayındı.

Münaqişənin ədalətli həlli uzandıqca Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyəti artmağa başladı.

Amma Prezident İlham Əliyev Rusiyanin regionda mühüm oyunçu olaraq qaldığını çox gözəl bilir və ölkəsinin onunla balanslaşdırılmış siyasət aparmasını davam etdirirdi. Bu səbəbdən Ermənistanın Moskva ilə tarixən sıx əlaqələrinə baxmayaraq, Bakı Kremllə, xüsusilə də təhlükəsizlik və enerji sahələrində işgüzar əlaqələr qura bilib. Bu baxımdan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatın imzalanması Cənubi Qafqazda yeni reallığın əsas elementi oldu.

Müstəqilliyinin Heydər Əliyev mərhələsindən başlayaraq, Azərbaycanın Qərblə əməkdaşlığının gücləndirilməsi aydın müşahidə edilən spektrlərdən biridir. Bu, təkcə NATO və Aİ ilə əməkdaşlığa doktrinal vurğu deyil, həm də bütün siyasi, iqtisadi və hərbi istiqamətlərdə daimi təmaslardır.

Avropa İttifaqının fəaliyyəti Şərqdən enerji təchizatı mənbələrini şaxələndirmək istəyinə əsaslanır, eyni zamanda Türkiyənin tranzit ölkəsi, enerji qovşağı kimi güclənməsinə kömək edir, çünki onun ərazisindən qaz Avropaya axır və “Türk axını” layihəsi çərçivəsində Rusiyadan da tədarük Rusiya–Ukrayna müharibəsindən sonra daha da genişləndirilir. Azərbaycan tərəfi üçün Aİ ilə qarşılıqlı fəaliyyətin faydası aşağıdakı sahələrdədir: enerji resurslarının satışından əldə olunan gəlir, beynəlxalq və daxili siyasi səviyyədə dividendlər.

Azərbaycan Respublikası Avro-Atlantik strukturları ilə tərəfdaşlığı, ümumilikdə, bu məkanın təhlükəsizliyinə, iqtisadi inkişafına və demokratiyaya dəstək verəcək vasitə kimi qəbul edir. NATO ölkələri Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq proqramında fəal iştirakını, alyansın əməliyyatlarına verdiyi töhfəni, islahatlar sahəsində əldə olunan tərəqqini xüsusi vurğulayırlar. Etiraf etmək lazımdır ki, Qərb istiqaməti bu halda heç də ən mühüm məqsəd deyil, alət rolunu oynayır və yalnız “yelləncək siyasəti” çərçivəsində balanslaşdırıcı amil olaraq qalır.

O da aşkardır ki, 44 günlük Vətən müharibəsindəki qələbədən və 2023-cü ildə Xankəndidə keçirdiyi antiterror əməliyyatından sonra Avropa İttifaqı və ABŞ-nin Azərbaycana münasibətlərində kardinal dəyişikliklər müşahidə edilməyə başlandı. Müharibə davam etdiyi günlərdə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali nümayəndəsi Josep Borrell Dağlıq Qarabağda hərbi eskalasiyanı pisləyərək Azərbaycanı əməliyyatları dərhal dayandırmağa çağırdı. Avropa Şurasının prezidenti Şarl Mişel də Bakı ilə Qarabağ erməniləri arasında dialoqu təmin etmək üçün hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğuladı. Hətta ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyev bütün bu təhdid xarakterli çağırışlara kəskin reaksiya verərək, işğalçı Ermənistan təslim aktı imzalayana və ölkəsinin ərazi bütövlüyünü təmin edilənə qədər Zəfər yürüşünü davam etdirdi. 30 ilə yaxın Ermənistana Azərbaycanda işğal etdiyi əraziləri tərk etməyə yalançı çağırışlar edib, əslində bu istiqamətdə heç bir konkret addım atmayan Qərbin ikili standartı bu dəfə Prezident İlham Əliyevin qətiyyəti və cəsarətli diplomatiyası qarşısında fiaskoya uğradı. Bu, bir daha dünyada Qərb ədalətinin hansı kriteriyalara əsaslandığını üzə çıxarıb bu bloku rüsvay etdi.

Amma zamanla beynəlxalq aləmdə münasibətlər fərqli istiqamətlərdə davam etməyə başladı və Qərbin Azərbaycana yanaşmalarında ciddi yumşalma özünü göstərdi. Bu, ilk növbədə ABŞ-da Donald Trampın prezidentliyi ilə respublikaçıların hakimiyyətə gəlişindən sonra baş verdi. Artıq Avropa Birliyi də xarici siyasətində kardinal dəyişikliklər etmək məcburiyyətində qaldı. Məsələn, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra Brüssellə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalandığını söylədi və mətbuata açıqlama verərək dedi: “Prezident İlham Əliyevlə söhbətdə biz Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi və Azərbaycanın bu prosesdəki rolunu müzakirə etdik. Biz qarşılıqlı fayda və hörmət əsasında əməkdaşlığı inkişaf etdirəcəyik”. Hətta AB rəsmisi əlavə etdi ki, o, Əliyevlə Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəlib. Nəhayət, Kallas etiraf etməli oldu ki, “Avropa İttifaqı Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir və bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır”.

NATO-ya gəldikdə isə bu alyansla Azərbaycanın münasibətləri daha sıx əməkdaşlıq səviyyəsinə daxil olmaqdadır. Bu tendensiya Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin may ayında NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində qurumun rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdə bir daha nümayiş etdirilib. Hikmət Hacıyev qeyd edib ki, təkcə müdafiə və terrorizmi deyil, ümumən təhlükəsizliyin müxtəlif aspektlərini də nəzərdən keçirmək lazımdır: “Azərbaycan NATO ilə ictimai diplomatiya və saxta xəbərlərlə mübarizə sahəsində əməkdaşlıqda maraqlıdır. NATO birbaşa müdaxilə etməsə də, təşkilat regional sabitlik və təhlükəsizliyə yaxından nəzarət edir və Azərbaycan bunu yüksək qiymətləndirir.

Prezidentin köməkçisi NATO baş katibinin müavini Radmila Şekerinska və NATO baş katibinin şəxsi ofisinin direktorunun 1-ci müavini Lorenz Meyer-Minnemannla görüşlərində xüsusi vurğulayıb ki, Azərbaycan münaqişədən sonra regional əməkdaşlıqda maraqlıdır və ATƏT öz təcrübəsi ilə bu prosesdə iştirak edə bilər: “Biz müdafiə sahəsində islahatların aparılmasında NATO-nun Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. NATO sülh mexanizmi vasitəsilə regionda sülh və təhlükəsizliyə töhfə verə bilər”.

Təbii ki, Avropa İttifaqı və ABŞ Azərbaycanın enerji və investisiya sektorunda mühüm tərəfdaşları kimi qəbul edilir. Aİ-nin əsas marağı Xəzər qazının Rusiyadan yan keçməklə tədarükünü təmin edən Cənub Qaz Dəhlizidir. Bakı enerji resurslarının etibarlı təchizatçısı kimi əhəmiyyətini gücləndirmək üçün xüsusilə Ukraynada müharibə başlayandan sonra geosiyasi vəziyyətdən məharətlə istifadə edib. ABŞ ilə münasibətlər daha təmkinlidir, lakin hərbi və antiböhran əməkdaşlığının elementlərini ehtiva etmir.

Beynəlxalq münasibətlər sisteminin transformasiyası kontekstində, xüsusən də ABŞ-ın yeni prezident Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev regional siyasət səviyyəsində, o cümlədən Türk Dövlətləri Təşkilatında və İslam dünyasında Azərbaycanın beynəlxalq siyasi çəkisinin və subyektivliyinin artırılmasına yönəlmiş addımlar atır.

Yeri gəmişkən, ABŞ Prezidenti Donald Tramp artıq Azərbaycan Prezidentinin təkcə regiondakı deyil, beynəlxalq aləm üçün vacib olan səylərini yüksək qiymətləndirir. O, İlham Əliyevin İsraillə Türkiyə arasında vasitəçi mövqeyini alqışlayır. Məlum olduğu kimi, tərəflər Suriyada “münaqişəsiz qarşılıqlı fəaliyyət mexanizmləri” yaratmaq üçün aprelin 9-da Azərbaycanda görüşüblər. ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına təbrikində, İsrailə göstərdiyi dəstəyə və dostluğa, yəni faktiki olaraq Tel-Əviv və Ankara arasında danışıqların təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda Türkiyənin ən yaxın müttəfiqi və İsrailin iki əsas müttəfiqindən biridir. Yəhudi dövlətinin nöqteyi-nəzərində Azərbaycan sadəcə dost ölkə və müttəfiq deyil, Yaxın Şərqdə və müsəlman dünyasında ABŞ-dan sonra ən mühüm müttəfiqdir. Bunu yəhudi siyasi xadimləri gizlətmirlər.

Amma məsələ heç də təkcə Azərbaycanın bu mövqeyi ilə bitmir. Azərbaycan Prezidenti ABŞ-ın yeni administrasiyası ilə uzunmüddətli strateji münasibətlərə ümid edir. Məhz bu ümidin nəticəsidir ki, Azərbaycan lideri çıxışlarının birində tutarlı arqumentlərlə Donald Trampı buna əmin olmağa çağırıb. Prezident İlham Əliyev Trampın ilk prezidentlik müddətini müsbət qiymətləndirdiyini bildirərək əlavə edib ki, onun 2-ci dönəmi daha aktiv olacaq. Hətta prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra artıq respublikanın ABŞ ilə münasibətlərində müsbət dəyişikliklərin olduğunu, Vaşinqtonun siyasətində “antiazərbaycan trendi”nin sonunu müşahidə etdiyini bəyan edib və bu yeni dövrü ölkələr arasında münasibətlərdə tərəfdaşlığın gücləndirilməsi üçün çox yaxşı fürsət adlandırıb. Təbii ki, Azərbaycan Prezidenti bunu ölkəsinin region üçün mühüm əhəmiyyətini qabardaraq bildirib: “Azərbaycanla güclü əlaqələr bu region üçün çox vacibdir. Çünki Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir... iqtisadi potensialı, enerji resursları, öz gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş ordusu ilə və bütün digər siyasi əlaqələri ilə ABŞ üçün çox mühüm tərəfdaş ola bilər".

Prezident İlham Əliyevin bu il aprelin 9-da ADA-da keçirilən “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda çıxışı zamanı bunu çox parlaq şəkildə bütün dünyaya bəyan etdi. Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi analitiklərinin və politoloqlarının diqqətlə seçilmiş suallarını cavablandıran İlham Əliyev bir sıra çox əhəmiyyətli, bir qədər də sərt və cəsarətli bəyanatlar verdi. Respublikanın rəhbəri Bakının regionda və onun hüdudlarından kənarda gedən geosiyasi, geoiqtisadi və sosial-mədəni proseslərdə fəal iştirakını, sanki dünya siyasətinin əzəmətli şəxslərinin xarici və daxili siyasətini nəzərə almadan təfərrüatı ilə təsvir etdi. Azərbaycan Prezidenti öz istəklərini Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat körpüsü rolunu oynayan ölkəsinin unikal coğrafi, siyasi və iqtisadi mövqeyi ilə əsaslandırıb dedi: “Azərbaycandan yan keçməyin mümkün olmayacağını anlamaq üçün xəritəyə baxmaq kifayətdir”.

Bununla razılaşmamaq əsla mümkün deyil. Həqiqətən də, Azərbaycan üzərindən “Bir kəmər, bir yol”, “Orta dəhliz” (“Şərq–Qərb”), “Şimal–Cənub dəhlizi” kimi layihələr, magistral boru kəmərlərinin irimiqyaslı tikintisi həyata keçirilir. Onlar tanker tədarükü ilə müqayisədə daha etibarlı və ucuzdur, Avrasiyada malların və enerji resurslarının ticarəti üçün su yollarının dəyərini əhəmiyyətli dərəcədə azaldıb. Etiraf edək ki, bu gün Cənubi Qafqaz alternativ ticarət kommunikasiyalarının nəinki ABŞ-ın, Rusiyanın belə nəzarəti altında olmayan azsaylı regionlardan biridir. Bu regionun isə əsas aktoru İlham Əliyevin prezidenti olduğu Azərbaycandır.

Azərbaycan Prezidenti xarici siyasətində Çin amilinə xüsusi önəm verir. Bu əməkdaşlıq Çin tərəfindən də xüsusi diqqətdə saxlanılır. Hələ 2019-cu ildə Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanı Avrasiyada əsas tərəfdaşlardan biri adlandıraraq xüsusi vurğulayıb: “Siz Böyük İpək Yolunun üzərində yerləşirsiniz, bu yolun bərpasında təbii tərəfdaşsınız. Artıq bizim xalqlarımıza real fayda gətirən əməkdaşlığın gerçək nəticələri var”.

Azərbaycan Prezidenti də öz növbəsində, bu gün Çini müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində ən mühüm strateji tərəfdaş hesab edir. İlham Əliyevin ölkəsinin xarici siyasətinin bu trekinə verdiyi yüksək əhəmiyyət özünü onun bu ilin aprelində ÇXR-ə yüksək səviyyəli dövlət səfərində bir daha nümayiş etdirdi. Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan Prezidentinin ölkəsinə səfərini şərh edərkən deyib: “Prosesin əvvəlindən sonuna qədər bu səfərdə iştirak edərək, ən çox hiss etdiyim odur ki, dövlət başçılarının diplomatiyası Çin–Azərbaycan münasibətlərinin inkişafı üçün bir kompas rolunu oynayır. İki dövlətin başçıları yaxşı iş münasibətləri qurub və şəxsi dostluq əlaqələrini möhkəmləndiriblər. Məhz onların strateji rəhbərliyi altında Çin–Azərbaycan münasibətləri daim yeni səviyyəyə qalxır və tarixdə ən yüksək səviyyəyə çatıb”.

Azərbaycanın Asiya nəhəngi üçün hansı əhəmiyyət daşıdığına dəyər vermək üçün, fikrimizcə, təkcə ÇXR-in dövlət başçısı Si Cinpinin vurğuladığı aşağıdakı fikir yetərlidir: “Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir”.

Azərbaycan Prezidenti bütün digər sahələrlə yanaşı, ölkənin müdafiə sənayesini də Çinlə çox perspektivli əməkdaşlıq sahəsi adlandırıb, çünki Azərbaycan silahlı qüvvələrini modernləşdirməkdə davam edir. Maliyyə institutları arasında Bakı əsas tərəfdaş kimi Çinin təşəbbüsü ilə yaradılmış Asiya İnfrastruktur İnvestisiya Bankından istifadə edir. Bununla yanaşı, İlham Əliyev uzun illərdir ki, beynəlxalq maliyyə qurumlarından faktiki müstəqil olan Azərbaycanın maliyyə sabitliyinə nail olub. Azərbaycan ya kredit portfelini tamamilə bağlayıb, ya da buna yaxındır. Digər tərəfdən, Azərbaycan Prezidenti Sinxua agentliyinə müsahibəsində beynəlxalq məsələlərdə də Çinlə əməkdaşlığı genişləndirməyə və 2 dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanın dövlət başçısı beynəlxalq balansı möhkəmləndirmək üçün əməkdaşlığın şərq istiqamətini də gücləndirməyə çalışır. Məsələn, Azərbaycan İranla hazırda Şərq–Qərb və Şimal–Cənub xətti boyunca axınların cəmləşdirilməsində öz maraqlarına əsaslanaraq, regiondankənar təsirə baxmayaraq, əməkdaşlıq qurmağa çalışır. Bu istiqamətdə görülən işlərin bir praktik göstəricisi də İran Prezidenti Məsud Pezeşkianın ötən ay Azərbaycana səfəri oldu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səfərin yüksək siyasi əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Bu, ölkələrimizin qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq regional məsuliyyət prinsipləri əsasında daha sıx əməkdaşlığa hazır olduqlarının mesajıdır”.

Azərbaycan diplomatiyasından söz açarkən, unutmaq olmaz ki, Prezident İlham Əliyevin bu proseslərdə şəxsən iştirakı ölkəmizin xarici siyasətinin səciyyəvi xüsusiyyətinə çevrilib. Onun üslubu sərt məntiqi, əsaslandırılmış ritorikası və Ərdoğandan Putinə, Ursula fon der Leyendən Lavrova qədər geniş siyasi liderlərlə danışıqlar aparmaq bacarığı ilə xarakterizə olunur.

Uzun müddətdir ki, Prezident İlham Əliyev beynəlxalq arenada özünü tam müstəqil oyunçu kimi göstərir. Bu, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllindən və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam həllini tapdıqdan sonra daha yüksək səviyyədə özünü göstərməyə başladı. 2020-ci ildə Qarabağ Zəfərindən sonra Azərbaycanın mühüm regional aktor kimi nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirdi və 2023-cü ildə Qərbin tənqid və təhdidlərinə baxmayaraq, dövlət başçısı qətiyyətli iradə nümayiş etdirərək Xankəndidə uğurlu antiterror əməliyyatı həyata keçirərək, Azərbaycanın ərazi bütövlüyü üçün uzun müddət təhdid və təhlükəyə çevrilmiş qondarma erməni rejiminin fəaliyyətinə son qoydu.

Azərbaycan Prezidentinin diplomatik ustalığı ondadır ki, o böyük dövlətlər arasında tarazlığı məharətlə saxlayır, kəskin münaqişələrə cəlb olunmaqdan yayınır. Xarici təzyiqlərə baxmayaraq, Azərbaycan Rusiya–Ukrayna müharibəsində neytral qalır və anti-Rusiya sanksiyalarına qoşulmur. Bu, bizə həm Qərblə, həm də Moskva ilə etimadı qoruyub saxlamağa imkan verir.

İlham Əliyev beynəlxalq mediada və şəxsən özünün gedib, tez-tez çıxış etdiyi forumlarda (o cümlədən Davos və Münhen də daxil olmaqla) yüksək hazırlıq səviyyəsini və mövzuya dair biliklərini nümayiş etdirir. O bu beynəxalq platformalardan müdrikcəsinə istifadə edib, Azərbaycanı müasir, dünyəvi və iqtisadi cəhətdən etibarlı, investisiya və tərəfdaşlığa açıq dövlət kimi göstərir.

Bu qeydlərdən sonra qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti çevik, praqmatik və çoxvektorlu strategiya nümunəsidir. Şərqlə Qərbin maraqları arasında tarazlıq yaratmaq bacarığı daxili konsolidasiya və diplomatik təşəbbüs nümayiş etdirməklə yanaşı, Bakıya beynəlxalq aləmdə hərtərəfli əhəmiyyətini gücləndirməyə imkan verir. Mövcud dinamika göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasət modeli sabit və effektiv olaraq qalır.

Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi laureatı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü



Siyasət