Ottava Bakıya tərəf dönür?

post-img

İlk siyasi məsləhətləşmə yeni mərhələnin anonsu sayıla bilər

İyunun 10-da Bakıda Azərbaycan və Kanada xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Amerika idarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinə isə XİN-in Şərqi Avropa və Avrasiya Departamentinin icraçı direktoru Andreas Veyçert rəhbərlik edib.

Əlbəttə, Azərbaycan və dünyanın müxtəlif ölkələrinin xarici siyasət idarələri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr keçirilir. Bu siyasi məsləhətləşmələr, əsasən, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, ticarət, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi, beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin uzlaşdırılması, qarşılıqlı səfərlərin planlaşdırılması və diplomatik əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Kanada ilə belə toplantının keçirilməsi ona görə diqqəti xüsusi cəlb edir ki, bu, ölkəmizin müstəqilliyini əldə etdiyi dövrdən etibarən ilk dəfə baş tutur. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilmənin əhəmiyyəti diqqətə çatdırılıb. İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Onu da nəzərə almaq lazımdır ki, bu cür məsləhətləşmələr həm dost və müttəfiq, həm də dialoq yolu ilə münasibətlərini yaxşılaşdırmaq istəyən ölkələr arasında keçirilir. Bu baxımdan, Kanadanın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq yolu tutduğunu demək üçün əsaslar var.

Məlumdur ki, Azərbaycan xarici ölkələrlə münasibətlərini qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə riayət, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalılıq və bərabərlik prinsipləri əsasında qurur. Ölkəmiz həm ikitərəfli münasibətlərin inkişafına, həm də beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığa xüsusi önəm verir. Bu prinsiplər Kanadaya münasibətdə də gözlənilib. Sadəcə olaraq, rəsmi Ottava son illər Azərbaycana münasibətdə bir sıra anlaşılmaz hərəkətlərə yol verib. Sözsüz ki, bunlardan ən başlıcası Kanada hökumətinin Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləməsi, işğalçıları dəstəkləməsi, bizim haqq işimizə kölgə salmaq istəyi idi. Hətta Castin Trüdo iqtidarı müharibə zamanı Türkiyəyə “Bayraktar TB2” pilotsuz uçuş aparatlarında istifadə edilən texnologiyanın (kameraların) satışını əsassız olaraq dayandırmışdı. Bu addım faktiki olaraq Azərbaycanın hərbi texniki imkanlarını hədəf almışdı, çünki “Bayraktar TB2”lərdə Kanadaya məxsus optik sistemlər istifadə olunurdu.

Kanada hökumətinin ermənipərəst addımları müharibədən sonra da bitmək bilmirdi. Rəsmi Ottava Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək verməkdən çəkinir, Trüdo və onun komandası Ermənistanın işğalçılıq siyasətini pisləməkdə və ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək göstərməkdə tərəddüdlü davranırdı. Onlar balanslı mövqe adı altında Ermənistanın maraqlarına uyğun davranış sərgiləyirdilər.

Daha bir haypərəst addım isə erməni diasporunun təzyiqi ilə siyasi bəyanatların verilməsi idi. Sirr deyil ki, Kanadada güclü erməni diasporu mövcuddur və bu qüvvə İkinci Qarabağ müharibəsi zamanı həm ictimai, həm də siyasi çevrələrə təsir göstərərək, Azərbaycan əleyhinə ritorikanın formalaşmasına çalışıb. Nəticədə bəzi kanadalı dövlət xadimləri, o cümlədən Xarici İşlər Nazirliyi qərəzli və birtərəfli mövqedən çıxış edib. Prezident İlham Əliyev 2021-ci il mayın 10-da Azərbaycan Televiziyasına müsahibəsində bu barədə demişdi: “Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, – bilmirəm nəyə görə, – ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir, biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun…”

Eyni zamanda, Kanada dövlətinin adından yayılan bəzi rəsmi sənədlərdə və bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunurdu ki, bu da Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd yanaşma sayılırdı. Bu çərçivədə Kanadanın 2023-cü ilin oktyabrında İrəvanda səfirlik açması da diqqətdən yayınmamalıdır. Səfirliyin təntənəli açılış mərasiminə o vaxtkı xarici işlər naziri Melani Coli şəxsən təşrif buyurmuşdu. Münasibətlərə xələl gətirən digər addım Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki adlansa da, özü yarımhərbiləşmiş missiyasına qoşulması oldu. Bu addım bölgədəki reallıqlara və balanslı yanaşma prinsipinə zidd olmaqla Ermənistanın, guya, təhlükə altında olan tərəf kimi təqdim edilməsinə xidmət edir və Azərbaycanın haqlı mövqeyinə qarşı qeyri-obyektiv yanaşmanın göstəricisidir. Kanada bu qərarı ilə bölgədəki gərginliyi azaltmaq əvəzinə, birtərəfli maraqlara xidmət edən formatda yer almış oldu. Missiyanın mandatı nə qədər “mülki” olsa da, onun arxasında geosiyasi maraqlar və regiondakı qüvvələr balansına müdaxilə cəhdləri dayanır. Bu cür yanaşma isə regionda sülhün və sabitliyin bərqərar olmasına deyil, yeni gərginlik ocağının yaranmasına əsas verir.

Prezident İlham Əliyev 2024-cü il dekabrın 17-də rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində Kanadanın Aİ missiyasına qoşulması ilə bağlı demişdi: “Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir…”

Bütün bu addımlar Azərbaycan tərəfinin haqlı etirazına səbəb olur. Bakıda keçirilən ilk siyasi məsləhətləşmə isə Kanadanın Azərbaycanın regionda və dünyada oynadığı rolun önəmini başa düşməsinin ilk işartısı sayıla bilər. Bu məsləhətləşmə tərəflər arasında dialoqun institusional əsasda davam etdirilməsi baxımından mühüm addımdır. Kanada uzun müddət Azərbaycanla münasibətlərə lazımi diqqət göstərməsə də, regionda dəyişən geosiyasi reallıqlar bu yanaşmanı yenidən qiymətləndirməyə vadar edir. Azərbaycan bu platformanı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün açıq dialoq imkanı kimi qiymətləndirir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və multikultural dəyərlər kimi sahələr Kanada üçün də əməkdaşlıq baxımından cəlbedici istiqamətlərdir. Əgər bu təmaslar davamlı xarakter alsa, iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması mümkündür.

Üstəlik, nəzərə almaq lazımdır ki, daha Fransanın təsiri altında olan, fransız kökənli (frankofon) Castin Trüdo Kanadanın baş naziri, onun kimi frankofon Melani Coli isə xarici işlər naziri deyil. Bu isə o deməkdir ki, Ottavanın xarici siyasətində Parisin təsiri əvvəlki qədər güclü deyil. Yeni geosiyasi reallıqlar Kanadanın da daha müstəqil və praqmatik mövqe sərgiləməsini zəruri edir. Rəsmi Bakı bu dəyişiklikləri düzgün qiymətləndirərək, ikitərəfli münasibətlərin canlandırılması üçün əlverişli diplomatik mühit formalaşdırmağa çalışır. Kanadanın Cənubi Qafqazdakı proseslərə balanslı yanaşması onun beynəlxalq imicinə və regiondakı nüfuzuna müsbət təsir göstərə bilər. Artıq tərəflər arasında başlanan siyasi məsləhətləşmələr bu baxımdan yeni imkanlar açır və münasibətlərin gələcəyinə ümid yaradır. 2025-ci ilin martından Kanada Liberallar Partiyasının lideri və Baş naziri seçilən Mark Karninin rəhbərliyi ilə Kanada xarici siyasətdə daha rasional və praqmatik xətt izləyərsə, bu, Bakı–Ottava münasibətlərinin inkişafına ciddi təkan verə bilər.

İlyas HÜSEYNOV,
politoloq

– Azərbaycan və Kanada arasında Bakıda keçirilən ilk siyasi məsləhətləşmələr ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. Bu təşəbbüs Azərbaycanın artan beynəlxalq nüfuzunun və regionda formalaşdırdığı sabitləşdirici rolun Kanadada da getdikcə daha aydın şəkildə dərk olunmağa başladığının göstəricisidir. Siyasi məsləhətləşmələr zamanı enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, iqlim dəyişikliyi və multikultural dəyərlər kimi aktual mövzuların müzakirəsi, tərəflərin əməkdaşlıq potensialını tam şəkildə dəyərləndirməyə çalışdıqlarını ortaya qoyur. Kanada üçün bu dialoq, Cənubi Qafqaz siyasətində daha balanslı və obyektiv yanaşmanın əsasını formalaşdıra bilər. Əgər bu təmaslar ardıcıl və davamlı xarakter alsa, gələcəkdə qarşılıqlı səfərlər və konkret layihələr çərçivəsində əməkdaşlığın dərinləşməsi mümkündür.

Azərbaycan tərəfi bu məsləhətləşməni yalnız protokol xarakterli tədbir kimi deyil, konkret nəticələrə hesablanmış dialoq platforması kimi dəyərləndirir. İkitərəfli münasibətlərin fəallaşması Kanadanın Cənubi Qafqazda konstruktiv mövqe tutmasına, bölgədə sülh və əməkdaşlığın təşviqinə töhfə verə bilər. Eyni zamanda, bu cür məsləhətləşmələr Ermənistan–Azərbaycan münasibətlərinə dair obyektiv yanaşmanın formalaşmasına da xidmət edir.

Səxavət HƏMİD
XQ

 



Siyasət