Paşinyan, II Qaregin və Levon

post-img

Yaxud məğlublar üçün demokratiya sipəri

Ermənistanda iqtidar-kilsə qarşıdurması davam edir. Durumun müxtəlif təzahürləri var və bu barədə söz açmışıq. Ancaq bütün yaşananların fonunda bir məqam nəzərə çarpır – baş nazir Nikol Paşinyan, belə demək mümkünsə, erməni dövlətçiliyi üçün köhnə müqəddəslik simvolunun məhvinə köklənib. Onun məqsədinə çatmaq üçün sığındığı məhfum isə demokratiyadır. Söhbətimiz də elə bu barədədir.

Məlum olduğu kimi, iyunun 7-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bütün ermənilərin katolikosu, Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginlə görüşdü. O Qareginlə ki, hazırda Nikolun açıq tənqid hədəfidir. Baş nazirin qaldırdığı ən mühüm məsələ isə budur ki, katolikos bakirlik andını pozub, onun övladı var və əgər dünyəvi həyat yaşamaq istəyirsə, tutduğu postu tərk etməlidir.

Maraqlıdır ki, Paşinyanın ittihamına qarşı tərəfdən cavab yoxdur. Daha doğrusu, cavab tamam başqa motivlərə söykənir. Təxminən belə: erməni iqtidarı ölkənin milli identikliyinə, dövlətçilik tarixinə və mənəvi dünyasına zərbə vurur, ənənələrinə hörmətsizlik edir və sair. Bir sözlə, ucuz populizm. Ancaq heç kəs demir ki, Paşinyan II Qareginin bakirlik andını pozduğunu deməklə şər atır, böhtan danışır. Deməli, torbada pişik var.

Əlqərəz, L.Ter-Petrosyan, obrazlı desək, torbadakı pişiyin bayıra boylanmasına yol vermək istəməyənlərin düşərgəsindədir. Ona görə də II Qareginlə görüşüb, ona dəstək nümayiş etdirib. Mövcud məqamı N.Paşinyan da görür və bu səbəbdən birinci prezidentə qarşı cəbhə açır. O bildirir: “Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi mizantropu və saxtakarı dəstəkləməli idi”.

Dəstəkdən söz düşmüşkən, L.Ter-Petrosyanla II Qareginin görüşünə dair məlumatda bildirilmişdi ki, birinci Prezident katolikosun tərəfindədir və eyni zamanda “Ermənistan Respublikasının hakimiyyət orqanlarının 1700 illik Erməni Apostol Kilsəsinə qarşı konstitusiyaya zidd hərəkətlərini qətiyyətlə pisləyir”. Paşinyanın Ter-Petrosyana cavabı isə budur ki, konstitusiyaya ən böyük zidd hərəkət seçki saxtaraklığıdır və bu, anti-demokratik addımdır.

Göründüyü kimi, Paşinyan demokratiyanı sipərə çevirir. Daha doğrusu, özünün “demokratiyanın qladiatoru” obrazını mübarizə vasitəsi kimi ortaya qoyur. Əslində, eyni motiv Nikolun kilsəyə qarşı mübarizəsi üçün həmişə xarakterik olub. Yada salaq ki, müxtəlif vaxtlarda Paşinyanın dini idarəni keçmişin korrupsiya qalığı kimi qələmə verməsinə şahidlik etmişik. Yəni, baş nazirin və komandasının nəzərində II Qareginlə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan arasında heç bir fərq yoxdur.

Ancaq o da məlumdur ki, Nikolun və ümumən Ermənistanın iqtidar düşərgəsinin ruhaniliyə qarşı mübarizəsi uğur gətirməyib. Ona görə ki, erməni hakim komandası heç zaman səmimi olmayıb. Bu komanda, ilk növbədə, demokratiyaya xəyanət yolu tutub, onu avantüra üçün alətə çevirib. Fikrimizin sübutu kimi, Paşinyanın “demokratik Ermənistan” klişəsinə güvənərək, Azərbaycana qarşı müharibəyə rəvac verməsindən söz aça bilərik. Özgə torpağını özününkü saymaq nə vaxtdan demokratiya göstəricisi olub? Axı Nikolun “Qarabağ Ermənistandır nöqtə” bəyanatı ilə II Qareginin, istər o zamankı, istərsə də indiki “Artsax” sərsəmləməsi arasında heç bir fərq yoxdur. Görəsən, Paşinyan İkinci Qarabağ müharibəsi zamanı II Qareginin əli silahlı din xadimlərinin olduğunu və həmin din xadimlərinin savaşa “dəstəyini” nə tez unudub? Məgər, o bilmirdi ki, savaş sabiqlərin oyuncağıdır? Nikola çoxmu lazım idi özünü onlardan daha pis erməni kimi göstərmək? Göstərməsəydi, nə müharibə olardı, nə də rüsvayçılıq. Axı demokratiya təkcə seçki saxtarakarlığından yox, ümumən bütün saxtakarlıqlardan və avantüradan uzaq durmaqdır. Nikol isə hazırda bütün bəşəri dəyərlərdən kənar düşməsinin cəzasını çəkir. Halbuki, hər şey fərqli ola bilərdi.

Bəli, hər şey fərqli olmadığı üçün indi həm də II Qareginin və tərəfdarları Paşinyana çox asanlıqla xayin və satqın damğası vururlar. Hər şey fərqli olmadığından, Nikol onu hakimiyyətə gətirmiş demokratiya klişelərinə sadilik göstərmədiyindən, baş nazirin II Qareginə qarşı mübarizədə din xadimini saxtakar adlandırması cəmiyyətdə ciddi effekt vermir. Çünki hazırkı durumda Ermənistandakı ən böyük saxtakar elə Nikolun özüdür.

Paşinyan son illərdəki bütün çıxışlarında “Real Ermənistan” formulundan söz açır. O formul ki, onun gündəmə gəlməsi də saxtakarlığın nəticəsidir, çarəsizlikdən qaynaqlanır. Fikir var ki, vətənpərvərlik alçaqların son sığınacağıdır. Nikolun sözügedən formulu da eyni mahiyyət daşıyan hadisədir. Çünki zamanında reallığı qəbul etməyib müharibəyə başlayan Paşinyanla II Qaregin, eləcə də Nikolun indiki məqamda din xadimi ilə görüşməsi səbəbi ilə qınaq obyektinə çevirdiyi Levon Ter-Petrosyan arasında heç bir fərq yoxdur. Nəzərə alaq ki, Ter-Petrosyan müasir Ermənistan dövlətçiliyi üçün saxta Qarabağ müqəddəsliyi uyduranların başında gəlirdi.

Məsələyə sırf demokratiya və seçki saxtakarlığı prizmasından yanaşsaq, Ermənistanda 2008-ci ilin prezident seçkiləri dövrünə nəzər salmaq zərurəti də yaranır. Yada salaq ki, o zaman L.Ter-Petrosyan prezidentliyə namizəd idi və N.Paşinyan onun seçki kampaniyasını aktiv şəkildə dəstəkləyirdi. Paşinyan mitinqlərə qatılır və Ter-Petrosyanın əsas tərəfdarlarından biri kimi çıxış edirdi. İndi necə başa düşək? Belə başa düşək ki, hazırda 50 yaşı olan Nikol vaxtilə uşaq olub, nə etdiyinin fərqinə varmayıb?

Ə.RÜSTƏMOV
XQ

Siyasət