İran iyunun 23-də gecə ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd aviabazasına raket zərbələri endirib. Ölkənin dövlət televiziya və radio şirkəti (İRİB) xəbər verib ki, hərbi əməliyyat ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinə cavab olaraq baş tutub. Vaşinqton Tehranın raket zərbəsinə cavab verməyərək tərəfləri atəşkəs elan etməyə çağırıb. İndi vəziyyətin normallaşması tərəflərin çağırışlara reaksiyasından asılı olacaq.
“New York Times” qəzetinin diplomatik mənbələrə istinadən yaydığı məlumata əsasən, Tehran böyük itkilərin qarşısını almaq məqsədilə hücumdan əvvəl Qətər rəhbərliyini məlumatlandırıb. ABŞ rəsmilərinin “Əl-Cəzirə”yə verdiyi məlumata görə, hücum nəticəsində hər hansı hərbçi itkisi qeydə alınmayıb.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü, Baş nazirin müşaviri Macid bin Məhəmməd əl-Ənsari İran tərəfindən həyata keçirilən hücumu sərt şəkildə pisləyib. O, bunun Qətər Dövlətinin suverenliyinə və beynəlxalq hüquqa açıq-aşkar zidd olduğunu bildirib. Nazirlik Qətərin cavab vermək hüququnu özündə saxladığını bəyan edib. Qətər rəsmisinin sözlərinə görə, hava bazası hücumdan əvvəl təhlükəsizlik məqsədilə təxliyə olunub və zərbələr nəticəsində heç bir insan itkisi qeydə alınmayıb. Qətər Hərbi Hava Qüvvələrinin raketləri zərərsizləşdirdiyi vurğulanır.
Ərəb Dövlətləri Liqası və Ərəb Parlamenti də hücumu pisləyib. Təşkilatın baş katibi Əhməd Əbul-Ğeyt İranın bu addımını Qətərin suverenliyinə qarşı açıq təcavüz və beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib. Bəyanatda regionda münaqişənin dərinləşməsinin təhlükəli nəticələrə səbəb ola biləcəyi qeyd olunub.
Səudiyyə Ərəbistanı da İranın hərbi əməliyyatını sərt şəkildə qınayaraq Qətərlə həmrəylik nümayiş etdirib. Krallığın Xarici İşlər Nazirliyi bildirib ki, İranın bu addımı mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Eyni zamanda, CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadla bildirib ki, İran və İsrail arasında atəşkəs razılaşması əldə olunub. Şərtə əsasən, Tehran İsrailə qarşı hücumlardan çəkindiyi təqdirdə, tərəflər atəşi dayandıracaq. Ağ evin məlumatına görə, razılaşma ABŞ-ın İranın Natanz, Fordo və İsfahan nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün olub. Prezident Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun telefon danışıqlarından sonra razılaşma baş tutub. Prezident Tramp sosial media hesabında “Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!” – deyə çağırış edib.
Bununla belə, İran tərəfindən İsrailin şimalına yenidən raket atılmasından sonra, İsrail müdafiə naziri İsrael Kats ordusuna Tehrana qarşı hücumların davam etdirilməsi barədə göstəriş verib. Rəsmi bəyanatda qeyd olunur ki, istənilən atəşkəs pozuntusuna qətiyyətlə cavab veriləcək.
Səbuhi MƏMMƏDOV
XQ