Vasitəçilərsiz təmas və ortaq məxrəc üçün səmimiyyət
Artıq tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş təkbətək və geniştərkibli görüş Bakı-İrəvan sülhünə doğru atılmış son dərəcə inamlı addımdır. Bunu müxtəlif ekspert rəyləri də təsdiqləyir, hər iki ölkənin rəsmi qurumlarının məlumatları da.
Əlbəttə, beş ilə yaxındır davam edən sülh müqaviləsi gözləntilərinin, eləcə də buna dair çoxsaylı proqnozların fonunda Əbu-Dabi təmasının ümumi təsir bağışlayan nəticələrini görürük. Nəzərə alaq ki, indiyədək də eyni prizmadan dəyərləndirilmiş təmaslar qeydə alınıb. Sonradan gərginliklərin yaşanması da həmçinin. Bu mənada fikirlər ehtiyatla bildirilməlidir. Ancaq ehtiyat müqabilində də tərəflərin sonuncu görüşünə pozitivlik pəncərəsindən baxmaq mümkündür.
...Azərbaycan və Ermənistan liderləri, eləcə də onları müşayiət edən şəxslər Əbu-Dabidə vasitəçilərsiz görüşdülər. İndiyədək də tərəflərin masaya kənar oyunçular olmadan oturmaları qeydə alınıb. Amma həmin masa bilavasitə danışıqlar masası olmayıb. Digər tərəfdən, ötən müddətdə Bakı və İrəvan təmsilçilərinin danışıqlar masası formatında Əbu-Dabidəki kimi genişlik qeydə alınmayıb.
Deməli, sülh gündəminə real yanaşma var. Çünki geniş müzakirə gündəmi fundamental yanaşmadan xəbər verir. Fundamental yanaşma varsa, barış niyyətinin mövcudluğu da şübhə doğurmur. Niyyət və məram isə çox önəmlidir. Bu, konseptual məsələlərlə bağlı ortaq məxrəcə gəlməyə imkan yaradan ciddi amildir.
Bəli, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündə vasitəçilərsiz, yəni optimal nəticələr əldə etməyə imkan verən, sülhə doğru aparan danışıqlar formatının təntənəsi yaşandı. Bununla Bakı və İrəvan arasında kənar oyunçular olmadan təmasların mümkünsüzlüyünə dair klişelər tarixin arxivinə göndərildi. Vaxtilə tərəflərə vasitəçilik etmiş, əslində öz maraqlarının təminatı üçün onlara təsir göstərməyə çalışmış, bəzən də istəyinə nail olmuş qüvvələrə isə yalnız bir şey qaldı – Əbu-Dabi görüşünü alqışlamaq.
Yada salaq ki, bir vaxtlar Ermənistan rəsmiləri də Azərbaycanla danışıqlar prosesinin vasitəçilərsiz aparılmasının mümkünsüzlüyünü bildirirdilər. Onlar fikirlərini belə əsaslandırırdılar ki, guya, ölkəmiz əldə olunacaq istənilən nəticəni heçə saymaq potensialındadır və buna görə nəticələrin üçüncü tərəfin xətti ilə fiksasiyasına ehtiyac var. Əlbəttə, sonradan bu kimi deyimlərin sülhdən yayınmaq üçün manipulyativ gedişlər olduğu da üzə çıxdı...
Amma zamanla Ermənistanda da Azərbaycana səmimi yanaşmanın vacibliyi, eləcə də prinsipial məqamlar üzrə ölkəmizin heç bir halda geri çəkilməyəcəyi dərk edildi. Əlbəttə, məsələ heç də onda deyil ki, ölkəmiz öz şərtlərini diktə etməli, qarşı tərəf isə bununla qəbullanmalıdır. Başlıca məqam prinsiplərimizin ədalət amilindən qaynaqlanmasıdır. Başlıca məqam, eyni zamanda, prinsiplərimizin adekvatlığıdır. Adekvatlıq isə budur ki, I və II Qarabağ müharibəsini başlayan, savaşa rəvac verən Azərbaycan olmayıb. Üstəlik, ölkəmiz işğala məruz qalıb, onun məhrumiyyətlərini və acılarını yaşayıb. Qanlı qarşıdurmalar indi Ermənistan Respublikası kimi adlandırılan ərazilərdə yox, ölkəmizin əbədi və əzəli torpaqlarında gedib.
Bütün bunlara baxmayaraq, habelə 44 günlük müharibənin qalibi olmasına rəğmən, Azərbaycan sülh və əməkdaşlıq gündəliyinin müəllifi olduğunu təsdiqlədi. Əminliklə deyə bilərik ki, Əbu-Dabi görüşü sülhə aparan bu missiyanın qəbul edilməsinin təntənə meydanıdır. Baxmayaraq ki, görüşlə bağlı açıqlanan məqamların olduğu kimi, açıqlanmayan, daha doğrusu, hələlik bildirilməsinə ehtiyac duyulmayan məsələlər də var. Hərçənd, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün problemlərin həlli üçün ən səmərəli format olduğunun təsdiqlənməsi adi məsələ sayıla bilməz. Deməli, tərəflər beynəlxalq aləmə də mesajlarını çatdırdılar. Həm də bir qədər əvvəl barələrində söz açdığımız, məqsəd və məramlarını açıqladığımız vasitəçilərə. Yəni, onlar daha həvəslənməsinlər...
Məlum olduğu kimi, Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. Həmçinin, sərhədlərin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətlər dəyərləndirildi. Liderlərin mövcud istiqamətdə əməli işlərin davamına dair müvafiq dövlət komissiyalarına tapşırıqlar vermələri başlanmış prosesin başa çatdırılması əzminin mövcudluğundan xəbər verir.
Əlbəttə, Bakı və İrəvan arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək də mühüm vəzifədir. Bu o deməkdir ki, tərəflər həllini tapmamış məsələlər üzrə də razılığa gəlmək üçün iradə nümayişinə hazırdırlar. Belə məsələlər isə təkcə Azərbaycanın və Ermənistanın yox, bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi baxımıdan önəmlidir. Nəzərə alaq ki, bir çox ekspertlər də Bakı-İrəvan sülhünü bu mürəkkəb siyasi coğrafiyanın gələcək təhlükəsizliyi kontekstində izah edirlər. Deməli, həm Azərbaycan, həm də Ermənistan məhz bu məqamı nəzərə almalıdır.
Bəli, ölkəmiz beş il əvvəl Ermənistana sülh əlini uzadarkən də Cənubi Qafqazda təhlükəsizlik və rifah amilini, region xalqlarının dinc və birgə yaşayışının, əmin-amanlıq şəraitində ömür sürmələrinin vacibliyini əsas götürmüşdü. Ona görə də rəsmi Bakı zamanında erməni millətinin nümayəndələrinin Qarabağda yaşamalarının mümkünlüyünü bəyan etmiş və mövcud istiqamətdə təminat vermişdi. Lakin buna məhəl qoyulmamışdı. Çünki kənar güclərin Cənubi Qafqazla bağlı narahatedici planları var idi və həmin planların indinin özündə də olduğu məlumdur. Eləcə də Ermənistanın zaman-zaman bu sayaq planlara alət olduğu da danılmaz həqiqətdir. Deməli, hazırda bu ölkənin rəhbərliyi qarşısında dayanan başlıca vəzifə belə mənfi təmayüllərə münasibətdə dirəniş göstərməkdir. Dirənişin yolu isə həm də Azərbaycanla anlaşmaqdan keçir. Erməni iqtidarı nəzərə almalıdır ki, ölkəmizlə ortaq məxrəcə gəlmək Cənubi Qafqazda müstəqil dövlətçilik üçün təminatdır. Ona görə ki, razılıq fayda deməkdir. Fayda isə xaricdən asılılığın aradan qalxmasıdır. Otuz ilə yaxın asılı halda yaşamış Ermənistan nəhayət ki, bunun yolverilməzliyini dərk etməlidir. Dərk etməlidir ki, avantürizm yaşam üçün motivasiya ola bilməz. Avantürist düşüncənin reallıqla uzlaşmasının qeyri-mümkünlüyü də təkcə erməni iqtidar deyil, bütövlükdə erməni cəmiyyəti tərəfindən qəbul olunmalıdır. Bunun üçün isə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərin yerinə yetirilməsi mütləqdir.
Haşiyə çıxaq ki, Ermənistandakı revanşist və şovinist kəsim, eləcə də onun xaricdəki dəstəkçiləri çox tez-tez bildirirlər ki, Azərbaycanın sülh şərtlərini yerinə yetirmək, Ermənistanın, guya, aşağılanmasıdır və sair. Halbuki, məsələ bunda deyil. Məsələ ondadır ki, həmin kəsim və havadarları otuz ilə yaxın müddətdə Ermənistanı dalana dirədilər. Onlar öz miskin və müti yanaşmaları, quldur təfəkkürləri, yalanları, azərbaycanlılara və türklərə nifrət çağırışları ilə sadə ermənilərin “beyinlərini yudular”. Əslində, ikinciləri şərəf və ləyaqətini alçaltmaq üçün münbit zəmin əldə etdilər. Uydurduqları miflərlə erməni insanını reallıq hissini itirmiş iflicə döndərdilər. Bu gün də eyni vəziyyətin bərpası üçün dəridən-qabıqdan çıxırlar. Belələrinin vurduqları ziyan isə Ermənistan və erməni xalqı qarşısında məsuliyyət yaradıb. Yəni, Azərbaycan Ermənistan konstitusiyasının işğalçı mahiyyət daşıyan, ərazi iddiasına köklənmiş İstiqlaliyyət Bəyannaməsinin buxovundan xilasının vacibliyini bildirməklə, bunu konstitusiya dəyişikliyi şərti kimi irəli sürməklə, məhz həmin məsuliyyətin bəyan edilməsini zəruri sayır. Bu isə referendumda – ümumxalq səsverməsində olmalıdır. Eləcə də rəsmi İrəvan Bakı ilə birgə ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciətə imza atmalıdır. Çünki məsələ Azərbaycanla Ermənistan arasında münaqişənin mövcudluq məntiqini tarixə gömmək mahiyyəti daşıyır. İşğalçılıqdan, ərazi iddiasından daşındığını uca səslə bəyan etmək Ermənistana və erməni xalqına faydalıdır.
Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin, eləcə də qarşılıqlı münasibətlərdəki normallaşmanın faydalarından danışırıqsa, prinsipial səciyyə daşıyan məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan üçün bu, Naxçıvana maneəsiz yoldur. O yol ki, heç bir gömrük və sərhəd nəzarəti olmadan fəaliyyət göstərməlidir. Böyük anlamda götürsək, Zəngəzur dəhlizi Orta Dəhliz ideyasının tərkib hissəsidir.
Ermənistan “Dünyanın kəsişməsi” ideyası ilə çıxış edir və bu ideya üçün müqəddəslik kimi ərazi bütövlüyü və suverenlik məsələsini gündəmə gətirir. Halbuki, belə qoyuluş yolverilməzdir. Ən əsası ona görə ki, ölkəmiz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır olduğunu bəyan edir. Deməli, hər iki tərəfin maraqları nəzərə alınmaqla mövcud məqam ətrafında da uzlaşmaq imkanları var. Axı Zəngəzur dəhlizi olmadan “Dünyanın kəsişməsi” də qeyri-mümkündür.
Sonda ümumiləşdirmə apararaq vurğulayaq ki, müzakirə gündəliyinin genişlik parametri baxımdan fərqlənmiş Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünü tərəflərin bir-biriləri ilə uzlaşmaq, ortaq məxrəcə gəlmək iradəsinin bəyan platforması kimi qiymətləndirmək mümkündür. Hesab edirik ki, görüşün ən müstəsna əhəmiyyəti budur. Əvvəldə haqqında söz açdığımız Bakı-İrəvan anlaşmasına doğru atılmış son dərəcə inamlı addımı xarakterizə edən də məhz bu amildir. Ümid edirik ki, qarşıdakı müddətdə həyata keçiriləcək fəaliyyət çoxdan gözlənilən sülhü gətirəcək.
Ə.CAHANGİROĞLU
XQ