Davtyanın “stəkanda fırtına” yaratması

post-img

“Sünikdə (Zəngəzur – red.) son vaxtlar heç bir yeni keçid məntəqəsi qurulmayıb”. Bu, Ermənistan hökumətinə yaxın media subyektlərindən birinin yayılan məlumatın həqiqətdən uzaq olması ilə bağlı yaydığı məlumatdır. Bəs Zəngəzurda yeni keçid məntəqəsinin nə vaxt, sərhədin hansı hissəsində və kimlər tərəfindən qurulmasına dair feyk-informasiyanı dövriyyəyə kim buraxıb?

Bu ağ yalanı jurnalist, yaxud bloqer olduğu bilinməyən tehranlı Ehsan Movahedian “azərbaycanşünas ekspertə” – erməni Qarnik Davtyana istinadla özününın “Telegram” kanalında yayımlayıb. Daha doğrusu, Davtyanın xəstə təxəyyülünün məhsulu olan feyk-xəbəri yoxlamadan, fərqli mənbələrdən dəqiqləşdirmədən tirajlayıb. Hay ekspert iddia edir ki, guya, Ermənistanın Sünik vilayətində 2021-ci ildə Gorus–Qafan avtomobil yolundakı vəziyyətə bənzər yeni keçid məntəqəsi yaradılıb.

Bu zaman, o, məlumatı əldə etdiyi mənbəyi, təbii ki, təhlükəsizlik baxımından “anonim” saxladığını açıqlayıb. Aydın məsələdir ki, belə bir dezinformasiyanı tirajlayan nəşr ictimai rəyə Ermənistanın “Zəngəzur dəhlizindən imtina etməsi” barədə rəvayəti sırımağa çalışır. İndiki məqamda bu xarakterli yalan məlumatların təsadüfən yayıldığını düşünmək sadəlövhlük olardı. Razılaşın ki, Bakı və İrəvanı sülhə aparan yolun üzərində əsas maneələrdən biri sayılan komunikasiyaların açılması məsələsi müxalifətin əlində baş nazır Paşinyana qarşı siyasi təzyiq, ən təsirli kartlardan biri hesab olunur.

Ermənistanın xəbər saytlarından biri məlumatı dəqiqləşdirmək üçün Sünik bölgəsinin təhlükəsizlik strukturlarındakı özəl mənbəyinə müraciət edib. Yerli hökumət və polis bu məlumatı qəti şəkildə təkzib ediblər. “Regionda heç bir yeni nəzarət-buraxılış məntəqəsi qurulmayıb”, – Sünikdəki mötəbər mənbə təsdiqləyib.

Bunun ardınca hökumətə yaxın media qurumu haqlı olaraq iranlı həmkarları Ehsan Movahedianın nəzərinə bunları çatdırmağı lazım bilib: “Biz “hörmətli” eksperti məlumat yayan zaman daha etibarlı mənbələr seçməyə çağırırıq. Əks təqdirdə, heç də xoş olmayan bir səhnə yaranır: özünü “mötəbər mənbələrlə işləyən jurnalist” kimi qələmə verən “azərbaycanşünas ekspert” Qarnik Davtyan, əslində, çox aşağı əyarlı erməni saxtakarlıqlarını yaymaqla məşğuldur”.

Yazının bu yerində Davtyanın “stəkanda fırtına” qoparmaq məqsədilə əl atdığı və mahiyyəti hayların özləri tərəfindən ifşa edilmiş bu ideoloji təxribatına bəlkə də nöqtə qoymaq olardı. Amma və lakin!

Bu “dezinformasiya oyunu”nda nəzərdən qaçmayan ən ciddi məqam odur ki, Davtyanın yalanı tirajlamaqda məqsədi tərəfləri sülhə yaxınlaşdıran ikitərəfli dialoqu, eləcə də yumşalmaya doğru gedən diplomatik münasibətləri zədələyə biləcək məlumatları ictimai rəyə sırımaqdır. Onun bu təxribatını iranlı “siyasi ekspert” Ehsan Movahedianın təkrarlaması isə nə qədər ciddi suallar doğurursa, məkrli niyyətlərdən xəbər verirsə, Ermənistanda hakimiyyətə yaxın medianın dezinformasiyanı operativ şəkildə təkzib etməsi bir o qədər müəmmalı və düşündürücüdür. Hər halda Zəngəzurda kimlərinsə tərəflərdən xəbərsiz yeni keçid məntəqəsi quraşdırmağa cürət etməsi bizim üçün də inandırıcı görünmür.

Ermənistan və Azərbaycan arasında sülhə nail olmanın indiki həssas mərhələsində baş nazir Paşinyana daxildən və kənardan təzyiqlərin artacağını proqnozlaşdıranlar yanılmırlar. Xüsusilə Vətən müharibəsindən sonra daşnak-revanşist düşərgənin, ermənipərəst kollektiv Qərbin, Azərbaycanı gözü götürməyən kənar qüvvələrin məqsədli şəkildə dezinformasiyalar yaymasını, bundan Bakıya siyasi təzyiq vasitəsi kimi faydalanmağa çalışmalarını çox müşahidə etdik. Amma bunların heç bir faydası olmadı və bundan sonra da olmayacaq.

İ.HƏSƏNQALA
XQ

Siyasət