Məhbusların sayı ilə bağlı rəqəmlər təkcə sosial-iqtisadi göstərici deyil, eyni zamanda, beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsinə çevrilə bilir. Xüsusilə son dövrlərdə bəzi beynəlxalq təşkilatlar penitensiar statistikanı kontekstdən çıxararaq Azərbaycanı tənqid hədəfinə çeviriblər. Onlar ölkəmizdə məhbusların sayı və saxlanma şəraiti ilə bağlı qərəzli və reallıqdan uzaq məlumatlar yaymaqla ictimai rəyə təsir göstərməyə çalışırlar.
Halbuki, bu sahədə Qərb ölkələrinin özlərində vəziyyət heç də ürəkaçan deyil. Əksinə, beynəlxalq statistika göstərir ki, dünyanın ən çox məhbus saxlayan ölkələri sırasında ABŞ və digər Qərb dövlətləri ilk sıralarda qərarlaşıblar. 2025-ci ilin əvvəlinə olan rəsmi məlumata əsasən, ABŞ-da 2,2 milyondan çox insan həbsxanalarda saxlanılır. Bu, dünya üzrə bütün məhbusların təxminən 25 faizinə bərabərdir. Üstəlik, orada hər 100 min nəfərə düşən məhbus sayı 541 nəfərdir ki, bu göstəriciyə görə dünyada ilk beşliyə daxildir.
Əhalinin sayına nisbətdə ən çox məhbus isə Salvadordadır. Mərkəzi Amerika ölkəsində hər 100 min nəfərə 1659 məhbus düşür. Növbəti yerləri Kuba (794 nəfər) və Ruanda (620 nəfər) tutur. Çində isə rəsmi statistikaya əsasən, təxminən 1,69 milyon məhbus var. Lakin 100 min nəfərə düşən məhbus sayı cəmi 119 nəfərdir (119-cu yer). Rusiyada isə hər 100 min nəfərə 300 məhbus düşür və ölkə “qara siyahı”da 35-ci yerdə qərarlaşıb. Belarusda bu göstəricilər isə müvafiq olaraq 345 və 22-dir.
Avropa Şurasına üzv 51 ölkənin həbsxanalarında, ümumilikdə, bir milyondan çox məhbus var. Bəs ölkəmizdə nə qədər məhbus var?
Son statistik məlumatlara görə, Azərbaycanda məhbusların sayı 24 minə yaxındır. Ölkənin 10 milyon 150 min nəfərlik əhalisini nəzərə alaraq, bu, hər 100 min nəfərə 236 məhbus deməkdir. Bu göstərici ilə Azərbaycan dünyada 40–45-ci yerlər arasında qərarlaşıb. Avropa Şurasının “SPACE I – 2024” hesabatına görə isə Azərbaycanda hər 100 min nəfərə 264 məhbus qeydə alınıb. Rəqəm şişirdilib. Bu, dünya göstəricisi ilə müqayisədə orta rəqəm olsa da, bunu Avropa Şurasına üzv ölkələr arasında ikinci ən yüksək göstərici kimi “gözə” soxmağa çalışırlar. Birinci yerdə hər 100 min nəfərə 356 məhbus göstəricisi ilə Türkiyə dayanır.
Qərb institutlarının Azərbaycanla bağlı penitensiar hesabatlarını birmənalı qarşılamaq mümkün deyil. Maraqlıdır ki, bu yanaşmada ABŞ və digər qeyri-avropa ölkələrinin statistikası ya nəzərə alınmır, ya da qabardılmır. Amma orta statistik rəqəmə sahib Azərbaycanı hay-küylə məhbusların ən çox olduğu ölkə kimi təqdim edilməyə çalışılır.
Əslində, Azərbaycanın ümumi məhbus sayı ölkə əhalisinin 0,23 faizini keçmir. Lakin bu kimi məlumatlar bəzi beynəlxalq təşkilatlar tərəfindən təhrif edilərək, ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə istifadə olunur.
Politoloq Aydın Quliyev XQ-yə bildirdi ki, bu yanaşma Azərbaycana qarşı apardığı növbəti informasiya avantürasıdır: “Qərbin bir çox ölkələrində göstəricilər daha yüksəkdir. Ancaq bu ölkələrlə bağlı ritorika daha mülayim olur, çünki ya Aİ-yə üzv olmaq istəyirlər, ya da NATO partnyorlarıdır. Azərbaycan isə müstəqil və balanslı xarici siyasət yürüdən, enerji təhlükəsizliyində vacib rol oynayan, regionda geosiyasi sabitliyin dayağı olan ölkədir. Aİ-nin bu statusdan narahatlıq keçirməsi və daxili statistik göstəriciləri siyasi təzyiq vasitəsinə çevirməsi başadüşüləndir”.
Onu da qeyd edək ki, həbsxana sıxlığı məsələsində də Azərbaycan digər Qərb ölkələri ilə müqayisədə fərqlənmir. “SPACE I – 2024” hesabatına görə, hazırda həbsxanalarda hər 100 yerə 103 məhbus düşür. Fransada və Yunanıstanda bu göstərici 110 nəfərdən çoxdur. Artıq Avropanın özündə son illər həbsxana sıxlığında artım müşahidə olunur və 2024-cü ildə orta sıxlıq 100 nəfərə yaxınlaşıb. Göründüyü kimi, ölkəmizdə vəziyyət Avropanın qabaqcıl ölkələrinin bəzisindən yaxşıdır.
Aydın Quliyevin sözlərinə görə, məsələyə daha geniş kontekstdə baxdıqda, məhbus statistikası üzərindən təzyiq göstərmək klassik Qərb alətlərindən birinə çevrilib: “İnsan hüquqları, söz azadlığı, həbsxana şəraiti siyasi məqsədlər üçün seçilərək, selektiv və qərəzli şəkildə gündəmə gətirilir. Məqsəd isə Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq, onun müstəqil siyasətinə təsir göstərməkdir”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycanda məhbusların hüquqları həm qanunvericilik, həm də praktiki səviyyədə qorunur: “Konstitusiya və Cinayət Prosessual Məcəllə bu hüquqları tam şəkildə təmin edir. Məhbuslar işgəncə və qeyri-insani rəftardan qorunur, hüquqi yardım, tibbi xidmət, ailə ilə ünsiyyət və dini inanclarını azad şəkildə yaşamaq hüququna malikdirlər. Son illərdə bu hüquqların təmin olunması üçün geniş islahatlar həyata keçirilib. Müasir standartlara uyğun cəzaçəkmə müəssisələri inşa olunub, mövcud müəssisələr yenilənib, tibbi xidmətlər təkmilləşdirilib. Məhbuslara təhsil almaq, peşə kurslarına qatılmaq, əmək fəaliyyətində iştirak etmək və psixoloji reabilitasiya keçmək üçün imkanlar yaradılıb. Bu tədbirlər yalnız hüquqların qorunması deyil, həm də cəmiyyətə reinteqrasiyanın təmin olunması məqsədi daşıyır. Azərbaycan dövləti penitensiar sistemin humanistləşdirilməsi istiqamətində də ardıcıl addımlar atır. Lakin bu inkişaf beynəlxalq qurumların bəzi hesabatlarında ya nəzərə alınmır, ya da bilərəkdən görməzdən gəlinir”.
Nəticə etibarilə Azərbaycan penitensiar sistemi dünya üzrə orta göstəricilərə malik olmaqla yanaşı, modernləşmə və humanistləşmə baxımından da inkişaf yolundadır. Bu sahədə atılan addımların məqsədi yalnız məhbusların hüquqlarını qorumaq deyil, eyni zamanda onların cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Qərəzli yanaşmalara baxmayaraq, ölkədə bu istiqamətdə müsbət dinamika müşahidə olunur və islahatlar ardıcıl şəkildə davam etdirilir.
Beləliklə, dünyada məhbus statistikasına dair yayımlanan rəqəmlər bəzən gerçək vəziyyəti əks etdirməkdən daha çox, siyasi məqsədlərlə formalaşdırılmış ictimai rəyin bir parçasına çevrilir. Azərbaycana qarşı son dövrlərdə beynəlxalq hesabatlar çərçivəsində səsləndirilən iddialar da bu qəbildəndir. Bəzi Qərb institutları penitensiar göstəriciləri əsas götürərək, Azərbaycanın ünvanına qərəzli yanaşmalar nümayiş etdirirlər. Halbuki real mənzərə onların dediyindən fərqlidir. Azərbaycanda məhbusların hüquqları həm qanunla qorunur, həm də dövlət səviyyəsində bu sahədə islahatlar ardıcıl olaraq həyata keçirilir. Azərbaycanda Qərb ölkələrindən fərqli olaraq, heç kim siyasi, irqi, etnik və ya dini motivlərə görə ayrı-seçkiliyə məruz qalmır. Budur bizin üstünlüyümüz.
Pünhan ƏFƏNDİYEV
XQ