Cənubi Qafqazın geosiyasi reallıqları son illər ciddi şəkildə dəyişib. 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas tutaraq ərazi bütövlüyünü bərpa etdi və bölgədə yeni siyasi nizamın əsasını qoydu. Dəyişikliklər beynəlxalq müstəvidə də bir sıra aktorların maraqlarını toqquşdurdu. Məhz bu aktorlar arasında xüsusilə Fransa öz imperiya keçmişindən doğan neokolonial yanaşması ilə bölgədə sabitliyi pozan başlıca faktora çevrilməkdədir.
Rəsmi Paris uzun illərdir Ermənistanla “xüsusi münasibətlər” platformasında hərəkət edir. İkitərəfli münasibətlər yalnız mədəni və diaspor əsaslı deyil, həm də siyasi və hərbi səviyyədə dərinləşib. Fransanın Ermənistanı silahlandırması, hərbi təlimlər təşkil etməsi və bu ölkəyə açıq şəkildə hərbi dəstək verməsi, xüsusən də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmə istiqamətindəki əməliyyatlar və diplomatik təşəbbüslər fonunda ciddi geosiyasi suallar doğurur. Rəsmi Paris dəstəyi, təbii ki, yalnız regional gərginliyi artırmaqla kifayətlənmir, həm də Fransanın, BMT və digər beynəlxalq qurumların qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Paradoksal olan budur ki, rəsmi Paris, eyni zamanda, sülh tərəfdarı olduğunu bəyan edir və Bakı ilə İrəvan arasında müqavilənin imzalanmasını dəstəklədiyini bildirir. Halbuki, Fransa rəhbərliyinin konkret addımları bu bəyanatlarla tamamilə ziddiyyət təşkil edir. Belə bir siyasət həm beynəlxalq hüquqa, həm də sülhün əldə edilməsinə yönəlik təşəbbüslərə ciddi zərbə vurur. Fransa, əslində, sülhün bərqərar olması yolunda konstruktiv bir vasitəçi olmaqdan daha çox revanşist və geosiyasi ambisiyalarını reallaşdırmağa çalışan bir dövlətə çevrilib.
Fransa tərəfindən bu yaxınlarda yayımlanan 2030-cu ilə qədər milli təhlükəsizlik strategiyası bu ikili siyasətin qlobal kontekstdə necə qurulduğunu nümayiş etdirir. Sənəddə Ukrayna və Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz da təhlükəli və qeyri-sabit regionlar sırasında göstərilir. Qeyri-sabitliyin əsas səbəbi kimi Ermənistan–Azərbaycan münasibətlərində yeni toqquşmanın qaçılmazlığı irəli sürülür. Maraqlıdır ki, sənəd Ermənistanı Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda “potensial tərəfdaş” kimi təqdim edir və Cənubi Qafqazda hərbi-siyasi mövcudluğun artırılmasının prioritet olduğunu bəyan edir. Elə bu yanaşma, əslində, Fransa diplomatiyasının regiona münasibətdə realist deyil, daha çox ideoloji və revanşist baxışlara əsaslandığını göstərir. Rəsmi Paris Cənubi Qafqazda real güc balansının dəyişməsini, Azərbaycanın suveren mövqeyini və diplomatik təşəbbüslərini həzm edə bilmir. Azərbaycan rəhbərliyinin dəfələrlə qeyd etdiyi kimi, Fransa Cənubi Qafqazda separatçılığı təşviq edir, Ermənistanı silahlandırır, revanşist qüvvələri ruhlandırır və beləliklə, bölgədə mövcud gərginliyi artırır.
Fransa prezidenti Emmanuel Makronun sosial media vasitəsilə verdiyi son açıqlamalar da ikili siyasətin təzahürüdür. Bir tərəfdən Ermənistan baş naziri Nikol Paşinyanın, guya, “sülh təşəbbüslərini” dəstəklədiyini bildirir, digər tərəfdən isə Ermənistana hərbi yardımı artırmaqda davam edir. Əslində bu, yalnız Ermənistanı deyil, bütövlükdə regionu yeni hərbi avantüralara sürükləyə biləcək təhlükəli siyasi manevrdir. Rəsmi Paris siyasətinin ziddiyyətləri isə təkcə Bakı tərəfindən deyil, regionda sabitlik arzulayan bütün aktorlar tərəfindən aydın şəkildə sezilməkdədir. Fransanın “yeni Cənubi Qafqaz xətti” Aİ daxilindəki ikili standartlar siyasətinin təzahürüdür. Rəsmi Parisin mövqeyi Aİ-nin Cənubi Qafqaz regionundakı ümumi siyasətinə ciddi təsir göstərir, həmçinin ittifaq daxilindəki digər üzv ölkələrin geosiyasi maraqlarına zidd şəkildə bölgədəki neytrallıq və balanslı yanaşma prinsipini pozur.
Fransanın, xüsusən Aİ daxilində Ermənistanın tərəfdarı kimi çıxış etməsi, əslində, qurumun digər üzv dövlətlərini qeyri-müəyyən seçimlər qarşısında qoyur: ya Fransanın yolunu izləmək, ya da beynəlxalq hüquqa və ədalətə əsaslanaraq daha obyektiv bir mövqe tutmaq. Bu, bir tərəfdən, Aİ-nin vahid və yekdil xarici siyasətinin sarsılması, digər tərəfdən isə Azərbaycan kimi regionda əsas qüvvə olan dövlətin maraqlarının pozulması ilə nəticələnir.
Eyni zamanda, Aİ Şurası, Avropa Parlamentinin və digər strukturların qəbul etdiyi bəzi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının nəzərə alınmaması, təbii ki, birbaşa Fransanın Cənubi Qafqazdakı siyasətinin bir nəticəsidir. Həmin sənədlərdəki birtərəfli yanaşmalar yalnız Azərbaycanın hüquqlarını pozmaqla yanaşı, eyni zamanda Aİ-nin özünün imicinə də ciddi zərbə vurur. Çünki bu yanaşmalar beynəlxalq hüquq və ədalət prinsiplərindən kənara çıxaraq, güclü dövlətlərin geosiyasi maraqlarını önə çəkir və nəticədə Aİ-nin bölgədəki obyektiv vasitəçi rolunu zəiflədir. Mövcud yanaşmanı daha da genişləndirərək, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin səmimiliyinə və prinsipiallığına dair ciddi suallar ortaya qoymaq olar. Fransanın bu təhrikedici və ikili siyasəti Aİ-nin qlobal güc və nüfuzunun həm də mütləq şəkildə təhrif edilməsinə səbəb olur.
Fransa xarici siyasətindəki “yeni Cənubi Qafqaz xətti” Avropada mövcud olan daha geniş və sistemli ikili standartlar siyasətinin tərkib hissəsidir. Fransa xətti təkcə Azərbaycanla münasibətlərə deyil, bütövlükdə Avropa İttifaqının regional siyasətinə kölgə salır. Fransanın Aİ daxilində Ermənistanın tərəfdarı kimi çıxış etməsi digər üzv ölkələri neytrallıq prinsipindən yan keçməyə vadar edir. Aİ Şurasının, Avropa Parlamentinin və digər strukturların qəbul etdiyi bəzi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları nəzərə alınmadan birtərəfli yanaşmaların ortaya çıxması da bu kontekstdə dəyərləndirilməlidir. Azərbaycan bu siyasətə qarşı öz diplomatik cavablarını formalaşdırıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Fransa bu bölgədə sülhün deyil, qarşıdurmanın tərəfdarıdır. Hələ 2023-cü ildə Bakıda keçirilən “Dekolonizasiya” mövzusunda beynəlxalq tədbirdə Prezident açıq şəkildə bəyan etmişdi ki, Fransa yalnız keçmiş müstəmləkələrində deyil, Cənubi Qafqazda da neokolonial yanaşmalarını tətbiq etmək istəyir. Fransanın addımı təkcə Azərbaycanın deyil, ümumilikdə regionun suverenliyinə və siyasi azadlığına təhlükədir.
Fransanın Cənubi Qafqazda oynadığı qeyri-səmimi və təhlükəli rol təkcə sülh prosesini zədələmir, həm də Avropanın beynəlxalq hüquqa əsaslanan imicinə zərbə vurur. Ermənistanın Aİ-yə yaxınlaşdırılması siyasəti bölgədə yeni asılılıqlar yaratmaq cəhdi ilə izah oluna bilər. Ermənistanı Brüsselə inteqrasiya etmək, onu Qərbin forpostuna çevirmək istəyən Fransa, əslində, bu ölkəni daha da zərif mövqeyə gətirir. Çünki yeni geosiyasi reallıqda balanslı siyasət yürütməyən aktorlar regionda davamlılıq əldə edə bilməz.
Elə bu baxımdan da Fransanın Cənubi Qafqaz siyasəti nə səmimi sülh təşəbbüsü, nə də humanist diplomatiya nümunəsidir. Bu, Parisin klassik geosiyasi təsir zonalarını qorumaq və genişləndirmək niyyətinin postkolonial təzahürüdür. Fransanın Yeni Kaledoniyada yaşadığı böhran və Afrikada azalan nüfuzu fonunda Cənubi Qafqaz onun üçün yeni “təsir arealı” kimi görünür. Lakin bu yanaşma nə regional sabitliyə, nə də beynəlxalq hüququn aliliyinə xidmət edir. Əksinə, belə bir siyasət yeni toqquşmaların əsasını qoya bilər ki, bu da sonda Ermənistan üçün ağır nəticələr doğura bilər. Azərbaycan bu proseslər fonunda konstruktiv siyasətini davam etdirir: sülh müqaviləsi, sərhədlərin delimitasiyası, qarşılıqlı tanıma və regional inteqrasiya gündəliyində əsas prioritetlərdir. Burada beynəlxalq ictimaiyyətə, xüsusən də Avropa İttifaqının digər üzvlərinə ciddi məsuliyyət düşür: regionda sülhün reallaşması üçün tərəfsiz, obyektiv və hüquqa əsaslanan yanaşma tələb olunur. Fransa isə bu yolda artıq obyektiv vasitəçi olmaq imkanını itirib. Beləliklə, Cənubi Qafqazda sabitliyin əsas təminatçısı – hüququn, suverenliyin və balanslı siyasətin tərəfdarı olan Azərbaycanla manipulyativ geosiyasi maraqları təmsil edən Fransa arasında artan ziddiyyət qlobal təhlükəsizlik müstəvisində də ciddi siqnaldır. Və bu siqnal bütün dünya üçün aydındır: neokolonial ambisiyalar XXI əsrin reallığı ilə toqquşduqda yalnız müstəqil və prinsipial dövlətlər qalib çıxır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru