Düşmənçilik yetmədimi?

post-img

Yaxud Rusiyadakı anti-Azərbaycan ritorikasına sözardı

Həqiqətən, bəzi məsələləri anlamaq olmur. İndiki halda söhbət Rusiyanın müəyyən dairələrində formalaşmış anti-Azərbaycan ritorikasından gedir. Əlbəttə, bu ritorika onsuz da var idi və aylardır davam edir. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından, tərəflərin yekun barış yolunu açıqlamalarından, bütün problemlərin həlli prinsiplərinin müəyyənləşməsindən və bəyan olunmasından sonra isə ölkəmizi hədəfə alan reaksiyaların sayının ildırım sürətilə artdığını görür və heyrətlənirik.

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirmişdi ki, “Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”.

Prezident İlham Əliyev avqustun 8-də Ağ Evdə Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində müstəqillik əldə etdikdən sonra müharibə şəraitində olub: “Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.

Baş nazir Paşinyan isə Vaşinqtondakı birgə mətbuat konfransında dedi ki, ABŞ-da Ermənistan-Azərbaycan münasibətlərində mühüm nailiyyət əldə edilib. Ölkələr keçmiş tarixlərindən fərqli olacaq yeni hekayənin təməlini qoyub: “Sülh sazişinin paraflanması ölkələrimiz arasında onilliklərdir davam edən münaqişəyə son qoyulmasına yol açacaq, onlar üçün bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq, yeni dövrü başladacaq. Bu gün Prezident Trampın şahidliyi ilə onun da imzaladığı bəyannamə daha çox əminlik və inam yaradır ki, biz Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlıq səhifəsini açırıq”.

Görünür, Rusiyadakıları qəzəbləndirən bu və digər bu kimi sülh bəyanatlarıdır. Axı ölkə həmişə Cənubi Qafqazda “Parçala və hökm sür” siyasəti yeridib, xalqlar arasında düşmənçilik tendensiyası saxlayıb. Rusiya kimi dövlətçilik ənənələri ilə öyünən dövlət ətraf aləmə münasibətdə ortaya heç bir normal yanaşma qoya bilməyib. “Azərbaycana qarşı xüsusi hərbi əməliyyat keçirək”, “Bakıya raket ataq”, “Neft buruqlarına “Oreşnik” tuşlayaq” kimi hazırkı cəfəng və sərsəm fikirlər də həmin yanaşmanın sancılarıdır.

Bəli, əgər əvvəllər müəyyən tərəddüdlərimiz var idisə, bu gün açıq şəkildə deyə bilərik ki, Rusiyada Azərbaycana qarşı düşmənçilik siyasəti yeridilməsinin tərəfdarları ölkənin rəhbərliyini daha qəti tədbirlərə ruhlandırırlar. Onların davranışlarının dövlət siyasətinə də təsir təcrübəsindən xəbərdarıq. Qonşulara münasibətdə aqressiv çağırış nidalarının Ukraynanın timsalında Rusiyanın işğalçılıq müharibəsi üçün təkan olduğundan da həmçinin. Sanki ölkənin ictimai rəyindəki sərsəm təmayüllərlə Kreml arasında konsensus və bağ var. Əslində, həmin təmayüllərin də mərkəzdən hərəkətə gətirildiyinin fərqindəyik. Belə bir durumda ortaya sual çıxır: Azərbaycan Rusiyaya nə edib?

Azərbaycan həmişə Rusiya ilə münasibətlərə sadiq qalıb. Heç zaman anti-Rusiya koalisiyalarında yer almayıb, beynəlxalq platformalardakı Rusiya əleyhinə hərəkətlərdən uzaq durub. Bir sözlə, rəsmi Bakı Moskva ilə təmaslarını üçüncü qüvvələrin təsirindən sığortalayıb. Bəs qarşılığında nə görüb? Ədalətsiz yanaşma, qeyri-bərabər rəftar. Ən sonda isə AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasını gördük. Daha doğrusu, hava gəmimizin vurulmasından sonrakı ədalətsiz yanaşmanı. Elə qənaət formalaşdı ki, sanki biz Rusiyaya məxsus hava gəmisinə atəş açmışıq, Rusiya bizim təyyarəmizi vurmayıb.

Ölkənin şovinist dairələrinin təmsilçiləri elə danışırlar ki, elə bil, təyyarəmizin vurulmasından sonra sakit qalmalı, vəziyyətlə barışmalı idik. Axı tarix boyu başımıza bu sayaq ədalətsizlikləri gətiriblər. İndi müqavimət görəndə durumu həzm edə, sinirə bilmirlər. Dəhşətdir. Rusiya düzəlmək bilmir...

Azərbaycan bu gün də Rusiyadan təyyarə olayına zəruri hüquqi qiymətin verilməsini, hava gəmimizə atəş açanların məsuliyyətə cəlb olunmalarını, qəza nəticəsində həlak olanların ailələrinə, zərər çəkənlərə kompensasiyanın ödənilməsini, Rusiya tərəfindən AZAL-a vurulmuş ziyanın qarşılanmasını tələb edir və mövqeyində israrlıdır. Qətiyyətimiz haqqa və ədalələtə söykənir. Bunun qarşılığında sərsəm bəyanatların səslənməsi isə yumşaq desək, üzücüdür.

Görəsən, bu sadə tələbi yerinə yetirib, Azərbaycanla normal münasibətlər platformasına qayıtmaq olmazmı? Yəqin olmazmış. Çünki Rusiya qaragüruhu üçün normal münasibət məntiqi təzim etməkdir. Bu qaragüruh dünyada öz ölkəsindən başqalarını görə bilməyəcək qədər kordur. Deyəsən, həmin korluq rəsmi Moskvanın da yanaşmasına təsir göstərir. Bir sözlə, Rusiya rəhbərliyinin pozitiv davranış tərzini görmürük.

Gördüyümüz Yekaterinburqda iki azərbaycanlının Rusiya polisinin xüsusi təyinatlıları tərəfindən qətlə yetirilməsi kimi özbaşınalıqdır. Gördüyümüz bu özbaşınalıqdan sonra ölkədə başlanmış “azərbaycanlı ovu”dur. Bəlkə Rusiyanı bütün azərbaycanlılardan təmizləmək istəyirlər? Yaxşı, tutalım, bunu etdilər, görəsən, ölkədəki digər xalqlar durumdan dərs çıxarmayacaqlarmı? O zaman onlar da Rusiyadan çıxsın, görək nə olacaq? Bu gün ağzını köpükləndirib bəyanat səsləndirənlər qol çırmayıb qeyri-millətlərin yerinə çalışacaqlarmı, onların gördükləri işi görəcəklərmi? Əlbəttə ki, yox. Alnının təri, vicdanı ilə yaşayıb həm də Rusiya büdcəsinə xeyir verən, elə rus insanına da iş yeri qazandıran azərbaycanlılara qarşı həqarətli münasibət varsa, bunun bir adı var - düşmənçilik.

Ukraynada Azərbaycanın enerji infrastrukturuna qəsdən zərbə endirmək də birmənalı olaraq düşmənçilikdir. Məsələ Prezident İlham Əliyevlə Prezident Volodimir Zelenski arasındakı telefon danışığında da müzakirə edildi. Tərəflər Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pislədilər. Ən başlıcası isə bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğuladılar.

Hesab edirik ki, xüsusən axırıncı cümlə hər şeyi deyir. Rusiyada kimsə düşünməsin ki, bu sayaq tədbirlərlə Azərbaycana təsir və ya təzyiq göstərmək mümkündür. Eləcə də “miqrant ovu” adı ilə soydaşlarımızın qanunsuz deportasiyası, onlara qarşı qeyri-humanist hərəkətlər heç nəyi dəyişməyəcək. Çünki qayda və prinsiplər var. Rusiyanın kor inadı, mənasız qəzəbi və hikkəni buraxıb həmin qayda və prinsiplərə əməl etməsi, sivil davranması şərtdir.

Dünya dəyişir. Rusiya da dəyişməlidir. Yeri gəlmişkən, Rusiya mediası da özünün anti-Azərbaycan ritorikasına, təhqiramiz tonuna korrektələr etməlidir. Çünki bu ritorika və ton onu son dərəcə miskin və rəzil hala salır. İndiki vəziyyətdə Rusiyanın media cameəsi böyük əksəriyyət etibarilə Azərbaycana dişini qıcayan namərd çaqqal sürüsünə oxşayır. Media isə cəmiyyətin, elə ölkənin də güzgüsüdür. Yaxşı olar ki, Rusiyadakı həmkarlarımız ən azından bu məqamı düşünsünlər, ədalətsizlik alətinə çevrilməsinlər. Əlbəttə, düşünmək hissini itirməyiblərsə.

Ə.RÜSTƏMOV
XQ

Siyasət