Sözün və əməlin zaman təsdiqi

post-img

Ümummilli liderin 29 il əvvəlki Kəlbəcər uzaqgörənliyini Azərbaycan Prezidenti indi isbata yetirir

Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də çıxışlarında maraqlı tərəflərə açıq və birmənalı mesajlar ünvanladı. Budəfəki mesajların bir güllə belə atılmadan erməni işğalından azad edilmiş Kəlbəcərdən verilməsi xüsusi, həm də tarixi əhəmiyyət kəsb edirdi. Axı, hamımız yaxşı bilirik ki, təkcə bölgənin deyil, dünyanın aparıcı dövlətlərinin başçıları, tanınmış siyasətçilər, beynəlxalq analitiklər dövlətimizn başçısının bəyanatlarını, sadəcə, dinləmirlər, diqqətlə və hərtərəfli təhlil edirlər. Çünki sözü ilə əməli daim üst-üstə düşən Azərbaycan Prezidenti hansı məqamda nəyi necə deyəcəyini zərgər dəqiqliyi ilə ölçüb-biçən diplomatdır. Bu, İlham Əliyevin ona beynəlxalq miqyasda ağırçəkili siyasətçi kimi nüfuz və hörmət qazandıran üstün şəxsi keyfiyyətlərindən biridir. Kəlbəcərdən dünyaya ünvanlanan ismarıclar bunun növbəti təsdiqi sayılmalıdır.

1996-cı ilin avqust ayı 

Ümummilli lider Heydər Əliyev Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalan Kəlbəcər rayon sakinləri ilə görüşdə onların acınacaqlı vəziyyətini yüngülləşdirmək üçün “bütün imkanlardan istifadə ediləcəyini” vurğuladı. Heydər Əliyevin o zaman əminliklə dediyi “Biz müstəqil Azərbaycanın ərazisini bərpa etməyə çalışırıq. Bu, ədalətli işdir və biz buna nail olacağıq” sözləri lider əminliyinin təzahürü idi. Ardınca söyədikləri isə onun siyasi uzaqgörənliyinə dəlalət edirdi: “Kəlbəcəri və digər əraziləri sülh yolu ilə azad etmək mümkün olmasa belə, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Mən bunu etməkdə qərarlıyam, bu yolla gedirəm və bundan dönməyəcəyəm”.

Düz 29 il bundan əvvəl Azərbaycanın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin uzaqgörənliyinə, qeyri-adi fəhminə bu gün heyran qalırsan. Fövqəladə haldır, elə deyilmi? Bəziləri buna parlaq uzaqgörənlik deyirlər. Amma biz hesab edirik ki,  Heydər Əliyevin o zaman dedikləri tarixi ədaləti bərpa etməyə qadir Azərbaycan xalqına dərin inamından irəli gəlirdi. İndi isə geriyə, Kəlbəcər rayonunun uzun sürən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edildiyi tarixə qayıdaq. Rəsmi statistikaya əsasən, Kəlbəcər uğrunda gedən döyüşlərdə 511 mülki şəxs və 55 hərbçi həlak olub, 320 nəfər əsir götürülüb və ya itkin düşüb. Ermənistanın kənar güclərin dəstəyi ilə həyata keçirdiyi etnik təmizləmə nəticəsində 77 min kəlbəcərli evlərini itirərək məcburi köçkün vəziyyətinə düşdü. Dünya bu aşkar işğal aktını görməzdən gəldi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal etdikləri Kəlbəcər rayonundan qeyd-şərtsiz çıxmasına dair 4 qətnaməsi sonadək yerinə yetirilmədi, eləcə kağız üzərində qaldı. Ermənistan bir qarış torpağı da geri qaytarmaq barədə düşünmürdü. Üstəlik, Fransa, Rusiya və ABŞ-ın təmsil olunduğu ATƏT-in qondarma Minsk qrupunun həmsədrləri erməni işğalına legitimlik qazandırmaq üçün səy göstərirdilər. Bu baxımdan biz Heydər Əliyevin 1996-cı ildə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan sülh və hərbi yollarla bağlı dediklərini bir daha xatırlayırıq. 

2020-ci il Vətən müharibəsinin 44 möhtəşəm günü çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın “Dəmir yumruğ”unun zərbi ilə qazandığı parlaq qələbə Ermənistanı təslim aktını imzalamağa məcbur etdi. Buna bənzər növbəti təslim aktı üç il sonra Xankəndidəki separatçı xunta tərəfindən imzalandı. Bu gün Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesi, demək olar ki, başa çatıb. ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupu ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi addımları atmağa başladığını açıqlayıb. Lap əvvəldən müəllifi Bakı olan Ermənistanla sülh müqaviləsinin paraflanması faktiki olaraq münaqişəyə və qarşıdurmaya son qoydu. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin həyata keçirilməsi təmin edildi. Bu marşrut artıq regional hüdudlardan kənara çıxır, güclü beynəlxalq nəqliyyat dəhlizinə çevrilir.

2025-ci il avqustun 21-i

Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Bu rayonda aparılan bərpa-quruculuq işləri Azərbaycan hakimiyyətinin məqsədyönlü fəaliyyətinin, dövlətimizin gücünün təntənəsi olmaqla yanaşı, ölkənin siyasi və iqtisadi qüdrətini özündə əks etdirir. Prezident İlham Əliyevin məhz avqust ayında Kəlbəcərə ilk köç edən yerli sakinlərlə görüşü, onlara mənzillərin açarlarını təqdim etməsi, şəhərin dünyanın ən gözəl, mənzərəli guşələrindən birinə çevrildiyini diqqətə çatdırması heç də təsadüf deyildi. Dövlətimizin başçısı iyirmi doqquz bundan əvvəl Ümummilli liderin kəlbəcərlilərə verdiyi və yuxarıda qeyd etdiyimiz vədi bu gün yerinə yetirmiş oldu. Heydər Əliyev Kəlbəcərin “keçmiş gözəl vəziyyətinə qayıdacağına və gələcəkdə daha da gözəlləşəcəyinə” əminliyini ifadə etmişdi. Zaman öz hökmünü sözündə və əməlində qətiyyət və təpər sahiblərinin şərəfinə vermişdi. Sadəcə, hər şey göz qabağında olduğuna görə sözə ehtiyac qalmamışdı. 

Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ölkənin bütün torpaqlarına şamil edilib. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlət bayrağını Kəlbəcərdə qaldırdı. Bununla paralel olaraq dövlət başçısı qeyd etmişdi ki, şəhərin “bərpa və yenidən qurulması prosesinə” start verilir. İndi kəlbəcərlilər son dörd ildə doğma rayonlarında aparılan quruculuq işlərinin ilk bəhrəsi olan yeni mənzillərə köçürlər. Murovun zirvələrinə yenidən dik baxan kəlbəcərlilər bu dilbər guşəyə qürurla dönürlər.  

“Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı xatırlayırsınız. Həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın–Xankəndi yoluna çevirmək, həm Ermənistan–Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları – bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi”. 

Bunları söyləməklə dövlətimizin başçısı, sadəcə, kəlbəcərlilərə hesabat vermir, həm də dostlarımızla yanaşı, bədxahlarımızın nəzərinə Azərbaycanın gücünü-qüdrətini çatdırırdı. Amma, Azərbaycan liderinin qeyd etdiyi kimi, biz o vaxt bir çox şeyləri dilə gətirmirdik, buna ehtiyac da yox idi: “Ancaq hədəfə doğru gedirdik ki, bizim torpağımızda bir dənə də olsun separatçı qalmamalıdır. Separatizmin başı əzilməlidir, kökü kəsilməlidir və bunu da etdik. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində separatçı xunta kapitulyasiya aktına imza atdı. Öz saxta dırnaqarası respublikanın guya süquta uğramasını əks etdirən sənəd imzaladı”.

Artıq neçənci dəfədir Azərbaycan Prezidentinin 2023-cü ilin 19-20 sentyabrında  gerçəkləşən antiterror tədbirindən necə qürurla, fərəhlə danışdığının şahidi oluruq. Həqiqətən də birsutkalıq əməliyyat bizim üçün 8 noyabr – Zəfər Günü qədər şərəfli və tarixi hadisədir. Bəli, ildırımsürətli həmin əməliyyat nəticəsində təkcə Qarabağda yox, bütün bölgədə separatizmin başı əzildi. O vaxtdan Azərbaycan xalqının sülh şəraitində yaşadığını, bundan sonra da əmin-amanlıq içində yaşayacağını dilə gətirən İlham Əliyev kəlbəcərlilər qarşısındakı çıxışında Vaşinqtonda Ermənistan–Azərbaycan normallaşması prosesinə də toxundu: “İmzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq, o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.  

Möhkəm özülə söykənən milli maraq

Dövlətimizin başçısının kəlbəcərlilərlə səmimi görüşündə xalqın öz liderinə təmənnasız sevgisinin nadir cizgiləri görünürdü. Prezidentin hər dəfə şəhid anaları, qazilərlə təmasları milli ruhun təcəssümünə çevrilir. Bunu ekran qarşısında həmin səhnələri izləyən tamaşaçılar da hiss edirlər. Bir dövlət və xalq üçün bundan böyük qazanc ola bilməz. Dünyada Azərbaycandan daha əlverişli coğrafi mövqeyə malik və təbii sərvətlərlə zəngin o qədər ölkə var ki. Amma Azərbaycanın çağdaş təcrübəsi əyani şəkildə sübut etdi ki, bu mövqedən və sərvətdən xalqının və ölkəsinin rifahı üçün düzgün istifadə edən dövlət başçıları, milli liderlər elə də çox deyil. Yalnız milli maraqlara söykənən yol Azərbaycanı siyasi və iqtisadi müstəqilliyə qovuşdurdu. Bu status rəsmi Bakıya öz milli maraqlarını istənilən platformada inamla müdafiə etməyə imkan verir. Məhz buna görə dövlət başçısı öz çıxışında xalqımızın ən yüksək beynəlxalq səviyyədə nümayiş etdirdiyi əzəməti xüsusi olaraq vurğuladı. Bunun nəticəsidir ki, qərəzli xarici qüvvələrin bütün antiazərbaycan təlqinlərinə baxmayaraq, Bakının yaratdığı Cənubi Qafqaz reallıqları indi bütün dünya tərəfindən tanınır. Bədxahlarımızın bütün hiylələrinə son nöqtəni “dünyanın bir nömrəli ofisi” olan Vaşinqtonda imzalanmış sənədlər qoydu.

Təkcə Kəlbəcər rayonunda, eləcə də işğaldan azad edilmiş digər bölgələrdə deyil, bütün Azərbaycanda son illər yaşanan tərəqqi və rəhbərə inam Ümummilli liderin qoyduğu bünövrənin nə qədər möhkəm və sağlam olduğunu aydın şəkildə göstərir. Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşadığına, gələcəkdə də belə rahat şəraitdə yaşayacağına əminliyini ifadə edən Azərbaycan Prezidenti İlham Əliyevin bu möhkəm bünövrədən nə qədər bacarıqla istifadə etdiyi göz qabağındadır. Onun Ümummilli liderin iyirmi doqquz il əvvəlki Kəlbəcər uzaqgörənliyini indi sübuta yetirməsinin özü bütün sualların səhih cavabıdır.

İmran BƏDİRXANLI
XQ

Siyasət