Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar

post-img

II MƏQALƏ

Türk ədaləti

Türk ədaləti hüquqla qanunun ontoloji anlamından qaynaqlanır. Qədim türklərdə hüququn təməli qanun, sonuncunun real həyatda ifadəsi isə hüquq olmuşdur. Yəni türklər üçün hüquq insanın sonradan müəyyən etdiyi fenomen deyildir – o, həyatın mahiyyəti və quruluşunun bir aspektidir. Buna görədir ki, türkün sadə insanından tutmuş, hökmdarına qədər hər bir sosial kəsim üçün ədalət uğrunda mübarizə birbaşa həyat, qanun və “üzüağ” yasamın təbii normasıdır. Bunlar türklərin, ümumiyyətlə, kökdən ədalətli olmalarını şərtləndirən universal anlamlardır. Tarixin bütün dönəmlərində türk xalqlarının həyatı bunu təsdiq etmişdir. Hətta türk imperatorlar bir-biri ilə hünər və daha ədalətlilik uğrunda savaşmışlar.

Bəşər tarixi üçün bu tezis çox önəmlidir. Çünki hansı etnosun hansı dəyərlər uğrunda savaşdığının qurulan dövlətin identikliyinə birbaşa aidiyyatı vardır. Eyni zamanda, bu faktor türk dövlətlərinin inteqrasiya oluna bilmək fəlsəfəsinin mərkəzində dayanır. Əlbəttə, onun meydana çıxardığı ziddiyyətlər az deyildir. Lakin böhranlı dönəmlərdə türk dövlətinin nələrdən keçə biləcəyi və hansı dəyərlərdən vaz keçməyəcəyi məsələsi çox vacibdir. Əgər dövlət başçısı hünər və ədaləti ön sıraya qoyursa, onun başqa dəyərlər üzrə qardaş türk hökmdarla anlaşması asandır.

Burada əsas şərt doğrudan hünərli və ədalətli olmaqdan ibarətdir. Bunun da başlıca əlaməti müstəqil addımlar atmağı bacarmaqdadır. Müstəqil türk lider ədaləti üzərində digər türk liderlər anlaşa bilir. Müasir dünya təcrübəsi göstərir ki, başlanğıcda çox vədlər verən güclü regional və beynəlxalq təşkilatların belə, praktiki fəaliyyətində uğurlu ola bilməməsinin başlıca səbəbi liderlərin ədalətsizliyi ilə bağlıdır. Müəyyən prinsipial məqamda lider ədalət hissini itirir, eqoizmə qapılır və bununla tarazlıq pozulur.

Müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev həmişə hünərli və ədalətli olduğunu sübut etmişdir. Buna görədir ki, Türk Dövlətləri Təşkilatında aparıcı güc Azərbaycandır. İlham Əliyev 44 günlük ağır müharibədə qəvi düşməni tam yenəndən sonra atdığı addımlar, irəli sürdüyü təşəbbüslərlə sülhsevər və barışcıl hünərini, tarixi ədalətə müasir beynəlxalq hüquq normaları kontekstində yanaşmaq qabiliyyətini göstərmişdir. Bu cür özəlliklər tarix boyu əsl türk liderlərin fəaliyyətlərinin mahiyyətində olmuşdur.

Türkün dövlətçilik missiyası

Ədalətli olmaq konkret hədəfi müəyyən etməyi tələb edir. Etnoslar dövlət quranda mütləq surətdə onun strateji məqsədini dəqiq təyin etməlidirlər. Əgər dövlət başqa xalqlar üzərində hökmranlıq etmək üçün qurulursa, identifikasiyası fərqli olur. Dövlət onu quran xalqın suverenliyini təmin etmək üçündürsə, tamam fərqli identifikasiyaya sahib olur. Deməli, burada başlıca faktor suverenliyin xalq tərəfindən necə qavranması məsələsindən çox asılıdır. Heç bir xalq isə elmi səviyyədə suverenliyə qiymət vermir. Onun toplum üçün başlıca qaynaq mənbəyi kollektiv birgəyaşamın ənənədən gələn dəyərlərinin təhlükəsiz mövcudolmanı təmin edən şərtləridir. Türk xalqları üçün bu hünər, ədalət, kökə bağlılıq olduğundan suveren olmaq vurğulanan şərtlərin ödənməsi deməkdir. Buna görədir ki, türkdən kölə olmaz, o, azad olmalıdır, hünərli və ədalət uğrunda daim savaşa hazır olmalıdır. Türkləri hiyləgərlikdə yenirlər, lakin onun əvəzini də mütləq görürlər. Çünki türklər ədaləti mütləq bərpa etməlidirlər. Dövlət səviyyəsində buradan çox maraqlı bir özəllik yaranır.

Türk qövmünə dövlətçilik missiyasında xalq suverenliyini təmin etmək üçün uyğun diplomatiya gərəkdir. Elə bir diplomatiya ki, hünər, ədalət, intizam əsasında dövlətin suverenliyini təmin etmək mümkün olsun. Türk diplomatiyasının bu kontekstdə ağır bir vəzifəsi də vardır. Onun fəlsəfəsi dərindir.

Dünya niyə birləşməlidir?

Türk siyasi və fəlsəfi baxışına görə, dünyanın əsas məqsədi birləşməkdən ibarətdir. Bu tezisin kökündə türk mifindən gələn “İlahi ədalət və nizam bütün dünyaya yayılmalıdır” müddəası dayanır. İlahi ədalət dünyanı vahid və bölünməz görür (fəlsəfədə “holizm” deyirlər). XX əsrin ikinci yarısı XXI əsrin ilk onilliklərinin elmi idrakında bu təsəvvür (holizm) aparıcıdır. Türklər isə qədimdən dünyanın vahid ilahi ədalətli nizam üzərində yaşaması üçün savaşmaqdadırlar. İlahi ədaləti dünyaya yaymaqdan ötrü güclü dövlət qurmaq gərəkdir. Öz növbəsində onun əsas məqsədi ədalətli dünya qurmaqdan ibarət olmalıdır.

Türk dövlətinin suverenliyinin mərkəzində bu anlam dayanır. Xalq suverenliyindən dövlət suverenliyinə keçidin əsas məntiqi mahiyyəti bundan ibarətdir. Yəni türk dövlətinin suverenliyinin mühüm aspekti onun dünya miqyasında qəbul edilməsi ilə sıx bağlıdır. Bu da təbii olaraq türk dövlətlərinin bir araya gəlməsinin fundamental motivəedici faktorlarından birinin suverenlik olduğunu göstərir. Suverenliyin belə anlamının təməlində isə İlahi ədalət və nizamın dünyaya yayılması inancı dayanır.

Dünyanı ədalətli və nizamlı etmək mexanizmi

Praktikada məsələnin əsas tərəfi bununla bağlıdır. Bəşər tarixində dünyanı birləşdirmək cəhdləri çox olmuşdur. Qılıncla, hətta onun böyük qismini bir dövlət altında birləşdirənlər olmuşdur. Uzun illər qanlar tökənlər də yox deyillər. Lakin onların hər birində çatışmayan əsas cəhət İlahi ədalət və nizamlılıq anlayışının siyasətdə yoxluğu ilə bağlıdır. Hələ də bəşəriyyət dünyaya holistik baxa bilmir. Onun bütöv olması üçün ədalət və nizamlılığa əsaslanan mexanizm tapa bilmir. Bunun əsas əlamətləri isə türk dövlətçiliyinin tarixi ənənəsində ifadə edilmişdir. O ənənənin obyektiv öyrənilməsi bütün dünya üçün vacibdir. Əlbəttə, indiki dönəmdə özünü çox güclü sayan dövlətlər belə bir addım atmaqdan uzaqdırlar. Nə Qərb, nə də Şərqdə bu barədə düşünən dövlət yoxdur. Heç müsəlman dövlətləri içərisində vurğulanan həqiqəti hansının tam və səmimi qəbul etdiyini bilmirik.

Qalır türk dövlətlərinin və xalqlarının özləri. Burada da fərqləndirmə aparmaq lazım gəlir. Çünki türk xalqlarının bir çoxu başqa etnosun qurduğu dövlətdə yarıtürk kimi mövcud olmaqda davam edir. Onların məhdud bir hissəsini çıxmaq şərti ilə deyə bilərik ki, türk etnosu kimi “həm mövcuddurlar, həm də mövcud deyillər”.

O türk xalqları dili saxlayırlar, məişətlərində türk elementləri vardır, lakin siyasi düşüncəyə gəldikdə ənənədən çox uzaqlaşdıqları aydın görünür. Deməli, onlara türklüklərini dərk etməyi motivə edən güclü mexanizm olmalıdır. Necə? Bu suala cavab tapılmalıdır. Çünki dünyanı İlahi ədalət və nizam üzrə birləşdirmək missiyası olan bir qövmün özünün daxilində fraqmentləşmə yaranmışsa, bu ziddiyyət aşılmadan qalıcı nailiyyət əldə etmək imkansızdır.

Vurğuladığımız kontekstdə türk dövlətlərinin birliyi məsələsi daha aktual görünür. Qədim ədalətlilik və nizamlılıq ənənəsi olan dövlətlərin birliyi dünya üçün də faydalı ola bilər. Bu barədə təhlil aparmaq üçün I məqalədə qeyd edilən bir xüsusiyyəti xatırlamaq yerinə düşər. Orada türk xalqlarının bu və ya digər səbəblərdən fərqli siyasi, geosiyasi, mədəni, iqtisadi, sosial və digər mühitə düşmələri məsələsinin birlik üçün əngəl ola biləcəyi sualı qoyulmuşdu. Həmin məqam üzərində geniş dayanaq.

Türk dövlətlərinin geosiyasi təsnifi

Tarixi gedişat elə gətirmişdir ki, son 200 ildə türk dövlətləri fərqli geosiyasi mühitə düşmüşlər. Osmanlı parçalanandan sonra Türkiyə Qərbin təsiri altında qalmaqla mövcud olmuşdur. Bu statusda Türkiyə türk ölkələrinə heç bir təsir göstərə bilməmişdir. Həm də ona görə ki, digərləri o zaman güclü olan SSRİ-nin tərkibində idilər.

Daha çox təzyiq görən və mənfi təsirə məruz qalan türk dövləti isə Azərbaycan olmuşdur. Azərbaycanı parçalamış və sonra sovetlərə qatmışlar. 70 il SSRİ tərkibində Azərbaycan müxtəlif təsirlərə və təzyiqlərə məruz qalmışdır. Müstəqilliyi isə ərazisinin bir qisminin işğal edilməsi faktı fonunda əldə etmişdir.

Mərkəzi Asiya türk dövlətləri ciddi təsir altında mövcud olmuşlar. Belə bir fikir vardı ki, onlar Rusiyanın tam nəzarətindədirlər və Moskvanın sözündən çıxa bilməzlər.

Deməli, keçən əsrin 90-cı illərinə qədər geosiyasi və siyasi anlamda vahid türk dünyasından danışmaq çətindir. Yalnız müstəqillik əldə edildikdən sonra türk dövlətlərinin öz geosiyasi yeri və roluna bütöv halında baxmaq imkanı yaranmışdır.

Ümumi mənzərə belə idi ki, Türkiyə reallıqda ABŞ-nin təsiri altında olan müstəqil dövlət idi, Azərbaycan ərazisinin bir hissəsi işğal edilmiş və hər tərəfdən təzyiq görən müstəqil dövlət idi, Mərkəzi Asiya isə çox passiv durumda olan dövlətlərdən ibarət idi. Bu cür geosiyasi rəngarənglik fonunda türk dövlətlərinin hansı mexanizmlə birləşə biləcəyi qeyri-müəyyən bir məsələ olaraq qalırdı. Onların hamısını bir araya gətirə biləcək ideya gərəkdi. Elə bir ideya ki, sonrakı mərhələlərdə türk dövlətlərinin birliyinə təkan verə bilsin, onu geosiyasi təlatümlərdən xilas etsin.

Beləliklə, keçən əsrin 90-cı illərində türk dövlətlərinin bir-birindən fərqli geosiyasi obraza malik olmaları bütövlükdə türk dünyasında münasibətlərin nizamlanmasına ciddi əngəllər törədirdi. Üstəlik, türk dövlətlərinə müxtəlif istiqamətlərdən mənfi təsirlər mövcud idi və onların səngiməsi gözlənilən deyildi. Belə təəssürat yaranırdı ki, türk dövlətlərinin “geosiyasi şansı” çox az idi. Yaranmış mürəkkəb vəziyyətdən strateji perspektivi müsbət olan çıxış yolu tapmaq gərəkdi.

TDT-nin indiki təşkilatlanma xüsusiyyəti, onun strateji məqsədi və fəaliyyət mexanizmlərini düzgün anlamaq üçün keçən əsrin 90-cı illərində türk dövlətlərinin geosiyasi özəlliklərini mütləq nəzərə almaq lazımdır. Təsəvvür edək ki, sözdə türk birliyindən danışanlar çox idi, praktikada isə bunu reallaşdıra biləcək ideya, siyasi və geosiyasi sistem mövcud deyildi. Türk dünyasının gələcək taleyi birbaşa bu vəzifənin öhdəsindən gəlməkdən asılı idi.

Başqa tərəfdən, türk xalqlarının dövlət səviyyəsində birləşməsi üçün başlanğıc modelin ideya aspekti son dərəcə önəmli idi. Bu ideya real, inandırıcı və hər bir türk xalqının maraqlarını nəzərə alan məzmuna malik olmalı idi. Bütün gözlər həmin dönəmdə Türkiyəyə dikilsə də, Ankaradan gerçək ideya çıxmırdı.

Burada tarix meydanına türk birliyi ideyasını daşıyan, onu müasir şərtlərə tam uyğunlaşdırmaqla dövlətçilik ənənəsini də diqqətlə nəzərə alan yanaşma zərurətə çevrilmişdi. Çox maraqlıdır ki, özü son dərəcə mürəkkəb vəziyyətdə olan və parçalanma riskini tam neytrallaşdırmamış türk dövləti – Azərbaycan həmin ideyanı türk xalqlarına anlatdı. İdeya belə idi – “Bir millət, iki dövlət”! Onun banisi isə Ulu öndər Heydər Əliyev idi! Bu fundamental, çoxmənalı və birləşdirici tezis hazırkı TDT-nin formalaşmasında əsas rol oynamışdır. İndi türk dövlətlərinin vahid mövqedən çıxış etməsinin siyasi, ideoloji, tarixi, mədəni və geosiyasi sərhədlərini məşhur “bir millət, iki dövlət” tezisi müəyyən etmişdir! Bu müasir mərhələ üçün çox aktual və əhəmiyyətli hadisədir və onun üzərində geniş dayanmaq gərəkdir!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət