Düşmənin müqavimətini qırmış şanlı qələbə
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu əlamətdar tarixi hadisədən dörd il əvvəl uğurlu əməliyyatla azad edilən yüksəkliklərin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasına şərait yaratdığını, qısa dövr ərzində burada müasir qəsəbə salındığını və məskunlaşma aparıldığını bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Cocuq Mərcanlının düşməndən alınması və burada hər cür şəraiti olan müasir yaşayış sahəsi yaradılması xalqımızın yenilməz iradəsinin rəmzi idi. Eyni zamanda, bu, həm də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını göstərdi və keçmiş məcburi köçkünlərimizdə işğal edilmiş digər torpaqlara qayıdış əminliyini daha da möhkəmlətdi.
Ölkə rəhbəri xalqa müraciətində bildirdi ki, Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Artıq bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, işğalçını yerinə oturdur, onları canı-qanı bahasına torpaqlarımızdan qovur.
Prezident İlham Əliyev Vətən müharibəsinin gedişinə də toxunaraq bu gün xalqımızın və dövlətimizin yeni şanlı tarixinin yazıldığını, tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırdı: “Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.
Dövlətimizin başçısı sözügedən müraciətində sabaha böyük ümidlə baxdığını, Vətən savaşının qalibiyyətlə başa çatacağını, işğalçının yerlə bir etdiyi bütün şəhərlərin, kəndlərin bərpa olunacağını da əminliklə vurğuladı. Bu fikrin səsləndirilməsindən ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa – quruculuq layihələri gerçəkləşdirilib, xalqımızın dağıdılan, sıradan çıxarılan tarixi-mədəni irsinin böyük hissəsi dirçəldilib. İşğaldan azad edilən bölgələr canlandırılıb, düşmənin saxtalaşdırdığı tarixi adlarımız bərpa olunub.
Prezident İlham Əliyev xalqa müraciətində daha sonra dedi: “Bu gün Azərbaycan xalqı, eləcə də cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi...”.
Dövlətimizin başçısı sözügedən müraciətində digər qaçqın və məcburi köçkün soydaşlarımıza üz tutaraq onların da tezliklə həsrətinə son qoyulacağını, dədə-baba torpaqlarına güc yolu ilə qaytarılacağını bildirdi. Ali Baş Komandan fikrinin davamında bu məsələnin uzun illər danışıqlar yolu ilə həll olunmasını istədiyini, bu məsələdə səbir, təmkin göstərildiyini xatırlatdı.
Ölkə rəhbəri danışıqlarda Azərbaycanın həmişə ədalətli mövqedə dayandığını, haqqımızın tələb olunduğunu, başqasının torpağına heç vaxt göz dikmədiyimizi də vurğuladı: “ Demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir”.
Bəli, Azərbaycan 27 il ərzində – danışıqların bütün dövrlərində konstruktiv mövqe tutub, ədalətli mövqe nümayiş etdirib. Bunun müqabilində isə ədalətsizliklə üzləşib, təcavüzkar daha da azğınlaşıb. İşğalçının tamahı isə daha da böyüyüb, dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal etdiyi bütün yaşayış məntəqələrini qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, hazırladığı yeni xəritələrdə tapdaq altına saldığı bütün torpaqları keçmiş Dağlıq Qarabağın ərazisi kimi göstərib. Daha sonra isə bir qarış torpağı Azərbaycana qaytarmayacağını həyasızcasına bəyan edib.
Əlbəttə, bütün bu qeyd olunanlar danışıqlar mövzusuna zidd idi. Başqa sözlə, aparılan danışıqlarda Azərbaycanın əsas ümidverici məqamı açıq – aydın diqqətə çatdırılırdı. Yəni işğal edilmiş torpaqların sülh yolu ilə mərhələli şəkildə sahibinə – Azərbaycana qaytarılması əsas şərt idi. Belə ki, ilk mərhələdə 5, daha sonra isə 2 rayonun qaytarılması, məcburi köçkünlərin bu əraziyə – keçmiş Dağlıq Qarabağa, eləcə də Şuşaya köçürülməsi qarşıya mühüm vəzifə kimi qoyulurdu. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan ədalətli bir mövqe idi. Amma son nəticədə danışıqlarda irəli sürülən belə bir dinc, eyni zamanda, ədalətli yolun, necə deyərlər, qulaqardına vurulduğu göründü.
Prezident İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, Ermənistan bu yolla xalqımızın iradəsini sındırmaq istəyirdi. Eyni zamanda, Azərbaycana qarşı yeni müharibəyə başlamaq istəyi də açıq aşkar nəzərə çarpırdı. Bunu Vətən müharibəsindən əvvəl yaranmış vəziyyət də aydın göstərirdi. Belə ki, 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan Azərbaycanın Tovuz şəhəri və digər yaşayış məntəqələri atəşə tutuldu, hərbçilərimiz, mülki vətəndaşlarımız həlak oldu. Bundan başqa, avqustda ərazimizə diversiya qrupu göndərildi və o qrupun başçısı zərərsizləşdirildi. Saxlanılan zaman isə terror aktları törətmək üçün göndərildiyini bildirdi.
Həmin günlərdə Ermənistanın baş naziri çıxışlarında cəfəng fikirlər də ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Bir il əvvəl isə o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlara zərbə vurmuş, bu prosesin mənasızlığını bir daha təsdiqləmişdi. Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri isə işğalçının Azərbaycana qarşı məram –məqsədini aydın ifadə edirdi. Dövlətimizin başçısı bu hərəkətlərlə bağlı Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə məlumat verdi, Ermənistana təsir göstərməyin, sanksiyalar tətbiq etməyin zəruriliyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı qeyd edilən yuxarıdakı fikirlə bağlı müraciətində dedi: “Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq”.
Ermənistanın həyasızlığı bütün bunlarla kifayətlənmirdi. Azərbaycan lideri yuxarıda adı çəkilən müraciətində o dövrdə qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsini haqlı olaraq xalqımızı təhqir etmək cəhdi kimi bildirir, Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi və orada qanunsuz məskunlaşma aparılacağı vədini bağışlanmaz hal kimi vurğulayaraq deyirdi: “Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”
* * *
Cəbrayıl işğaldan azad ediləndən sonra bu əzəli-əbədi torpağımızda tikinti-quruculuq, abadlıq layihələrinin icrasına başlandı. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 4-də Horovlu kəndinin təməli qoyuldu . Dövlətimizin başçısı ötən il oktyabrın 3-də isə həmin kənddə fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldu. O vaxt Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 60 şagird yerlik tam orta məktəb binası istifadəyə verildi. “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin tikintisinə başlanıldı. Azərbaycan liderinin iştirakı ilə “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli qoyuldu. Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra bu kompleksdə dövlətimiz tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin ediəcəyi bildirildi.
Zəngin iqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları investorların Cəbrayıla marağını artırıb. Rayonun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları ilə bu yerin gələcəkdə bölgənin sənaye mərkəzinə çevrilməsi imkanları genişlənib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edib.
Xatırladaq ki, dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılıb.
Vaqif BAYRAMOV
XQ