Azərbaycan – Qazaxıstan iqtisadi əməkdaşlığının inkişafında ölkələrimiz arasında geniş hüquq-müqavilə bazasının formalaşması əsas rol oynayıb. İndiyədək iki dost ölkə arasında imzalanan 140-a yaxın sənədin icrası da həmin istiqamətdə layihələrin reallaşdırılmasına böyük təkan verib. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi təsir gücü ilə diqqət çəkib.
Bu hüquqi bazanın əsasında Azərbaycan – Qazaxıstan əməkdaşlığı bu gün uğurla inkişaf edir. Belə bir vəziyyət isə Xəzər hövzəsi regionu, Orta Asiya – Cənubi Qafqaz və Türk Dövlətləri Təşkilatı (TDT) coğrafiyasında əhəmiyyətli dəyişikliklərə müsbət təsir göstərir. Eyni zamanda, mövcud şərait Bakı – Astana arasında yaranan səmimi əlaqələri gücləndirir və Orta Dəhliz layihəsinin tam gerçəkləşməsini sürətləndirir. Bununla yanaşı, hər iki ölkənin zəngin enerji daşıyıcıları potensialına malik olması da strateji tərəfdaşlıq münasibətlərini getdikcə möhkəmləndirir.
Prezident İlham Əliyev çıxışlarının birində ölkələrimiz arasında əlaqələrin Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını bildirib. Azərbaycan lideri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün zəngin potensialın olduğunu söyləyib, bütün bunların ticarət dövriyyəsi həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan – Qazaxıstan münasibətlərinin təməli ortaq tarixi və mədəni bağlara söykənir. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsi olaraq dil, din, adət – ənənələr baxımından yaxınlığa malikdir. Bu, siyasi münasibətlərdə də özünü qabarıq büruzə verir. Belə ki, 1991-ci ildə diplomatik əlaqələr qurulduqdan indiyə kimi, dövlət başçılarının qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Məsələn, Azərbaycan və Qazaxıstan prezidentlərinin son 5 ildə qarşılıqlı səfərləri çərçivəsində 20-dən çox mühüm sənədin imzalanması da bu fikrin parlaq ifadəsidir. Qeyd edək ki, bu sazişlər strateji tərəfdaşlığın hüquqi bazasını möhkəmləndirir.
İki ölkə arasında enerji əməkdaşlığı da diqqətdə saxlanılır. Qazaxıstan Xəzər hövzəsində ən böyük neft hasilatçılarından biridir. Onun təsdiqlənən neft ehtiyatları 3,8 milyard ton, qaz ehtiyatları isə 2 trilyon kubmetrdən çox qiymətləndirilir. Azərbaycan isə həm öz ehtiyatlarına, həm də inkişaf etmiş tranzit infrastrukturuna görə, regionun enerji xəritəsində mühüm mövqedədir.
Qeyd edək ki, Bakı – Tbilisi – Ceyhan (BTC) kəməri vasitəsilə 2023-cü ildə 1,5 milyon tona yaxın Qazaxıstan nefti dünya bazarlarına çıxarılıb. Qarşıdakı 3 il ərzində isə bu həcmin 5 milyon tona qədər artırılacağı proqnozlaşdırılıb. Bununla yanaşı, “yaşıl” enerji sahəsində də əməkdaşlıq imkanları genişlənib. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan edib, Qazaxıstan isə 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerji mənbələrinin payını 15 faizə çatdırmağı planlaşdırıb. Bu istiqamətdə ortaq layihələr qarşıya mühüm məqsəd kimi qoyulub.
Azərbaycan – Qazaxıstan münasibətlərinin əsas dayaqlarından biri Orta Dəhliz layihəsidir. Bu marşrut Çindən başlayaraq Qazaxıstan üzərindən Xəzər dənizinə, oradan Azərbaycan, Gürcüstan və Türkiyəyə, daha sonra isə Avropaya uzanır. Son illərdə Orta Dəhlizlə daşınan yüklərin həcmi sürətlə artıb. Əgər 2021-ci ildə bu marşrutla, təqribən, 570 min ton yük daşınıbsa, 2023-cü ildə həmin rəqəm 2,8 milyon tona çatıb. 2030-cu ilə qədər isə illik yükdaşımaların həcminin, təqribən, 10 milyon tonadək artırılması planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Qazaxıstanın Aktau və Kurık limanları arasında müntəzəm bərə xətləri fəaliyyət göstərir. Bu, iki ölkə arasında nəqliyyat əlaqələrinin güclənməsinə, tranzit müddətlərinin azalmasına və gömrük prosedurlarının sadələşdirilməsinə əverişli imkan yaradır.
İki ölkənin iqtisadi və ticarət əlaqələri də sürətlə inkişaf edir. Azərbaycan və Qazaxıstan arasında son illər ticarət dövriyyəsində sabit artımın qeydə alınması, 2022-ci ildə bu istiqamətdə 460 milyon dollar, 2023-cü ildə 600 milyon dollar əldə olunması, eyni zamanda, tərəflərin 1 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmağı qarşıya önəmli hədəf kimi qoyması deyilən fikrin bariz ifadəsisdir. Statistik məlumata əsasən, Azərbaycan dost ölkədən əsasən buğda, un, metal məmulatları və kimya sənayesi məhsulları alır. Əvəzində isə neft, kənd təsərrüfatı məhsulları, elektrik avadanlıqları və tikinti materialları ixrac edir.
Yeri gəlmişkən, Azərbaycan – Qazaxıstan əməkdaşlığı təkcə iki ölkə ilə məhdudlaşmır. Bu münasibətlər Avropa İttifaqı (Aİ), Çin, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün də mühüm önəm daşıyır. Aİ enerji təhlükəsizliyi baxımından Xəzər hövzəsinə daha çox maraq göstərir. Azərbaycan və Qazaxıstanın neft-qaz və bərpa olunan enerji resursları Avropanın enerji diversifikasiyasında xüsusi rol oynayır. Eyni zamanda, Çin “Bir kəmər, bir yol” təşəbbüsünü həyata keçirərkən Orta Dəhlizə böyük əhəmiyyət verir. Bu baxımdan Azərbaycan – Qazaxıstan əməkdaşlığı Çin üçün də strateji önəm daşıyır.
Azərbaycan və Qazaxıstan TDT-nin fəal üzvləri kimi regional əməkdaşlıq gündəliyinin formalaşmasında aparıcı rol oynayır. Bu strateji tərəfdaşlıq türk dünyasının iqtisadi inteqrasiyasını möhkəmləndirir, vahid nəqliyyat şəbəkəsinin qurulmasına və ticarət əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradır. Eyni zamanda, həmin təşkilat çərçivəsində qəbul edilən qərarlar, o cümlədən vahid gömrük və rəqəmsal ticarət mexanizmlərinin inkişafı həm Bakı, həm də Astanaya əlavə imkanlar qazandırır. Bu da əməkdaşlığın regional çərçivədən qlobal müstəviyə keçidi sürətləndirir.
Bakı ilə Astana arasında qurulan strateji tərəfdaşlıq enerji resurslarının səmərəli istifadəsini və nəqliyyat-logistika imkanlarının genişləndirilməsini də şərtləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq təkcə ikitərəfli müstəvidə deyil, həm də regional inteqrasiyanın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq enerji təhlükəsizliyi, eləcə də nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində yeni əlverişli imkanlar açır.
Hər iki ölkə türk dünyasının ayrılmaz hissəsi kimi TDT çərçivəsində qarşılıqlı fəaliyyəti getdicə gücləndirir. Dövlət başçılarının mütəmadi görüşləri, imzalanan strateji sazişlər və birgə proqramlar bu münasibətlərin davamlılığını reallaşdırır, tərəflər arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində razılaşmaları gerçəkləşdirir, siyasi sabitlik və iqtisadi tərəqqiyə mühüm töhfə verir.
Göründüyü kimi, Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın əsas lokomotivlərindən sayılır. Hazırda təşkilatın gündəliyində nəqliyyat əlaqələrinin vahidləşdirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması, vahid enerji bazarının təşkili kimi strateji məsələlər dayanır. Məsələn, TDT çərçivəsində yaradılan “Orta Dəhliz Koordinasiya Şurası”nın fəaliyyəti Azərbaycan və Qazaxıstan arasında logistika əməkdaşlığını daha sistemli edir. Bundan başqa, türk dünyasında vahid sənaye zonalarının təşkili ideyası da müzakirə mövzusudur ki, bu da hər iki ölkə üçün yeni imkanlar aça bilər.
Azərbaycan və Qazaxıstan dünyanın ən zəngin enerji daşıyıcıları ehtiyatlarına malik ölkələr sırasındadır. Qazaxıstan Xəzər hövzəsində hasil olunan neft və qazın böyük hissəsini ixrac edir. Azərbaycanın neft-qaz infrastrukturu isə bu məhsulların dünya bazarına çıxarılması üçün mühüm tranzit imkanları yaradır. Yuxarıda vurğulandığı kimi, hazırda Qazaxıstanın xam neftinin bir hissəsi Bakı – Tbilisi – Ceyhan (BTC) kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Bu əməkdaşlıq həm Azərbaycanın tranzit imkanlarını artırır, həm də Qazaxıstanın ixrac marşrutlarının diversifikasiyasına şərait yaradır.
Eyni zamanda, “yaşıl” enerji sahəsində əməkdaşlıq da yeni perspektivlər açır. Günəş və külək enerjisi potensialına malik hər iki ölkənin bu sahədə birgə layihələrlə enerji keçidinə töhfə verəcəyi proqnozlaşdırılır. Azərbaycanın “yaşıl” enerji zonası konsepsiyası və Qazaxıstanın bərpaolunan enerji sahəsində artan investisiya cəlbediciliyi gələcəkdə ortaq platformaların yaranmasına imkan verir.
Azərbaycan – Qazaxıstan əməkdaşlığının mühüm sütunlarından biri də Orta Dəhliz layihəsidir. Çin – Avropa istiqamətində yükdaşımaları təmin edən bu marşrut Qazaxıstandan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya qədər uzanır. Orta Dəhliz yalnız tranzit imkanlarını genişləndirmir, həm də yeni iqtisadi zonaların inkişafına təkan verir. Bakı və Astananın bu layihədə birgə fəaliyyəti logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə müşayiət olunur.
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Aktau dəniz limanı arasında yükdaşımaların həcmi artmaqdadır. Bu, həm Azərbaycan, həm də Qazaxıstan üçün əlavə gəlir mənbəyi olmaqla yanaşı, bütövlükdə regionun iqtisadi təhlükəsizliyini möhkəmləndirir. Azərbaycan – Qazaxıstan ticarət dövriyyəsində son illərdə sabit artım dinamikası nəzərə çarpır. Respublikamız dost ölkədən əsasən taxıl, metal, kimya sənayesi məhsulları alır, əvəzində isə neft məhsulları, maşınqayırma və kənd təsərrüfatı məhsullarını ixrac edir.
Ticarət həcminin genişlənməsi üçün biznes forumların keçirilməsi, sərmayə layihələrinin dəstəklənməsi və qarşılıqlı investisiya təşviqi mexanizmlərinin qurulması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, əlavə biznes imkanlarının yaradılması hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. İki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərən digər bir məqam da dost Qazaxıstan tərəfindən işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşasıdır. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi də Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni imkanlar yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.
Azərbaycan və Qazaxıstanın beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilməsinə xidmət edən “Rəqəmsal İpək yolu” layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər də xüsusi önəm daşıyır. Bununla bağlı vurğulamaq yerinə düşər ki, “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.
Vaqif BİNYATOĞLU
XQ