İlham Əliyevin sülh doktrinası

post-img

Qlobal diplomatiyada gerçək paradiqma

Müasir beynəlxalq münasibətlər sistemində bir həqiqət danılmaz olaraq qalır: Dünyanı xaosdan sabitliyə çıxaran amil liderlik müdrikliyidir. Bunu təsdiq edən əsas faktorlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasıdır. O, XXI əsrin qlobal böhranlar dövründə milli maraqlara söykənən, amma qlobal məsuliyyət daşıyan xarici siyasət modelinin müəllifidir.

Bu gün beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindədir. Liberal nizamın tənəzzülü, çoxqütblü güc balansının formalaşması və regional konfliktlərin intensivləşməsi beynəlxalq sabitliyi sistemli şəkildə sarsıdır. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, Asiya və Afrikada uzanan böhran zəncirləri göstərir ki, dünya artıq əvvəlki qaydalarla idarə edilə bilmir. Ənənəvi siyasi modellər köhnəlir, institutlar funksional çevikliyini itirir, bir çox dövlətlər isə strateji planlaşdırma qabiliyyətindən məhrum qalır. Bütün bunların kökündə bir reallıq dayanır: populizmin cazibəsi uzunmüddətli strateji məsuliyyətin yerini tutur, nəticədə dövlətlər taktiki qazancların arxasınca gedərək strateji uduşlardan imtina edirlər.

Məhz belə bir qlobal qeyri-müəyyənlik mühitində İlham Əliyevin siyasi davranışında fərqli bir model formalaşıb – realist uzaqgörənliyə, sistemli sabitliyə və daxili həmrəyliyə əsaslanan idarəetmə tərzi. Onun liderlik konsepsiyası nə güc nümayişinə, nə də ritorik populizmə söykənir. Onun siyasətinin mahiyyəti milli maraqları beynəlxalq hüququn çərçivəsində qorumaq, daxildə sabitliyi təmin etməklə xaricdə etibarlı tərəfdaş imicini formalaşdırmaqdır.

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi normativ diplomatiyanın, hüquqi legitimliyin və etibarlı tərəfdaşlıq prinsipinin sintezidir. O, beynəlxalq münasibətlərdə reallığı danmayan, amma ədaləti inkar etməyən bir xətt qurdu. Azərbaycanın regionda vasitəçi kimi çıxış etməsi, müxtəlif qarşıdurma tərəfləri ilə dialoq yaratmaq təşəbbüsləri də bu reallığın təzahürüdür.

Deməli, İlham Əliyevin rəhbərlik modeli qlobal anarxiya şəraitində dövlət idarəçiliyinin rasional və məsuliyyətli nümunəsini təqdim edir. Modelin dayağı müdriklikdir. Yəni qısamüddətli emosional qərarların deyil, uzunmüddətli strateji hesablamaların üstün tutulması. Dünya nizamının qeyri-sabitliklə çalxalandığı bir zamanda bu yanaşma Azərbaycanın təkcə regional sabitliyin təminatçısı deyil, həm də yeni beynəlxalq nizamın formalaşmasında fəal iştirakçıya çevrilməsinə imkan verir.

* * *

İlham Əliyevin formalaşdırdığı sülh diplomatiyası konsepsiyası müasir beynəlxalq münasibətlərdə unikal hadisə kimi dəyərləndirilə bilər. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq təkcə öz ərazi bütövlüyünü bərpa edən və ya regional sabitlik uğrunda çalışan bir dövlət deyil, həm də qlobal sabitlik fəlsəfəsini ixrac edən aktor kimi çıxış edir. İlham Əliyevin sülh yanaşması klassik diplomatiyanın çərçivələrini aşır, çünki burada sülh, sadəcə, münaqişənin dayandırılması kimi deyil, dayanıqlı nizamın qurulması, ədalətin institusional formaya salınması və qarşılıqlı etimadın sistemli şəkildə möhkəmləndirilməsi kimi təqdim olunur.

Dövlət başçısının sülh siyasətinin təməlində ilk növbədə milli maraqla beynəlxalq hüquq arasında qurulmuş unikal balans dayanır. Azərbaycan heç bir geosiyasi blokun tərkib hissəsi deyil və eyni zamanda, heç birinə qarşı da yönəlmir. İlham Əliyevin diplomatik strategiyası dövlətin suverenliyini qlobal əməkdaşlıqla uzlaşdırmağa, müstəqil qərarvermə hüququnu beynəlxalq öhdəliklərlə sinxronlaşdırmağa əsaslanır. Bütün bu amillər Azərbaycanın həm regional, həm də beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan verir.

İlham Əliyevin sülh konsepsiyası “reallıq üzərində qurulan ədalət” anlayışına söykənir. Qarabağ münaqişəsinin həlli prosesi bu baxımdan parlaq nümunədir. Uzun illər beynəlxalq hüquq sənədlərində tanınan, amma praktik səviyyədə icra olunmayan ədalət İlham Əliyevin rəhbərliyi ilə praktik reallığa çevrildi. Əslində, bu, beynəlxalq hüququn deklarativ prinsiplərdən konkret dövlət siyasətinə çevrilməsi idi. İlham Əliyev göstərdi ki, sülh yalnız kompromislər və ya təzyiqlər hesabına deyil, haqq, hüquq və güc balansının düzgün idarə olunması ilə mümkündür. Həmin model postmünaqişə dövrü üçün yeni presedent yaratdı: sülh ədalətsizlik üzərində yox, reallıq üzərində qurulmalıdır.

Bakı artıq təkcə regional oyunçu deyil, həm də qlobal diplomatik vasitəçi statusu qazanıb. Yaxın Şərqdə baş verən hadisələr, Misir və ABŞ kimi dövlətlərin İlham Əliyevə göstərdiyi etimad, Azərbaycanın beynəlxalq sammitlərdə oynadığı konstruktiv rol bunu açıq göstərir. Bakı indi müxtəlif mədəniyyətlərin və maraqların qovuşduğu neytral diplomatik mərkəz funksiyasını daşıyır.

Dövlət başçısının siyasi kursunun gücü ondadır ki, o, qarşıdurmaları ideoloji çərçivələrdə deyil, praktik reallıqlar və qarşılıqlı maraqlar üzərində həll etməyi təklif edir. İlham Əliyevin sülh diplomatiyası, əslində, qlobal səviyyədə “stabilizasiyanın ixracı” modelidir. O, dövlətləri qarşıdurmadan uzaqlaşdıraraq ortaq təhlükəsizlik və ədalət maraqları ətrafında birləşməyə çağırır.

Beləliklə, bu doktrinanın məğzi üç istiqamətdə formalaşır: suverenlik və beynəlxalq hüququn sintezi, sülhün reallığa əsaslanması və Bakının qlobal dialoq mərkəzinə çevrilməsi. İlham Əliyev bu modeli müasir dünya üçün alternativ sülh fəlsəfəsi kimi təqdim edir.

* * *

Donald Trampın BMT Baş Assambleyasında İlham Əliyevi “böyük lider və dost” kimi xarakterizə etməsi reallığın qəbulunun siyasi etirafı idi. Tramp özü “reallıq siyasəti” konsepsiyasının tərəfdarı kimi tanınır və bu baxımdan onun İlham Əliyevə verdiyi qiymət praktik liderlik fəlsəfəsinin tanınmasının ifadəsi idi.

Trampın siyasi dünyagörüşü qlobal romantizmdən uzaqdır. ABŞ prezidenti beynəlxalq münasibətləri dəyərlər və idealizmlər müstəvisində deyil, güc, maraq və nəticə parametrləri əsasında dəyərləndirir. İlham Əliyevin diplomatiyası da məhz bu realizm fəlsəfəsinin Cənubi Qafqazdakı tətbiqidir. Fərq ondadır ki, o, bu modeli strateji məsuliyyət və balanslı rasionalizm çərçivəsində inkişaf etdirir, reallığı dövlətçilik düşüncəsinin idarəetmə prinsipinə çevirir.

Balanslı realizm Azərbaycan diplomatiyasını fərqləndirən əsas keyfiyyətdir. İlham Əliyev göstərir ki, dövlət siyasəti nə idealizmin emosional enerjisi, nə də gücün kor impulsu ilə idarə olunmalıdır. Əksinə, məsuliyyətli dövlətçilik və praktik realizm birlikdə milli maraqları qoruyur, sülhün davamlılığını təmin edir və beynəlxalq nüfuzu möhkəmləndirir.

Trampın “böyük lider” ifadəsi bu mənada bir liderin digərinə verdiyi reallığın təqdiridir. Bütün bu amillər XXI əsrin xaotik və post-liberal beynəlxalq mühitində İlham Əliyevin fərqli liderlik modelinin – müdrik realizmin və strateji məsuliyyətin – qəbul olunduğunun simvoludur.

* * *

Yaxın Şərq və İslam dünyası kontekstində Prezident İlham Əliyevin siyasəti Azərbaycan diplomatiyasını qlobal balansın formalaşmasında təsirli aktora çevirib. İlham Əliyevin bu regiona mənəvi məsuliyyət və strateji rasionalizmin sintezi üzərində dayanan nadir diplomatik model əsasında yanaşır.

Azərbaycanın İsraillə strateji tərəfdaşlığı ilə yanaşı, Fələstin xalqının hüquqlarına açıq və prinsipial dəstək göstərməsi bu siyasətin bünövrəsini təşkil edir. Bununla İlham Əliyev göstərir ki, müasir dünya siyasətində tərəf tutmaq yox, dəyərli tarazlıq yaratmaq əsasdır. O, reallığın diktəsinə boyun əymədən, ədalətin universal prinsiplərinə söykənərək həm siyasi, həm də mənəvi legitimlik qazanır. Onun Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə səsləndirdiyi “ədalətli sülh” çağırışı bu siyasətin konseptual ifadəsi idi. Fələstin dövlətinin yaradılmasını “beynəlxalq ədalətin bərpası” kimi səciyyələndirən lider İslam dünyasının emosional ritorikasını rasional siyasi təklifə çevirdi.

* * *

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı irəli sürdüyü təklif, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daimi üzvlük yerinin ayrılması ideyası da qlobal ədalətsizliklərə verilmiş siyasi cavab kimi dəyərləndirilməlidir. Dövlət başçımız, əslində, mövcud qlobal nizamın struktur problemlərinə toxunur: beynəlxalq qərarvermə sistemində səsi eşidilməyən xalqların və regionların təmsilçiliyinin olmaması müasir dünyanın böhranlarının əsas mənbələrindən biridir.

İlham Əliyev bu təkliflə göstərdi ki, qlobal sistemdə sabitlik yalnız hərbi balansla deyil, nümayəndəlik balansı ilə də qorunur. İƏT-in BMT Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinin təmini inkişaf etməkdə olan dövlətlərin maraqlarını ifadə edir.

Dünyada güc mərkəzləri dəyişir, siyasi çəkilər yenidən paylanır, amma qərarverici institutlar hələ də keçmişin balansına əsaslanır. İlham Əliyevin təklifi bu disbalansı aradan qaldırmaq, beynəlxalq nizamı XXI əsrin reallığına uyğunlaşdırmaq cəhdidir. Müxtəlif ideoloji və mədəni qütblər arasında etimad mühitinin qurulması Azərbaycanın yeni diplomatik brendinə çevrilib.

Son olaraq isə qeyd edək ki, İlham Əliyevin sülh doktrinası müasir beynəlxalq münasibətlərdə liderlik müdrikliyinin və dövlət məsuliyyətinin yeni standartını müəyyənləşdirir və XXI əsr siyasətinə strateji istiqamət verən təlimə çevrilir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət