Dost və qardaş dövlətlərin yeni təhlükəsizlik arxitekturası qurulur
Siyasətdə sözlərin çəkisi onların arxasındakı iradənin gücü və reallığa çevrilmə sürəti ilə ölçülür. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi təşkilat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və birgə hərbi təlimlərin keçirilməsi zərurəti barədəki bəyanatı o zaman bəziləri üçün uzaq perspektivin diplomatik konturları kimi görünürdü. Lakin bugünün geosiyasi reallığı göstərir ki, həmin sözlər Avrasiyanın güc xəritəsini yenidən cızan konkret fəaliyyət planının anonsu imiş. Bu gün Mərkəzi Asiyanın poliqonlarında Bakı, Astana, Bişkek, Daşkənd və Düşənbənin xüsusi təyinatlı qüvvələrinin birgə təlimlərə başlaması Zirvə görüşündə səslənən siyasi iradənin polada və barıta çevrilməsinin təcəssümüdür. Bu, ortaq təhdidlər və strateji zərurət qarşısında polad iradənin doğulmasıdır. Poliqonlarda səslənən atəş səsləri, əslində, beynəlxalq arenaya yeni güc mərkəzinin daxil olmasının diplomatik siqnalıdır.
Üç mərhələdən ibarət və mürəkkəb proseslər üzrə keçirilən təlimlər öz mahiyyəti etibarilə TDT-nin təkamülündə yeni səhifə açır. Dövlət sərhədinin mühafizəsinin və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, mühasirəyə alınaraq zərərsizləşdirilməsi və məhv edilməsi kimi tapşırıqlar regionun üzləşdiyi real və potensial təhdidlərin dəqiq diaqnozudur. Əsas diqqətin iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı əlaqənin və birgə əməliyyatlar keçirmə bacarığının təkmilləşdirilməsinə yönəldilməsi birliyin real döyüş şəraitində vahid sistem kimi fəaliyyət göstərməyi hədəflədiyini sübut edir. Bu, artıq Türk birliyinin konkret hərbi-strateji əməkdaşlıq platformasına keçidinin dönməzliyini təsdiqləyir. Bu, Türk dünyasının öz təhlükəsizliyinin qarantı roluna iddiasının ilk praktiki addımıdır. Hərbi inteqrasiyanın beynəlxalq təsirini anlamaq üçün onun cərəyan etdiyi geosiyasi konteksti dərindən anlamaq lazımdır. Birincisi və ən əsası, təlimlər postsovet məkanında yeni reallığın yarandığı dövrə təsadüf edir. TDT çərçivəsində hərbi yaxınlaşma strateji gedişdir. Türk dövlətləri dünyaya mesaj verirlər ki, onlar artıq öz təhlükəsizliklərini təmin etmək üçün kənar qüvvələrə möhtac qalmaq fikrindən uzaqdırlar və regionun taleyini özləri həll etmək iqtidarındadırlar.
İkinci mühüm amil Azərbaycan və Türkiyənin bu prosesdə oynadığı aparıcı roludur. 44 günlük müharibədə qazandığı tarixi Zəfər və ordusunu Türkiyə modeli əsasında, NATO standartlarına uyğun şəkildə modernləşdirməsi ilə region üçün yeni hərbi etalona çevrilən Bakının döyüş təcrübəsi və müasir hərbi texnologiyaları tətbiqetmə bacarığı Mərkəzi Asiya respublikaları üçün son dərəcə cəlbedici modeldir. Türkiyə isə TDT-nin hərbi güc və texnoloji potensial baxımından ən qüdrətli üzvü və eyni zamanda, NATO-nun ikinci ən böyük ordusuna malik ölkə kimi prosesə strateji dərinlik qazandırır. Türkiyənin PUA texnologiyaları, hərbi təlim metodikası və müdafiə sənayesi, bütün Türk dünyasının hərbi potensialını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq gücündədir. Beləliklə, Bakı–Ankara hərbi-strateji xətti TDT məkanına yayılan təhlükəsizlik şəbəkəsinin sütununu təşkil edir.
Təlimlərin tərkibinə diqqət yetirdikdə son dərəcə maraqlı və strateji əhəmiyyətli bir nüans ortaya çıxır: Tacikistanın iştirakı. Tacikistan etnik və linqvistik baxımdan Türk dünyasına mənsub olmasa da, onun bu hərbi əməkdaşlıq formatına qoşulması TDT-nin təhlükəsizlik konsepsiyasının sırf etnik prinsiplərlə məhdudlaşmadığını, daha praqmatik və sintezyönümlü olduğunu göstərir. Əfqanıstanda cərəyan edən proseslər radikalizm və terrorizm təhlükəsi, narkotrafik marşrutları Tacikistan üçün birbaşa ekzistensial təhdiddir. Düşənbə anlayır ki, bu təhdidlərlə təkbaşına və ya effektivliyini itirmiş KTMT çərçivəsində mübarizə aparmaq çətindir. Məhz bu səbəbdən, o, öz təhlükəsizliyini təmin etmək üçün qonşu və eyni təhdidlərlə üzləşən Türk dövlətləri ilə əməkdaşlığa üstünlük verir.
Bu hərbi əməkdaşlığın beynəlxalq arenadakı təzahürləri çoxşaxəlidir. Yeni formalaşan güc mərkəzi Qərb üçün həm imkanlar, həm də müəyyən çağırışlar yaradır. Azərbaycan və Türkiyənin Qərblə olan strateji tərəfdaşlığı bu blokun tamamilə anti-Qərb mövqeyi tutmayacağına təminat yaradır. Digər tərəfdən isə Qərb bu birliyin müstəqil siyasət yürütməsindən və bəzi məsələlərdə maraqlarını Qərbin maraqlarından üstün tutmasından ehtiyat edə bilər. Lakin reallıq ondan ibarətdir ki, TDT-nin güclənməsi Avrasiyada güc balansını çoxqütblü edir, bu da Qərbə yeni diplomatik manevr imkanları açır.
TDT çərçivəsində keçirilən və Prezident İlham Əliyevin siyasi iradəsi ilə gündəmə gətirilən birgə hərbi təlimlər cəsarətli bir gedişdir. Bu, Türk dövlətlərinin öz talelərinə sahib çıxmaq, təhlükəsizliklərini özlərinin təmin etmək və beynəlxalq münasibətlər sistemində müstəqil qütb kimi çıxış etmək iradəsinin dönməzliyini nümayiş etdirir. Prosesin gələcəkdə tamhüquqlu hərbi-siyasi ittifaqa çevrilib-çevrilməyəcəyini zaman göstərəcək. Lakin bir şey aydındır: Türk dünyasının hərbi oyanışı beynəlxalq güc balansında yeni reallıq yaradır.
Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik
Türk Dövlətləri Təşkilatının yaranması prosesi Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük səyləri və fəal mövqeyi ilə sıx bağlıdır. Əgər bu təşkilat Azərbaycan torpaqlarının işğalı zamanı mövcud olsaydı, bəlkə də ərazimiz uzun illər işğal altında qalmazdı. Həmin dövrdə Azərbaycan təkbaşına düşmənlə üz-üzə qalmış, beynəlxalq aləmdə isə kifayət qədər dəstək görməmişdi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq səviyyədə üzləşə biləcəyi risklərə baxmayaraq, Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək mühüm rol oynadı. Qardaş ölkənin bu mövqeyi Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesini sürətləndirdi və çoxsaylı təhlükələrin qarşısını aldı.
Prezident İlham Əliyev təşkilat çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. O, Türk dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürərək, bu məsələnin geosiyasi reallıqlardan irəli gəldiyini qeyd etmişdi. Müasir dövrdə təhlükəsizlik prioritetlərinin dəyişməsi və beynəlxalq münasibətlər sistemində yeni risklərin meydana çıxması Türk Dövlətləri Təşkilatının da maraqlarını qorumaq üçün müdafiə və təhlükəsizlik tədbirlərini ön plana çəkməsini zəruri edir. Qısa müddət ərzində təşkilata üzv dövlətlərin birgə təlimlər keçirməsi, xüsusən də Azərbaycan və Türkiyənin bu prosesdə aparıcı rol oynaması regionun sabitliyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Artıq bölgədə yeni güc balansı formalaşır, uzaq coğrafiyalarda yerləşən qüvvələr regiona təsir imkanlarını genişləndirməyə çalışırlar. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da aktuallaşır. Bu prosesdə qardaş Türkiyənin inkişaf etmiş hərbi-sənaye kompleksi xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycanın da güclü ordusu, inkişaf etmiş müdafiə sənayesi və döyüş meydanlarında qazandığı zəfərlər təşkilatın təhlükəsizlik potensialını daha da gücləndirir.
Y.YAQUBOĞLU
XQ