Paşinyan qətiləşdirir – Ermənistana yeni konstitusiya!

post-img

“Əsas qanun” yolunda parlament seçkiləri sınağı

Niyə yeni konstitusiya, konstitusion dəyişikliklər yox? Ermənistanın baş naziri Nikol Paşinyan dövlət qulluqçularının iştirakı ilə keçirilmiş toplantıdakı çıxışında suala cavab verməyə çalışıb və fikrini əsaslandırıb. Yazımızda onun bu baxımdan nələri vurğuladığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə bir neçə məqamın üzərində dayanaq.

***

Birinci məqam odur ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi həmişə qabardılıb. Son dövrlər bu, daha çox Azərbaycanın tələbi şəklində müzakirəyə çıxarılmaqdadır və məsələdə məntiq var. Çünki ölkəmiz artıq neçə müddətdir ki, erməni əsas qanununa dəyişikliklərin vacibliyini Cənubi Qafqazdakı sülh mühitinin etibarlılıq təminatı baxımından önə çəkməkdədir. Azərbaycan rəsmiləri, o cümlədən Prezident İlham Əliyev mütəmadi olaraq bildirir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var.

Məlum olduğu kimi, Ermənistan konstitusiyası ölkənin 1990-cı ildə qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsindən istinad yükünə malikdir. Həmin bəyannamənin preambulasında isə bildirilir ki, Ermənistan SSR Ali Soveti eyni zamanda bu qurumun və “Dağlıq Qarabağın Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanaraq” müstəqil dövlətin yarandığını bəyan edir. Sənəddə, həmçinin, “Ermənistan Respublikasının 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınması işini dəstəklədiyi” vurğulanır.

Göründüyü kimi, “Dağlıq Qarabağ” ifadəsi Azərbaycana, “Qərbi Ermənistan” ifadəsi isə Türkiyəyə qarşı ərazi iddiasıdır. Azərbaycan dövləti bu kimi halların yolverilməzliyini bildirir və Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün sözügedən müddəaların aradan qaldırılması şərtini irəli sürür. Digər tərəfdən, rəsmi İrəvan “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınmasının ölkənin xarici siyasət prioritetindən çıxdığını açıqlayır. Deməli, mənasız iddialarla vidalaşmağın vaxtı çatıb. Bunun yolu isə erməni əsas qanununun İstiqlaliyyət Bəyannaməsi buxovundan qurtulmasından keçir.

İkinci məqam odur ki, baş nazir N.Paşinyan indiyədək də Ermənistana yeni konstitusiyanın vacibliyinə dair fikirlər səsləndirib. Məsələn, o, 2024-cü ilin yanvarında Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə mövzuya toxunaraq vurğulamışdı. “Ədliyyə naziri ilə bir-iki işgüzar söhbət zamanı qeyd etdim ki, mənim fikrimcə, eləcə də, bir sıra həmkarlarımın fikrincə, Ermənistanın konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyacı var və bu, daha geniş müzakirə obyektinə çevrilməlidir”, - deyən Paşinyan əlavə etmişdi ki, yeni geosiyasi və regional şəraitdə ölkənin onu daha rəqabətli və həyatqabiliyyətli hala gətirəcək konstitusiyası olmalıdır. Ermənistana “heç kimin şübhə etmədiyi” əsas qanunun zəruriliyinə dair fikirlərini bölüşən Nikol onu da bildirmişdi ki, dünya çox yüksək sürətlə dəyişir və ona görə də gələcəyə strateji baxış suveren, hüquqi, demokratik və sosial dövlət anlayışına uyğun qurulmalıdır.

Əlbəttə, N.Paşinyan həmin çıxışında yeni konstitusiyanın hazırlanması və ona keçid üçün hansısa zaman çərçivəsini göstərməmişdi. Amma indi baş nazir daha detallı danışıb və deyib ki, referendum 2026-cı ilin parlament seçkilərindən sonra olmalıdır. Məsələyə qayıdacağıq. Hələlik xatırladaq ki, 2024-cü ilin iyununda “Azadlıq” radiostansiyasının erməni xidməti Paşinyanın hökumətə 2026-cı il dekabrın 30-dək yeni konstitusiya layihəsini hazırlamağı və onu təsdiqləməyi tapşırdığına dair məlumat yaymışdı. Xəbərdə, həmçinin, 2022-ci ildə yaradılmış konstitusiya islahatları şurasının əsas qanuna dəyişikliklər layihəsini hazırladığı vurğulanmışdı: “Konsepsiyanın ilkin variantı bu ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni konstitusiya layihəsinin hazırlanmasını tapşırır. Qərarda “konstitusiyaya dəyişikliklər” əvəzinə, “yeni konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

Bundan başqa, 2025-ci ilin yanvarında Ermənistanın ədliyyə naziri Srbui Qalyan 2024-cü ilin yekununa həsr olunmuş mətbuat konfransında ölkənin yeni konstitusiya mətninin 2026-cı il seçkilərinə qədər hazır olacağını vurğulamış, məsələnin mühüm əhəmiyyət daşıdığını demişdi. Doğrudur, nazirin əsaslandırması, müəyyən mənada, lokal səciyyə daşımışdı: “İnsan hüquqlarının müdafiəsi strategiyası nöqteyi-nəzərindən əsasən milli azlıqlarla bağlı ayrı-seçkiliyin aradan qaldırılması üzrə qanunvericilik işlənib hazırlanmalıdır”.

***

Qeyd edək ki, ümumən başa çatmaqda olan ili Ermənistanda konsititusiya ilə bağlı fəal müzakirələrin getdiyi zaman kəsiyi kimi dəyərləndirmək mümkündür. Məsələn, Paşinyan mart ayında ölkənin İctimai Televiziyasına müsahibəsində demişdi ki, 2027-ci ildə yeni konstitusiyanın qəbulu üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir. “Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkretləşdirmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional və qlobal təsiri olmaya bilməz”.

Erməni baş nazir builki açıqlamalarının birində, eyni zamanda, yeni konstitusiya layihəsi üzərində işin getdiyini də demiş və bildirmişdi ki, sənəd hazır olduqdan sonra referenduma gediləcək. O, rəhbərlik etdiyi hökumətin mövcud istiqamətdə gündəliyinin mövcudluğunu və işlərin 2027-ci ilə qədər yekunlaşacağını diqqətə çatdırmışdı: “Hazırda yeni konstitusiya layihəsi üzərində işləyirik. O, hazır olanda, yəqin ki, referendum keçirəcəyik. Amma bunun prosesə (Azərbaycanla sülh prosesinə - red.) heç bir aidiyyəti yoxdur. Hərçənd, strateji baxımdan təsiri ola bilər”.

Onu da bildirək ki, Paşinyan yeni konstitusiya ritorikasına bu ilin sentyabrında daha ətraflı şəkildə izahat vermişdi. O, məsələnin institusional əhəmiyyət daşıdığını əsaslandırarkən demişdi ki, əsas qanunla bağlı islahatlar xalqla ölkənin hüquq sistemi arasında üzvi əlaqə yaratmalıdır. Nikolun sözlərinə görə, 1995-ci ildən bəri xalqın 50+1 faizi heç bir konstitusiya referendumuna getmədiyi halda mövcud konstitusiyanın lehinə səs verilib.

Fikirlərini bir qədər də genişləndirən Paşinyan Ermənistandakı hazırkı hüquq sisteminin erməni xalqına nifrət bəslədiyini də vurğulamışdı: “Konstitusiya nədir? İnsanlar seçki məntəqəsinə gedib öz səsləri ilə müəyyən edirlər, notarial qaydada təsdiqləyirlər ki, biz ölkədə necə yaşayacağıq. Hesab edirəm ki, bu islahatlar olmadan baş nazir də daxil olmaqla, problemləri həll edə bilmərik. Ermənistanda məhkəmə sistemi xalqdan qaynaqlanmır, xalqla məhkəmə arasında əlaqə kəsilib. Nəhayət, bu problemdən qurtulmalıyıq. Problemi aradan qaldırmayınca, bir çox fundamental məsələləri həll edə bilməyəcəyik”.

***

Qeyd etdiyimiz kimi, N.Paşinyan bir neçə gün əvvəlki açıqlamasında Ermənistanın yeni konstitusiyasının qəbulu ilə bağlı referendumun 2026-cı ilin parlament seçkilərindən sonra keçirilməsindən söz açıb və fikrini belə əsaslandırıb: “Bu, ona görə lazımdır ki, siyasi qüvvələr məsələ ilə bağlı öz mövqelərini ictimaiyyətə çatdıra bilsinlər və artıq çoxluğun səsini qazanmış qüvvənin mövqeyi yeni konstitusiya layihəsinin formalaşdırılmasında həlledici əhəmiyyət kəsb edəcək”.

O zaman Nikolun səsləndirdiyi və əvvəldə diqqətə çatdırdığımız suala keçid alaq. Aydındır ki, erməni baş nazir mövzunu yeni konstitusiya zərurəti şəkildə qoymaqla, habelə “Ermənistan üçün yeni siyasi məzmun, yeni düşüncə, yeni siyasi və dövlət doktrinası” məntiqini qabartmaqla, əsas qanunun dövlətin hərəkəti üçün aerodinamikanı təmin etməli olduğunu bildirməklə, təşəbbüsünə ideoloji məzmun verir. Bu məzmun Nikolu və rəhbərlik etdiyi hökuməti tənələrdən sığortalayır. Çünki erməni müxalifəti dayanmadan Azərbaycanın tələbinin yerinə yetirilməsi, iqtidarın bu tələb qarşısında acizliyi ritorikasını tirajlayır. Paşinyan və tərəfdarları isə məsələnin heç də belə olmadığını sübuta yetirməyə çalışır.

Sonda onu da bildirək ki, hələlik Ermənistanın yeni konstitusiyasının necə bir məzmun daşıyacağı qeyri-müəyyəndir. Yəni bilmək olmaz ki, gələcəkdə referendum yolu ilə qəbulu planlaşdırılan əsas qanunda Azərbaycanın narahatlıqları nəzərə alınacaq, yoxsa yox. Üstəlik, Paşinyanın və komandasının əvvəlcə 2026-cı il seçkilərində uğur qazanması lazımdır. Uğur olmadan heç nə mümkün deyil və görünür, Paşinyan bunu nəzərə alır. Hər halda, referendum istəyini seçki qalibi tərəf reallaşdıra bilər. Deməli, qalır gələnilki prosesin nəticəsini gözləmək.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət