Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu

post-img

Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Forumda BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Polat Safi çıxış ediblər. Çıxışlarda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər beyin mərkəzləri arasında əməkdaşlığın iki ölkənin xarici siyasətinə analitik dəstəyin artırılmasına xidmət etdiyini bildiriblər.

AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən birinci sessiyada Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə edilib.

Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları təhlil olunub. Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən ikinci sessiyada Türk Dövlətləri Təşkilatında inteqrasiyanın perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub.

Müzakirələrdə deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç iştirak ediblər.

Paneldə Türk Dövlətləri Təşkilatı daxilində siyasi, iqtisadi, humanitar inteqrasiya və institusional əməkdaşlıq perspektivləri təhlil olunub. Həmçinin Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətlər və institusional əlaqələrin gücləndirilməsi müzakirə edilib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovun moderatorluğu ilə keçirilən üçüncü sessiyada nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycan və Türkiyənin enerji diplomatiyasında yeni istiqamətlər müzakirə edilib.

Müzakirələrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak ediblər.

Sessiya çərçivəsində Zəngəzur dəhlizi, Trans-Xəzər marşrutu və enerji kommunikasiyalarında qarşılıqlı əlaqələr dəyərləndirilib. Həmçinin regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə edilib.

Forumda hər iki ölkənin beyin mərkəzlərinin ortaq cəhətləri vurğulanıb. Ekspertlər Azərbaycan və Türkiyənin analitik qurumlarının eyni regional prioritetlərə malik olduğunu, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyduqlarını bildiriblər.

Qeyd olunub ki, iki ölkənin beyin mərkəzləri arasında tədqiqat gündəliyi böyük ölçüdə üst-üstə düşür və bu əməkdaşlıq regiondakı proseslərin daha dərindən təhlilinə imkan yaradır. Bu platformanın təşkil edilməsi region üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan–Türkiyə intellektual əməkdaşlığı regional sabitlik və təhlükəsizlik baxımından yeni sinerji yaradır, TDT çərçivəsində vahid strateji yanaşmaların formalaşmasına, eləcə də Cənubi Qafqazda sülh və inkişaf modelinin möhkəmlənməsinə töhfə verir.

Tədbirin yekununda iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və növbəti forumların mütəmadi keçirilməsi müzakirə olunub.

XQ







Son xəbərlər