Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır

post-img

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinə hazırlıq çərçivəsində həm siyasi komandasında, həm də ölkədəki ictimai və təhlükəsizlik sahələrində ciddi dəyişikliklər həyata keçirir. Hazırkı deputatların böyük hissəsinin yeni siyahıya daxil edilməyəcəyi gözlənilir, parlamentdəki “Mülki müqavilə” fraksiyasının təxminən 80 faizi yenilənəcək. Yeni siyahı “Real Ermənistan” adı altında təqdim olunacaq və seçicilərə köhnələrin həll edə bilmədiyi problemlərin yeni kadrlar tərəfindən həll ediləcəyi mesajı verilir. Bu, Paşinyanın həm seçici auditoriyasına, həm də siyasi rəqiblərinə yönəlmiş açıq mesajdır.

Paşinyan həmçinin hakim komandası üçün yeni etik kodeks tətbiq edib. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə aqressiv ritorikadan çəkinmək tövsiyə olunur. Bildirilir ki, bu addım həm siyasi mədəniyyətin yüksəldilməsinə xidmət edir, həm də seçkiqabağı imici yaxşılaşdırmaq məqsədi daşıyır. Etik standartların tətbiqi, stabil idarəetmə və qanunçuluq görüntüsü yaratmaq baxımından vacib hesab olunur. Paşinyan bu təşəbbüslə həm də komandasının davranışını nəzarət altında saxlayır, ictimaiyyət qarşısında məsuliyyətli və səmərəli idarəçilik nümunəsi göstərir.

Eyni zamanda, Paşinyan ölkədə “təsir agentləri” adlandırdığı şəbəkələrin fəaliyyətinə diqqət çəkir. Onun fikrincə, bu qruplar yalnız siyasi sahədə deyil, dini strukturlar və müxtəlif ictimai institutlarda da təsir göstərib. Onun sözlərinə görə, aparılan araşdırmalar onların yenidən təşkilatlanmaq cəhdlərini ortaya çıxarıb və hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınıb. Buna uyğun olaraq bir sıra cinayət işləri açılıb, maliyyə mənbələri və əlaqə kanalları məhkəmə mərhələsinə çatdırılıb. Paşinyan xüsusilə sovet dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş bəzi din xadimlərinin varislərinin neytrallaşdırıldığını vurğulayaraq, təhlükəsizlik baxımından ciddi addımlar atıldığını açıqlayıb.

Bu açıqlamalar Erməni Apostol Kilsəsindəki daxili münasibətləri və dövlət–kilsə əlaqələrini də gündəmə gətirib. Rusiya və Novo-Naxçıvan yeparxiyasının rəhbəri, arxiyepiskop Yezras Nersisyanın “KQB” agenti olmaqda ittiham edilməsi ölkədə geniş rezonans yaradıb. Hökumət tərəfdarları hesab edir ki, təsir şəbəkələrinin aşkarlanması və onların neytrallaşdırılması ölkənin suverenliyini qorumaq baxımından vacibdir. Siyasi fonu daha da gərginləşdirən digər bir məsələ isə “Müqəddəs mübarizə” hərəkatının üzvlərinə qarşı irəli sürülən ittihamlardır. Hərəkatın 18 üzvü “terror aktına hazırlıq və hakimiyyəti ələ keçirmə cəhdi” ittihamı ilə məhkəmə qarşısındadır, arxiyepiskop Baqrat Qalstanyanın həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. Radikal dini və siyasi qrupların neytrallaşdırılması isə daxili qeyri-sabitliyi azaldır, ölkədə ictimai təhlükəsizliyi gücləndirir və regiondakı riskləri aşağı salır. Bütün bu tədbirlər Paşinyanın daxili siyasi mövqelərini möhkəmləndirməklə yanaşı, onu qanun və nizamı qoruyan lider kimi göstərir. Həm də seçici auditoriyasına güclü və təhlükəsiz idarəçilik imici verir.

Eyni zamanda, Ermənistanda konstitusiya dəyişiklikləri və parlament seçkilərinin yeni qaydada keçirilməsi də diqqət mərkəzindədir. Qeyd edək ki, Ermənistanda konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra keçirilməlidir. Qarabağla bağlı bəndi ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad çıxarıldıqdan sonra sülh müqaviləsini imzalanması gözlənilir.

Ermənistanın yeni konstitusiyasında qalib partiyanın parlamentdə çoxluq təşkil edə bilməyəcəyi təqdirdə təkrar seçki keçirilməsi barədə müddəanın təsbit olunması planlaşdırılır. Yeni layihəyə görə, parlamentdə qalib gəlmiş partiya çoxluq əldə edə bilməsə, təkrar seçkilər keçiriləcək. Əgər ikinci cəhdlərdən sonra da çoxluq formalaşmasa, ikinci tur mexanizmi işə düşəcək. Bu addım siyasi stabilliyi qorumaq və hökumət formalaşdırmaqda problemin qarşısını almaq məqsədi daşıyır.

Layihə həmçinin parlamentin funksionallığını artırmaq üçün bir sıra struktur dəyişikliklərini nəzərdə tutur. Komissiyaların səlahiyyətləri genişləndiriləcək, parlamentin özünü buraxma proseduru sadələşdiriləcək və etik komissiya yaradılacaq. Bu komissiya parlament üzvlərinin davranış standartlarını izləyəcək və etik normaların qorunmasını təmin edəcək.

Ümumiyyətlə, Paşinyanın parlament seçkisinə hazırlığı yalnız siyasi rəqabətdə üstün mövqe qazanmaqla məhdudlaşdırmır. Onun tədbirləri həm də regionda təhlükəsizliyi və siyasi stabilliyi qorumağa yönəlmiş strateji təşəbbüslərin bir hissəsi kimi görünür. Yeni kadrlar, etik standartlar və idarəetmə islahatları seçicilərin inamını artırır, təsir agentlərinin neytrallaşdırılması və radikal qrupların zəiflədilməsi isə Paşinyanın geosiyasi mövqeyini gücləndirir. Bu addımlar sərhəd təhlükəsizliyini təmin edir, diplomatik mövqeləri möhkəmləndirir və regionda riskləri azaldır.

Beləliklə, Ermənistan daxilində həm siyasi ritorikanın yumşaldılması, həm “təsir agentləri” ilə mübarizə, həm də konstitusiya islahatları ciddi transformasiya görüntüsü yaradır. Lakin Azərbaycan üçün əsas məsələ bu proseslərin real nəticələrinin regiondakı güc balansına, sərhəd təhlükəsizliyinə və sülh gündəliyinə necə təsir edəcəyidir. Ermənistanın daxili parçalanması və siyasi qütbləşməsi Azərbaycanın mövqelərini gücləndirir, hüquqi dəyişikliklərin gündəmə gətirilməsi və revanşist dairələrin zəifləməsi isə Bakı üçün strateji üstünlük təmin edir.

Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq

Paşinyanın parlament seçkiləri ərəfəsində apardığı genişmiqyaslı kadr yenilikləri, yeni siyasi komandanın formalaşdırılması, etik kodeksin tətbiqi onun seçkiyə daha nizamlı, mərkəzçi və “yenilənmiş hökumət” obrazı ilə getmək strategiyasının bir hissəsidir. Bu addımlar daxili narazılıqları yumşaltmaq və siyasi sistem üzərində nəzarəti gücləndirmək məqsədi daşıyır.

Eyni zamanda, Paşinyan “təsir agentləri” və radikal dini-siyasi qruplara qarşı hüquqi tədbirləri çərçivəsində seçkiqabağı təhlükəsizlik ritorikası ilə önə çıxır. O, ictimaiyyətə “təhlükəsizliyi təmin edən lider” mesajı verir. Bu, Paşinyanın seçkiqabağı nüfuzunu artırmağa və seçicilərin etimadını qazanmağa xidmət edir.

Kilsə daxilindəki mübahisələr, Yezras Nersisyan və “Müqəddəs mübarizə” hərəkatı ilə bağlı ittihamlar hökumətin suverenliyi qoruyan aktor kimi təqdim olunmasına xidmət edir. “Təsir agentləri” və radikal qrupların istər siyasi, istər dini institutlar daxilində hökumətin nüfuzuna təsirini azaldır. Bunu bir cümlədə kilsə–dövlət münasibətlərində yeni balans yaratmağa yönəlmiş addımlar kimi də ifadə edə bilərik. Onlara qarşı tədbirlər Paşinyana daxili siyasi rəqabətdə üstün mövqe qazandırır və daxili sabitlik üçün potensial təhdidləri azaldır. Bununla Paşınyan istər daxili auditoriyaya, istərsə də xarici tərəfdaşlara Ermənistanın sərt, amma nəzarət altında olan siyasət yürütməsini nümayiş etdirir.

Konstitusiya dəyişikliklərində nəzərdə tutulan ikinci tur mexanizmi, parlament komissiyalarını gücləndirilməsi və özünü buraxma prosedurunun sadələşdirilməsi Paşinyanın gələcək hakimiyyət arxitekturasını daha sabit və nəzarətli modellə təmin etməsinə hesablanıb. Bu islahatlar siyasi proseslərdə sobatajların qarşısını almaqla yanaşı, icra hakimiyyətlərinin üstün mövqelərini möhkəmləndirir.

Azərbaycanın maraqları baxımından Ermənistan daxilindəki bu transformasiya həm risklər, həm də imkanlar açır. Daxili parçalanma və radikal qrupların zəifləməsi Bakının mövqelərini gücləndirsə də, Paşinyanın təhlükəsizlik ritorikasının sərtləşməsi danışıqlar prosesinə təsir edə bilər. Çünki başlatdığı proses onun “güclü lider” imicini formalaşdırır. Bu isə öz növbəsində ona güzəştləri çətinləşdirməyə həvəsləndirə bilər.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət